Maddə 53-də kimsəsiz və ya sosial təhlükəli vəziyyətdə olan uşaqların hüquqlarının qorunması və sosial reabilitasiya məsələləri əksini tapır. Hesab edirəm ki, bu maddədə nəzərdə tutulan müdafiə mexanizmləri ilə yanaşı, müvafiq icra hakimiyyəti orqanlarının konkret hesabatlılıq öhdəlikləri, monitorinq və qiymətləndirmə mexanizmləri də normativ şəkildə daha dəqiq müəyyən edilməlidir. Xüsusilə sosial reabilitasiya tədbirlərinin icrasına dair dövri hesabatların hazırlanması və nəticəyönümlü qiymətləndirmə mexanizminin tətbiqi qanunun praktik effektivliyini artırır.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Vüqar İskəndərov “Uşaq hüquqları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O həmçinin Qanunda Maddə 54-ün də təkmilləşdirilməsi ilə təklif edib:
“Maddə 54 çətin həyat şəraitində olan uşaqlara sosial xidmət müəssisələrində göstərilən xismətlərin keyfiyyət tələblərini müəyyən edir. Hesab edirəm ki,bu maddənin məntiqi davamı olaraq uşaqların rəqəmsal mühitdə təhlükəsizliyimnə dair konkret müddəalar da əlavə edilməlidir”.
Xüsusilə, zorakılıq, aqressiya və asılılıq yaradan kompüter oyunlarının istifadəsinin məhdudlaşdırılması, valideyn nəzarəti alətlərinin təşviqi, təhsil müəssisələrində rəqəmsal təhlükəsizlik və media savadlılığı üzrə sistemli maarifləndirmə tədbirlərinin keçirilməsi, oyun və digər rəqəmsal kontent üzrə məcburi yaş kateqoriyası sisteminin tətbiqi və nəzarət mexanizminin gücləndirilməsi qanunvericilik səviyyəsində öz əksini tapmalıdır” – deyə deputat vurğulayıb.
“Bu gün uşaqların qarşılaşdığı risklərin mühüm hissəsi artıq fiziki mühitdən deyil, məhz rəqəmsal mühitdən qaynaqlanır. Ona görə də uşaqların psixoloji və mənəvi inkişafının qorunmasl yalnız sosial müdafiə mezanizmləri ilə deyil, eyni zamanda texnoloji təhlükəsizlik siyasəti ilə bağlıdır.
Bir çox inkişaf etmiş ölkələr bu istiqamətdə konkret hüquqi mexanizmlər formalaşdırır. Biz də uşaqların sağlam, təhlükəsiz və balanslı rəqəmsal mühitdə böyüməsini təmin etmək üçün qabaqlayıcı addımlar atmalıyıq.
Hesab edirəm ki, təqdim olunan layihə ümumilikdə müsbət qiymətləndirilməlidir və qeyd etdiyim təkliflərin nəzərə alınması qanunun daha effektiv və müasir olmasına xidmət edəcəkdir” – o sonda qeyd edib.