Ölkə əhalisinin yaşa görə statistikası Azərbaycan əhalisinin cavan olduğunu göstərir. 2026-ci ildə 18 yaşadək olan uşaqların sayı 2 milyon 730 min nəfər olub. Rəqəmlər təkcə demoqrafik deyil, həm də təhlükəsizlik əhəmiyyəti daşıyır. Dövlətimizin uzunmüddətli perspektivdə insan potensialı güclüdür.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Zahid Oruc deyib. Deputat qonşu ölkələrlə Azərbaycandakı demoqrafik durumu müqayisə edib.
"Müqayisə üçün, Ermənistan əhalisi təxminən 2,95 milyon nəfərdir. 2025-ci ildə doğulan uşaqların sayı 23 min nəfər olub ki, 2024-lə müqayisədə azalma deməkdir. Gürcüstanda 2024-cü ildə 39 min doğulan uşaq qeydə alınıb. Əhalinin 100 nəfərinə düşən uşaqlar (0-18 yaş)-2025 üzrə Azərbaycanda 27 faizini, Ermənistanda 19 faizini, Gürcüstanda isə 20.2 faizini təşkil edir. Göründüyü kimi, əhalinin müvafiq nisbətinə görə Cənubi Qafqazda liderlik Azərbaycana məxsusdur".
Sosial Tədqiqatlar Mərkəzinin 2025-ci ildə keçirdiyi sorğunun nəticələri müzakirə olunan layihənin qiymətləndirilməsi üçün çox əhəmiyyətlidir, çünki uşaqların müasir ailə-cəmiyyət münasibətlərində yeri hər gün dəyişir. Zahid Oruc uşaqların asudə vaxtının təşkili ilə bağlı mövzuya toxunub.
"Sorğuların nəticələri göstərir ki, 34.9 faiz uşaqların, məktəbli yeniyetmə və gənclərin formalaşması üçün dərsdənkənar fəaliyyəti yoxdur. Demək olar ki, təqribən hər 3 respondentdən biri əlavə fəaliyyətlə məşğul olmur. Məktəbli respondentlərin müntəzəm qaydada istifadə etdikləri fəaliyyət sahələri dil kursları (14,4 %), olimpiya və digər idman mərkəzləri (7,4 % və 13,4 %), kitabxanalar (11,4 %) və digər sahələrdir. Yaradıcı və şəxsi inkişaf mərkəzlərinə maraq və aktivlik aşağıdır".
Deputat "İdrak" liseyindəki hadisəyə də toxunub.
"İdrak litseyindəki olayda müəllimi əvvəlcədən günahkar çıxaranlarla əsla razılaşmaq olmaz. Çünki müəllim dövlətin sütunudur, millət qurucusudur, onun savadlı gələcəyinin memarıdır. Müəllimin nüfuzu sarsılarsa, nizam pozular, ən kiçik mübahisədə öyrədənini haqsız və günahkar çıxaran xalqın gələcəyi ola bilməz. Silahlı zorakılığa haqq qazandırmaq, onu normalaşdırmaq deməkdir, bizə Qərb məktəblərindəki qətliamları nümunə göstərməkdir. Siyasi sistemi, qlobal biznes dünyası uşaq hannibalarının hakimiyyəti altında olan sümürgən qüvvələr Azərbaycan dövlətini son 30 ildə insan haqlarını və demokratiyanı pozmaqda günahlandırırdılar.
Yalnız test sisteminə arxalandığımız və repetitorluqdan keçən gənc müəllimləri irəli çəkib 65 yaşı tamam olan kimi təhsil sistemindən kənarda qoyduğumuz, Makarenko təlimi görmüş müdrik pedaqoqlara gəlin, yenidən qiymət verək".
Zahid Orucun fikrincə, uşaqların çətinləşən qəbul imtahanları fonunda nəinki asudə vaxta, normal fiziki qidlana bilməyən və psixoloji keçid mərhələsində olan yeniyetmələri repetitorlara məhkum etməyin nəticələrinin dərin elmi araşdırmlarla təhlil edilməli olduğunu deyib.
"İnternet və sosial mediadan asılılıq mövzusu indi bir nömrəli məsələyə çevrilib. Valideynlərin əhəmiyyətli hissəsinin sosial medianı uşaqlar üçün zərərli hesab etməsinə baxmayaraq, məktəbyaşlı övladı olan ailələrin çoxunda uşaqlar faktiki olaraq, sosial mediadan istifadə edir. Respondentlər arasında məktəbyaşlı övladı olanların 63.5%-i övladının sosial mediadan istifadə etdiyini, 36.5%-i etmədiyini bildirir.
Sorğunun nəticələrinə əsasən, məktəbyaşlı uşaqların ən çox istifadə etdiyi sosial media platformaları kimi ilk sıralarda "YouTube" (69.1%), "WhatsApp" (47.9%) və "TikTok" (33.0%) qərarlaşır. Başqa sözlə, uşaqlar video və mesajlaşma yönümlü platformalardan istifadə edir. Orta və aşağı səviyyədə istifadə olunan platformalar kimi "Instagram" (19.1%), "Snapchat" (9.6%), "Facebook" (8.5%), "Telegram" (5.3%), "X" (Twitter - 2.1%) növbəti yerlərdə dayanır.
Uşaqların 18.1%-i sosial mediada gündəlik təqribən 5 saat və daha çox vaxt keçirir. Onların 24.5%-i sosial mediaya gündəlik 3-4 saat, 31.9%-i 1-2 saat və 22.3%-i 1 saatdan az vaxt ayırır.
Yeri gəlmişkən, süni zəka texnologiyaları ilə yayılan qısa videoçarxlar - reels, shorts və s. uşaqlara zorakılığı təlqin edir, silah və kriminal submədəniyyətlər aşılayır, aqresivliyi normalaşdırır. "Qanuni oğrular" və avtoritetlər Vətən müharibəsi qəhrəmanlarından daha çox təbliğ edilir. Halbuki minlərlə istedadlı uşaqların uğur hekəyələrini tirajlamaq Zəfərimizi təhsildə davam etdirmək deməkdir.
Sorğuya cəlb edilən şagird respondentlərin yalnız 10.5%-i son 3 ildə məktəb psixoloquna müraciət etdiyini və bunun ona faydasının olduğunu bildirib. 86.4% respondent ehtiyac duymadığına görə məktəb psixoloquna müraciət etməyib. Lakin məktəb psixoloqlarını hazırlayan təhsilin özünü gücləndirmək xüsusi bir vəzifədir.
“Uşaq hüquqları haqqında” qanun barədə məlumatlılıq səviyyəsi 52,6%-dir, məlumatsız kəsim rəyi öyrənilənlərin 47,4%-ni təşkil edir. Rəyi öyrənilənlərin 62,2%-i məktəbdə onun hüquqları haqqında məlumat verilən fənnin tədris olunduğunu qeyd etdiyi halda, hər dörd respondentdən biri (29,7%) əks mövqedə qərarlaşıb. Uşaqların müdafiəsi və hüquqlarının qorunması üçün yaradılan “Uşaq Qaynar Xətt” xidməti ilə bağlı məlumatlılıq səviyyəsi respondentlərin 48,6%-ni təşkil edir, əks mövqedə qərarlaşanlar ümumi rəyi öyrənilənlərin 51,4%-ni əhatə edir.
Beləliklə, həm hüquqi, həm təhsil, həm də psixoloji və sosioloji tranformasiya qarşısında olan uşaqların hüquqlarının qorunmasına xidmət edən yeni layihə, onların təhlükəsiz, sağlam və savadlı gələcəyini təmin edəcəyinə inanırıq", - o deyib.