Modern.az

Fəzail Ağamalı jurnalistlərin yaddaşında necə QALDI...

Fəzail Ağamalı jurnalistlərin yaddaşında necə QALDI...

Parlament

12 Fevral 2026, 08:55

Azərbaycan siyasətinin tanınan simalardan biri - Ana Vətən Partiyasının (AVP) keçmiş sədri, Milli Məclisin sabiq deputatı Fəzail Ağamalı 79 yaşında, uzunsürən xəstəlikdən sonra vəfat edib. O, 1995-ci ildən 2024-cü ilədək parlamentdə təmsil olunmaqla ən stajlı deputatlardan biri kimi tarixə düşüb.

Uzun illər parlament tribunasından səsləndirdiyi fikirləri və mübahisəli açıqlamaları ilə gündəmdə qalmağı bacaran Fəzail Ağamalının özünəməxsus üslubu vardı.

Onun çıxışları, müsahibələri və ictimai-siyasi fəaliyyəti bir çox müzakirələrə, fikirlərin toqquşmasına səbəb olmuşdu: bu da mərhum siyasətçini məhz medianın baxış bucağından diqqət mərkəzində saxlayırdı.

Altı dəfə deputat mandatına sahiblənməş mərhum Ağamalı jurnalistlər üçün də əlçatan siyasətçi idi. Onun  jurnalistlərin yaddaşında qalmasının bir səbəbi də mediaya  bu cür münasibəti idi - Ağamalı mətbuatla daim açıq dialoqda olur, tez-tez müsahibələr verir və ictimai sualları cavanlandırırdı.

Maraqlıdır, sağlığında Fəzail Ağamalı ilə ünsiyyətdə olmuş, siyasətçidən müsahibələr almış jurnalistlər onu daha çox hansı xüsusiyyətləri ilə xatırlayırlar?

Modern.az saytı bu sualla stajlı jurnalistlərə müraciət edib.
 



“Yeni Müsavat” qəzetinin parlament müxbiri Elşad Paşasoy bildirib ki, Fəzail Ağamalı haqqında danışarkən ilk növbədə onun uzun illər Azərbaycan siyasətində fəal iştirakını qeyd etmək lazımdır:

“O, Milli Məclisin altı çağırış deputatı olub və parlamentin fəal millət vəkillərindən biri kimi fərqlənib. Cari məsələlərin və gündəlikdə duran mühüm mövzuların müzakirəsi zamanı tez-tez çıxış edir, təşəbbüslər irəli sürməklə diqqət çəkirdi.

Eyni zamanda, mətbuat camiəsı, xüsusilə parlament jurnalistləri üçün əlçatan deputatlardan idi. İstənilən məsələnin müzakirəsi ilə bağlı ona müraciət edildikdə, mövqeyini açıq şəkildə ifadə edirdi. Bu mənada Azərbaycan mediası onun timsalında dəyərli bir müsahib və ekspertini itirdi. Ruhu şad olsun.

Fəzail Ağamalının Azərbaycan dövlətinə və dövlətçiliyinə bağlılığı heç kimdə şübhə doğurmurdu. O, hər zaman milli mövqedən çıxışları ilə seçilib. Azərbaycan hakimiyyətinə sədaqəti də birmənalı olaraq hər kəsin gözü önündə idi. Hər zaman hakim Yeni Azərbaycan Partiyasının rəhbərliyini və ölkə rəhbərliyini müdafiə edib. Parlament fəaliyyəti dövründə hökumətin hesabatı zamanı sərt fikir səsləndirən bir həmkarına (eks-deputat Hüseyn Abdullayev-red.) qarşı kəskin reaksiyası olmuş və həmin qalmaqal hətta məhkəmələrə qədər gedib çıxmışdı.

Ümumiyyətlə, fəaliyyəti boyunca onun sərt və emosional münasibətləri ilə rastlaşdığımız hallar olub. Bəzən müsahibələrində də emosiyalarının çərçivəni aşdığı məqamlar müşahidə edilirdi. Bununla belə, o, milli azadlıq hərəkatının iştirakçılarından biri olub, Xalq Cəbhəsinin sıralarında fəaliyyət göstərib. Sonrakı dövrdə mövqelərin uzlaşmaması səbəbindən ayrılaraq Ana Vətən Partiyasını təsis edib və 35 ildən artıq müddətdə partiyaya rəhbərlik edib” .

E.Paşasoy həmçinin vurğulayıb ki, mərhum deputat Azərbaycanın ictimai-siyasi sferasında özünəməxsus yeri olan şəxslərdən biri idi:

“Təbii ki, fərqli fikirlər və bir sıra hallarda doğru hesab etmədiyim yanaşmalar da var ki, bu da təəssüf doğuran hallardır. Lakin hesab edirəm ki, Azərbaycan siyasi mədəniyyət baxımından yüksək standartları həyata keçirməyə qadir olan ölkədir. Dövlətimizin tarixi və ictimai-siyasi zənginliyi də buna imkan verir.

Bu baxımdan, istər sağlığında, istərsə də vəfatından sonra hər hansı şəxs haqqında səsləndirilən tənqidi fikirlər "qırmızı xətt"i keçməməli, polemika və dialoq müstəvisində qalmalıdır. Dünyasını dəyişmiş insan haqqında həddi aşan ifadələrin işlədilməsi doğru deyil. Çünki həmin şəxs artıq cavab vermək imkanına malik deyil. Azərbaycan zəfər qazanmış, beynəlxalq aləmdə mövqeyi güclənən bir dövlətdir və ictimai diskussiyalarda da bu səviyyəyə uyğun davranış sərgilənməlidir”.

Jurnalistin sözlərinə görə, o, dəfələrlə Fəzail Ağamalıdan müsahibə alıb:

“Həmin müsahibələrimin ana xəttini torpaqlarımız işğal altında olduğu dövrdə Qarabağ mövzusu təşkil edirdi. O, həm Qarabağ məsələsində, eləcə də Qərbi Azərbaycan mövzusunda daim prinsipial mövqe sərgiləyirdi. Doğulduğu Qarakilsə bölgəsi ilə bağlı xüsusi həssaslığı vardı. Qarabağın azadlığından sonra tez-tez dilə gətirirdi ki, bir gün Zəngəzura və Qərbi Azərbaycana da səfər edəcəyimiz gün gələcək. İnanıram ki, bu arzular bir gün reallaşacaq və Qərbi Azərbaycan nisgili ilə dünyadan köçənlərin, o cümlədən Fəzail müəllimin də ruhu şad olacaq.

Bundan əlavə, son aylarda Ana Vətən Partiyası ətrafında baş verən hadisələrin - övladları arasında yaşanan qalmaqalın da onun səhhətində mənfi izlər buraxdığını düşünürəm. Özü də yaranmış vəziyyətin ağır olduğunu bildirirdi. Lakin hər insanın öz taleyi, qisməti var. Övladlarına və yaxınlarına səbr diləyirəm. Allah rəhmət eləsin!”.



Ölkə.az saytının əməkdaşı Mürtəza Bünyadlı Fəzail Ağamalını çoxdan- milli-azadlıq hərəkatı dövründən tanıdığını bildirib:

“Müsbət və mənfi, qəbul etdiyim və etmədiyim xarakterləri, hərəkətləri ilə yaddaşımda qalıb. Ən müxtəlif məsələlərlə bağlı çoxsaylı fikir mübadilələrimiz olub.

Jurnalistlərlə normal münasibəti olan siyasətçi idi. Hətta bir çox hallarda fikir mübadiləsi aparmaq və ya proselərlərlə bağlı fərqli informasiya almaq üçün “Siz jurnalistlər daha çox məlumatlısınız. Nə deyə bilərsiniz" sualını işlədərdi və fikir öyrənməyə çalışardı. Təbii ki, proseslə bağlı öz fikri olurdu, amma qarşı tərəfin də firkilərini arqument kimi dəyərləndirərdi və ya qəbul edərdi”.

M.Bünyadlının sözlərinə görə, mərhum eks-deputat eyni zamanda, parlamentdəki çıxışları və ya hərəkətləri ilə cəmiyyətdə gündəm yaradıb:

“Ən əsası odur ki, milli düşüncəyə malik insan idi. Jurnalistlərə açıq və səmimi idi. Cəmiyyətdə gedən proseslərlə bağlı öz fikirləri vardı”.



"Teleqraf" İnformasiya Agentliyinin redaktoru Qurban Yaquboğlunun fikrincə, Fəzail Ağamalı həm sovet dövründə, həm hərəkat illərində, həm də müstəqillik dönəmində siyasətlə məşğul olmuş, partiya qurmuş, dəfələrlə parlamentdə təmsil olumağı bacarmış bir Azərbaycan siyasətçisiydi:

“Xüsusən, 90-cı illərdə bir şair dostumuzun Ana Vətən Partiyasında sədr müavini vəzifəsi tutması Fəzail müəllimlə müəyyən kontaktlarımızın yaranmasına səbəb oldu.

Amma açığı, bir jurnalist və ya qələm adamı kimi Fəzail müəllim mənim cazibə dairəmdə olan siyasətçi və persona deyildi. Görünür, məhz bu səbəbdən onunla nə zamansa müsahibə aldığım yadıma gəlmir. Hansı suala hansı cavabı eşidə biləcəyin müsahiblə söhbət şəxsən mənə heç vaxt maraqlı gəlməyib.

Amma peşəkar siyasi çevrə üçün, görünür, onun öz funksiya və missiyasının xüsusi önəmi vardı deyə, həyatının sonuna qədər fəal siyasətdə oldu. Allah rəhmət eləsin!”.



Yenisabah.az saytının baş redaktoru İmdad Əlizadə bildirib ki, Fəzail Ağamalının saç-saqqalının ağarması jurnalistlərin şahidliyilə baş verib:

“O, parlamentə seçiləndə gənc idi, ən azı o dövr üçün gənc siyasətçi sayılırdı. Uzun illər Milli Məclisdə təmsil olunmaqla yanaşı, eyni zamanda parlamentin fəal deputatlarından biri kimi yadda qaldı. Partiya sədri, siyasətçi olaraq istər cari məsələlərin, istərsə də qanun layihələrinin müzakirəsində kifayət qədər aktiv mövqe nümayiş etdirirdi.

Səhhəti imkan verdiyi dövrlərdə mətbuata da açıq olub. Parlament jurnalistləri üçün əlçatan siyasətçilərdən sayılırdı”.

Müsahibimiz parlament jurnalisti kimi fəaliyyəti dövründə mərhum deputatla bağlı xatırladığı məqamlardan da bəhs edib:

“Mənim parlament jurnalisti kimi fəaliyyət göstərdiyim dövrlərdə onunla bağlı ən çox xatırladığım məqamlardan biri Milli Məclisin iclasında sabiq deputat Hüseyn Abdullayevlə əlbəyaxa davası idi. Dünyanın müxtəlif parlamentlərində deputatlar arasında qarşıdurmalar olur və biz bunun videolarını da görürük. Azərbaycan parlamentində baş vermiş bu nadir hadisə uzun müddət müzakirə edildi.

Onunla bağlı yadda qalan digər hadisə Ana Vətən Partiyasının sədrliyi uğrunda övladlarının qarşıdurması oldu. Qurultay zamanı baş verən mübahisəni əks etdirən video da yayıldı. Həmin görüntülərdə Fəzail müəllimin çıxışı və sərt reaksiyası geniş müzakirə olundu”.

İmdad Əlizadə Fəzail Ağamalını Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı tənqidi fikir bildirən siyasətçi kimi xatırlayır:

“Hazırda Ramiz Mehdiyevlə bağlı məsələlər də tez-tez gündəmə gəlir. Ramiz Mehdiyevin vəzifədə olduğu və mövqelərinin kifayət qədər möhkəm sayıldığı dövrdə onun əlayhinə danışan siyasətçilər az idi. Fəzail Ağamalı isə həmin dövrdə hökumət və hökumətyönlü çevrələr içərisində publik və açıq formada Ramiz Mehdiyevin fəaliyyətinə tənqidi münasibət bildirən siyasətçi kimi tanınırdı”.



“Cümhuriyət” qəzetinin baş redaktoru Rafail Becanov:

“Fəzail Ağamalı müstəqillik hərəkatında, dövlət və müstəqillik tarixində öz yeri olan siyasətçilərdən biridir. "Space" telekanalında, səhv etmirəmsə, 1997-ci ildə jurnalist-deputat olaraq gərgin müzakirəmiz olmuşdu. Bir-iki sərt sual vermişdim. Efirdə göstərdiyi təmkinlə də müzakirədən sonra "İçərişəhər" metrostansiyasının yanında bir xeyli maraqlı söhbət etmişdik.
Bir dəfə də Surət Hüseynovla olan toqquşmasından sonra partiyasının qərargahında keçirdiyi mətbuat konfransında eyni ton olmuşdu. Onda da suallara çox təmkinlə cavab vermişdi.
Siyasi mədəniyyəti yüksək olan, maraqlı adam idi. Allah rəhmət eləsin!”.
 



“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlının sözlərinə görə, Fəzail Ağamalı həm deputat, həm də partiya sədri kimi ictimai-siyasi proseslərdə həmişə fəal olub:

“O, parlamentin qanun yaradıcılığında müxtəlif təklif və təşəbbüslərlə çıxış edib. Eləcə də, ictimai-siyasi proseslərdə hər zaman dövlətçilik mövqeyindən çıxış edib, milli maraqlarımıza qarşı çıxan daxili və xarici qüvvələrə sərt mövqe nümayiş etdirib. Hətta yadımdadır ki, illər öncə onun təşəbbüsü ilə iqtidar və müxalifət partiyaları arasında görüş də keçirilib. Fəzail Ağamalı mediaya açıq olan siyasətçi idi. Allah rəhmət eləsin...”.
 



“Olaylar” qəzetinin əməkdaşı Alim Hüseynli
 Fəzail Ağamalını Azərbaycanın müasir parlament tarixində ən uzunmüddətli fəaliyyəti olmuş deputat kimi xatırlayır:

“O, ardıcıl olaraq altı çağırış Milli Məclisin deputatı seçilib. Yadımdadır ki, onun deputatlıq yolu hələ majoritar seçki sistemi əsasında müxtəlif seçki dairələrini əhatə edirdi. Fərqliliyi ondan ibarət idi ki, Fəzail müəllim respublikanın ən müxtəlif regionlarından namizədliyini irəli sürərək deputat seçilmişdi. Deputat kimi fəaliyyəti dövründə daim aktivliyi ilə seşilib. İstər seçicilərin problemlərinin həlli, istərsə də qanunvericilik sahəsində prinspial mövqe nümayiş etdirib. İqtidaryönümlü deputat olmasına baxmayaraq, mövcud problemləri qabartmaqdan çəkinməyib.
Paralel olaraq daim dövlətçilik mövqeyindən çıxış edib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, İntizam komissiyası sədrinin müavini vəzifəsini icra edib. Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi də fəaliyyət göstərib. Ümumilikdə fəal, sözünü birbaşa deyə bilən deputat kimi yadda qalıb”.


Fəaliyyəti dayanmış ANS telekanalının keçmiş əməkdaşı, “Xəzər” FM radiosundakı “Birinci şou” verilişinin aparıcısı Teymur Əliyev də onu jurnalistlər üçün əlçatan siyasətçi kimi xatırlayır:

“20 il qabaq ANS-də gündəlik siyasi tok-şou aparırdım. Canlı efir idi. Həm TV-də, həm də radioda. Bəzən olurdu ki, verilişə gəlməli olan qonaq son anda imtina edirdi, nəticədə efirin boş qalma təhlükəsi yaranırdı. Fəzail Ağamalı belə məqamlarda 4-5 xilaskardan biri idi. Son məqamda zəng edib, "Parlamentdəsiniz? Gəlin də, bizim efirə" xahişinə çox vaxt "gəlirəm!" deyirdi”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
HAZIRLIQ BİTDİ! İran belə VURULACAQ - Xəritə yayıldı