Azərbaycan Prezidenti cənab İlham Əliyevin ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatlar və imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiya iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir. Bu mərhələ artıq yalnız siyasi dialoqla məhdudlaşmır, iqtisadi inteqrasiya, enerji təhlükəsizliyi, nəqliyyat-logistika və yüksək texnologiyalar sahəsində dərin və institusional əməkdaşlıq modelini formalaşdırır. Cənab Prezidentin vurğuladığı kimi, dünyanın ən qüdrətli dövlətlərindən biri olan ABŞ ilə strateji tərəfdaşlıq Azərbaycan üçün böyük siyasi etimad göstəricisi olmaqla yanaşı, real iqtisadi imkanlar açan mühüm platformadır. Tramp–Vens administrasiyasının Azərbaycana müsbət münasibəti və altı ay ərzində intensiv danışıqlar nəticəsində hazırlanmış Strateji Tərəfdaşlıq Xartiyası ikitərəfli əməkdaşlığın uzunmüddətli yol xəritəsini müəyyən edir. Xartiyanın əsas iqtisadi dayaqlarından biri regional bağlantıların inkişafıdır. Azərbaycan Orta Dəhliz üzərində yerləşən strateji tranzit ölkə kimi ABŞ üçün Asiya–Avropa ticarətində etibarlı marşrut rolunu oynayır. Bu kontekstdə Prezident İlham Əliyevin xüsusi qeyd etdiyi Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsi regionun iqtisadi xəritəsini dəyişən təşəbbüs kimi qiymətləndirilir. TRIPP layihəsi təkcə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin etmir, eyni zamanda Cənubi Qafqaz vasitəsilə qlobal ticarət və logistika axınlarının genişlənməsinə xidmət edir. Azərbaycanın Ermənistanla tranzit məhdudiyyətlərini aradan qaldırması və enerji təchizatına başlaması regionda iqtisadi əməkdaşlıq və qarşılıqlı asılılıq modelinin formalaşdığını göstərir. ABŞ–Azərbaycan əməkdaşlığının iqtisadi sütunlarından biri enerji təhlükəsizliyidir. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycan öz təbii qazı ilə 16 ölkənin, o cümlədən NATO üzvü olan 11 dövlətin enerji təhlükəsizliyini təmin edir. Bu fakt Azərbaycanın qlobal enerji bazarındakı rolunu və ABŞ üçün strateji əhəmiyyətini açıq şəkildə nümayiş etdirir. Strateji Tərəfdaşlıq Xartiyası enerji əməkdaşlığını yalnız neft və qazla məhdudlaşdırmır. Elektrik enerjisi, interkonnektor layihələri, enerji marşrutlarının şaxələndirilməsi, mülki nüvə əməkdaşlığı və hətta kritik mineralların Orta Dəhliz vasitəsilə qlobal bazarlara çıxışı kimi istiqamətlər iqtisadi əməkdaşlığın miqyasını genişləndirir. Bu, Azərbaycanın enerji ixracatçısından regional enerji mərkəzinə çevrilməsi prosesini sürətləndirir. Yeni strateji mərhələnin ən mühüm iqtisadi komponentlərindən biri süni intellekt və rəqəmsal infrastruktur sahəsində əməkdaşlıqdır. ABŞ-ın aparıcı texnoloji şirkətləri ilə süni intellekt mərkəzlərinin yaradılması, data infrastrukturu, kibertəhlükəsizlik və innovasiya platformaları üzrə birgə layihələr Azərbaycanın qeyri-neft sektorunun inkişafına ciddi töhfə verə bilər. Xartiyada nəzərdə tutulan AI data mərkəzləri, tədqiqat və inkişaf mexanizmləri, startap ekosisteminin dəstəklənməsi və texnologiyaların kommersiyalaşdırılması Azərbaycanın regionda rəqəmsal iqtisadiyyat üzrə aparıcı mərkəzə çevrilməsi hədəfi ilə tam uzlaşır. Bu əməkdaşlıq eyni zamanda ABŞ üçün Xəzər regionunda texnoloji mövcudluğunu gücləndirmək baxımından əhəmiyyətlidir. İqtisadi inkişafın əsas şərtlərindən biri təhlükəsizlikdir. Xartiyanın təhlükəsizlik bölməsi müdafiə sənayesi, antiterror əməkdaşlığı, kibertəhlükəsizlik və humanitar minatəmizləmə sahələrini əhatə etməklə regionda dayanıqlı iqtisadi mühitin formalaşmasına xidmət edir. ABŞ-ın Azərbaycanın sülhməramlı fəaliyyətini yüksək qiymətləndirməsi və müdafiə sahəsində yeni səhifənin açılması iqtisadi əməkdaşlıq üçün risklərin azalması deməkdir. Prezident cənab İlham Əliyevin ABŞ vitse-prezidenti ilə birgə verdiyi mesajlar aydın göstərir ki, ABŞ–Azərbaycan münasibətləri artıq siyasi tərəfdaşlıqdan iqtisadi inteqrasiyaya doğru inkişaf edir. Tranzit, enerji, süni intellekt, sərmayə və təhlükəsizlik sahələrində formalaşan bu çoxölçülü əməkdaşlıq modeli Azərbaycanın regional və qlobal iqtisadi sistemdə mövqelərini daha da gücləndirir. Ceyms Devid Vensin səfəri və imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycanın etibarlı tərəfdaş, ABŞ üçün isə Cənubi Qafqazda əsas iqtisadi və geostrateji dayaq nöqtəsi olduğunu bir daha təsdiqləyir.
Tahir Mirkişili
Milli Məclisin deputatı