Modern.az

Bələdiyyələrin borc yükü milyonlarla ölçülür - Deputat

Bələdiyyələrin borc yükü milyonlarla ölçülür - Deputat

Parlament

9 Fevral 2026, 15:07

Bələdiyyə məsələləri haqqında qanun qəbul edilməlidir. 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin iclasında deputat Kamran Bayramov deyib.

O qeyd edib ki, ölkə miqyasında bələdiyyələrin fəaliyyəti ilə bağlı təkliflər, çatışmazlıqlar və nöqsanlar açıq şəkildə qabardılır.

"Hesab edirəm ki, daha vacib olan məsələ bələdiyyələrin inkişafına mane olan problemlərin dərindən təhlil olunmasıdır. Əgər məsuliyyətdən yayınan, yaxud fəaliyyətində zəiflik göstərən bələdiyyələrlə bağlı konkret çətinliklər sistemli şəkildə ortaya qoyularsa, bu, ümumi inkişaf üçün daha faydalı olar.

Xüsusilə vurğulamaq lazımdır ki, bu gün bələdiyyələrin inkişafına mane olan əsas problemlərdən biri şəhərlərin qeyri-bərabər inkişafıdır. Bəzi şəhərlərdə inkişaf prosesi daha sürətli getsə də, digərlərində bu proses xeyli ləngiyir. Bu isə ümumi regional balansın pozulmasına səbəb olur”.

K.Bayramov onu da qeyd edib ki, son illərdə, təxminən iki il əvvəl bələdiyyələrin borc yükü kəskin şəkildə artıb və bu məbləğlər artıq milyonlarla ölçülür:
"Qarşıda keçiriləcək bələdiyyə seçkiləri fonunda bu məsələ daha da актуallaşır. Çünki bələdiyyələrin maliyyə vəziyyəti onların vətəndaşlara göstərdiyi xidmətlərin keyfiyyətinə birbaşa təsir edir".

K.Bayramov deyib ki, bələdiyyələrə dotasiyaların verilməsi mexanizmi və meyarları yenidən nəzərdən keçirilməlidir.

"Xüsusilə böyük şəhərlərlə kiçik yaşayış məntəqələri arasında maliyyə bölgüsündə ciddi fərqlər mövcuddur. Böyük şəhərlərə ayrılan vəsaitlər bəzən təxirə salınır, digər ərazilərdə isə əhali səviyyəsində ciddi maliyyə çatışmazlıqları yaranır. Kiçik bələdiyyələrdə, kəndlərdə və qəsəbələrdə bu vəziyyət daha kəskin hiss olunur.
Düşünürəm ki, maliyyə resurslarının bölgüsündə daha ədalətli və şəffaf mexanizmlər tətbiq edilməlidir. Çünki hazırkı vəziyyət bəzi ərazilərdə inkişafı sürətləndirdiyi halda, digərlərində onu ciddi şəkildə ləngidir. Bu isə ümumilikdə bələdiyyə institutunun funksionallığına mənfi təsir göstərir.
Son illərdə bələdiyyələrə ayrılan subsidiya və dotasiyaların sayı kifayət qədər azdır. Halbuki hər il milyonlarla manat vəsait ayrılır, lakin bu vəsaitlərin bölgüsü və istifadəsi ilə bağlı effektivlik arzuolunan səviyyədə deyil. Kənd və ucqar ərazilərdə bu vəziyyət xüsusilə daha aydın görünür” – deputat sonda qeyd edib.

Sizə yeni x var
Keçid et
ABŞ qırıcıları İranla sərhəddə hərəkətə keçdi