Modern.az

Meksika-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu yaradıldı - FOTOLAR

Meksika-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu yaradıldı - FOTOLAR

Parlament

11 Fevral 2026, 12:50

Meksika Deputatlar Palatasında Meksika-Azərbaycan Dostluq Qrupunun geniştərkibli təsis iclası keçirilib.

Modern.az xəbər verir ki, iclasda Meksika–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun yaradılmasının ölkələrimiz arasında daha sıx əməkdaşlıq əlaqələrinin qurulmasına və gələcək üçün müsbət gündəmin formalaşdırılmasına töhfə verəcəyi vurğulanıb.

Meksika və Azərbaycanın coğrafi baxımdan bir-birindən uzaq olmasına baxmayaraq, ölkələrimiz arasında münasibətlərin dostluq, bərabərlik və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığı qeyd olunub. Tədbirin Meksika ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 34-cü ildönümünə – 10 fevrala təsadüf etdiyi xüsusi vurğulanıb.

Meksikanın Qarabağ məsələsində ölkəmizin mövqeyini açıq və prinsipial şəkildə dəstəkləməsi yüksək qiymətləndirilib. Azərbaycanın ərazi bütövlüyünə və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyinə göstərilən bu dəstəyin münasibətlərimizin siyasi etimad səviyyəsini əhəmiyyətli dərəcədə gücləndirdiyi qeyd olunub. Bu mövqenin yalnız siyasi baxımdan deyil, həm də beynəlxalq ədalət və məsuliyyət prizmasından böyük əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.

İclasda həmçinin regionda yaranmış yeni sülh mühitindən, 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş görüşün əhəmiyyətindən, regionda dayanıqlı sülhün real xarakter alması prosesindən söz açılıb. Meksikanın Cənubi Qafqaz regionunda sülhün bərqərar olunmasına yönəlmiş səyləri ümidlə qarşıladığı vurğulanıb.

İclas çərivəsində Meksika-Azərbaycan Dostluq Qrupunun təsisi ilə bağlı müvafiq memorandum imzalanıb.

Sonra Azərbaycanda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) həsr olunmuş videoçarx nümayiş etdirilib.

Meksika Deputatlar Palatasının həyətində “Azərbaycan Respublikası Milli Məclisi və Meksika Deputatlar Palatası arasında parlamentlərarası əməkdaşlıq və dostluğun simvolu” kimi zeytun ağacı əkilib.

Sizə yeni x var
Keçid et
Pezeşkiandan xalqa ÇAĞIRIŞ - Hazır olun, çevriliş ola bilər