Modern.az

Bəzi valideynlər uşaq qidasına ayrılan vəsaiti repetitorlara yönəldir - DEPUTAT

Bəzi valideynlər uşaq qidasına ayrılan vəsaiti repetitorlara yönəldir - DEPUTAT

Parlament

10 Fevral 2026, 13:37

Azərbaycanda uşaqların boy göstəriciləri orta Avropa göstəricilərindən aşağıdır və təəssüf ki, bu tendensiya davam edir. Şübhəsiz, burada genetika mühüm rol oynayır. Səhiyyə xidmətinin keyfiyyəti və fiziki aktivlik də önəmlidir. Lakin bütün bunlarla yanaşı, ən həlledici amil qidalanmadır.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib. 

Deputat qeyd edib ki, uşaqların zəruri vitaminlərlə və yüksək kalorili qida ilə təmin olunması sahəsində ölkədə ciddi problemlər mövcuddur. Buna görə də məktəblərdə uşaqlara yemək verilməsinə, həm də keyfiyyətli qida ilə təminata real ehtiyac var. Dövlət ailələrə müəyyən sosial yardımlar göstərir, lakin bir çox hallarda valideynlər bu vəsaiti uşaqların qidalanmasına yönəltmirlər.

“Mən dəfələrlə bildirmişəm ki, bəzi valideynlər uşaqların normal qidalanması üçün ayrılmalı olan vəsaiti azaldaraq, gələcəkdə ali məktəblərə qəbul olunsunlar deyə, onları repetitorlara yönəldirlər. Orta təhsil formal olaraq pulsuzdur, lakin faktiki olaraq repetitorsuz universitetə daxil olmaq demək olar ki, mümkün deyil”.
Q. Həsənquliyev məktəblərin ətrafında “qəzet köşkü” adı altında faktiki olaraq siqaret satıldığını da deyib. 
“Məktəblərin yaxınlığındakı kafe və çayxanalarda uşaqlara spirtli içkilər təqdim olunur, qəlyan satışı həyata keçirilir. Halbuki mövcud qanunvericilik bu halları qadağan edir. Təəssüf ki, müvafiq dövlət orqanları tərəfindən bu istiqamətdə real tədbirlər görülmür”- o vurğulayıb.

Qüdrət Həsənquliyev “İdrak” liseyində baş verən insidentlə bağlı da danışıb:
“Təhlükəsizliklə bağlı digər ciddi məsələ son vaxtlar “İdrak” liseydə baş vermiş ağır cinayət hadisəsidir. Mətbuatda oxuduqlarıma əsasən, məktəb rəhbərliyinin həmin şagirdin zorakılığa meyilli olduğunu bildirilir, onun zorakılığı təbliğ edən materialları internet üzərindən digər uşaqlarla paylaşdığı qeyd olunurdu. Məktəb rəhbərliyi valideynlərə məlumat verdiyini deyib, lakin niyə hüquq-mühafizə orqanlarına, xüsusən də təhlükəsizlik xidmətlərinə məlumat verilmədiyi aydın deyil.
Video görüntülərdə də görünür ki, şagird çiynində silahla məktəbə daxil olur, lakin təhlükəsizlik xidmətinin əməkdaşları buna lazımi reaksiya vermir, polisə məlumat ötürülmür. Bu cür hallar bullinq adlanır və artıq beynəlxalq termin kimi qəbul edilib. Məktəblərdə psixoloji cəhətdən zəif və ya fiziki imkanları məhdud olan uşaqların incidilməsi sonradan daha ağır nəticələrə, hətta cinayət meyillərinə gətirib çıxara bilər.

Bu səbəbdən hesab edirəm ki, belə hallarda təkcə valideynlərə məlumat vermək kifayət deyil. Mütləq şəkildə hüquq-mühafizə orqanlarına məlumat verilməli, həmin uşaqlar xüsusi nəzarətə götürülməlidir".

Deputat uşaq əməyindən də danışıb.

"Toxunmaq istədiyim başqa bir məsələ uşaq əməyinə aiddir. Qanunvericiliyə əsasən, uşaqlar on beş yaşına qədər ağır işlərə cəlb oluna bilməz. Lakin on beş yaşına çatmış və işləmək istəyən uşaq bu işi necə tapsın? Bunun üçün xüsusi bir portal yaradılmalı, məşğulluq idarələri bu sahədə məqsədli şəkildə fəaliyyət göstərməlidir. Dövlət orqanları gənclərin əmək bazarına təhlükəsiz və qanuni şəkildə çıxışına real dəstək verməlidir” - o sonda qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Çörək bahalaşdı, pensiyalar bu qədər artır - Xəbəriniz Var?