Su anbarlarında və ya sututarlarda toplanan çöküntülərin (qum, qum-çınqıl, gil), habelə tunellərin və ya keçidlərin tikintisi ilə əlaqədar yerin təkindən çıxarılan süxurların istifadəsinin yerin təkindən istifadənin növləri sırasına daxil ediləcək.
Modern.az-ın məlumatına görə, məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Yerin təki haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanununun layihəsində əksini tapıb.
Ölkəmizdə su ehtiyatlarının artırılması, əhalinin keyfiyyətli içməli su və suvarma suyu ilə təminatının yaxşılaşdırılması çərçivəsində mövcud su anbarlarının və sututarların təmizlənməsi nəzərdə tutulur ki, bu da həmin sututarlarda toplanmış milyonlarla kub metr qum, qum-çınqıl və gil tərkibli materialların çıxarılması və iqtisadi dövriyyəyə cəlb olunması ilə nəticələnəcək. Həmçinin ölkədə yol infrastrukturunun yaxşılaşdırılması çərçivəsində yolötürücü tunellərin tikintisi yer təkindən süxurların çıxarılması ilə nəticələnir. Sözügedən çöküntü və süxurların istifadəsinin hüquqi əsasının yaradılması onlardan istifadənin qanuniləşməsinə, hesabatlılığın təmin edilməsinə və rəqabət mühitinin təmin olunmasına xidmət etməsi məqsədi ilə yer təkindən istifadə sahəsində bir sıra qaydaların təsdiq edilməsinin hüquqi əsasının yaradılır:
yerin təkinin istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi qaydası;
qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki istifadəçilərinin fəaliyyətinin sağlamlaşdırılması tədbirlərinə dair qaydalar.
Qeyd edək ki, yerin təki istifadəyə icazə əsasında bu Qanun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada hərrac (auksion və ya müsabiqə) və birbaşa danışıqlar əsasında verilir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə yerin təkinin (qiymətli və əlvan metallar, qiymətli daş yataqları və təzahürləri istisna olmaqla) istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi hallarının siyahısı da təsdiq edilmişdir.
Təklif olunan dəyişikllik isə yerin təkinin istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi qaydasının təsdiq edilməsini nəzərdə tutur.
Yerin təkindən istifadənin növlərindən biri də dağ-mədən işləri ilə əlaqədar istehsal tullantılarından istifadə hüququnun verilməsidir. Təklif olunan dəyişikliyə əsasən bu hüquq müvafiq qaydaya uyğun olaraq veriləcək.
İşlərin aparıldığı ərazidə torpağın münbitliyinin və digər faydalı xassələrinin qorunması, bərpa edilməsi və yüksəldilməsi, o cümlədən ətraf mühitin vəziyyətinin yaxşılaşdırılmasıdır və bunun üçün yer təki istifadəçiləri həmin torpaqların rekultivasiya ( insan fəaliyyəti nəticəsində zədələnmiş və ya istifadəyə yararsız hala düşmüş torpaq sahələrinin bərpası) planını tərtib etməli və rekultivasiyanı da həmin plan əsasında təmin etməlidirlər.
Qeyd edək ki, ölkə üzrə faydalı qazıntı yataqlarının əhəmiyyətli hissəsi kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşir. Qeyri-neft sektorunun və sənayenin inkişafı, xammal asılılığının azaldılması məqsədilə bu yataqların istismarı zəruridir. Lakin hazırda yer təki istifadəçiləri tərəfindən torpaqların münbitliyinin və digər faydalı xassələrinin qorunması, bərpası və artırılması, eləcə də ətraf mühitin vəziyyətinin yaxşılaşdırılması məqsədilə rekultivasiya işlərinə dair sistemli qaydalar mövcud deyildir. Bu çərçivədə rekultivasiya planlarının hazırlanması, dövlət ekoloji ekspertizasından keçirilməsi, münbit torpaq qatının qorunması və bərpası, hidrogeoloji və mühəndis-geoloji şəraitin nəzərə alınması kimi tələblər müəyyən ediləcək və torpaqların əvvəlki və ya alternativ faydalı vəziyyətə qaytarılması təmin ediləcək.
Dəyişikliklər yerin təkinin istifadəsi sahəsində hüquqi tənzimləmənin təkmilləşdirilməsinə, təbii ehtiyatlardan istifadə olunmasının səmərəliliyinin yüksəldilməsinə, ekoloji təhlükəsizliyə, ekoloji balansın qorunmasına, dağ-mədən fəaliyyəti nəticəsində yaranan tullantıların dövriyyəyə cəlb olunmasına və istismara cəlb olunan yer təki sahələrinin rekultivasiya tədbirlərinin sistemli aparılmasına xidmət edəcəkdir.