Milli Məclisin bugünkü plenar iclasında gündəliyə münasibət bildirən deputatlar “Böyük Qayıdış” haqqında da danışıblar.
Modern.az xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayamov çıxışı zamanı bildirib ki, Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurun bərpasına 23 milyard manata yaxın vəsait ayrılıb və bütövlükdə 2026-cı il daxil olmaqla bu istiqamətə 3,7 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur.
“Bu o deməkdir ki, yalnız dövlət büdcəsindən 2026-cı il daxil olmaqla, zəfərdən sonra işğaldan azad olunmuş ərazilərimizin bərpasına 26 milyard manatdan artıq vəsaitin ayrılması təmin ediləcək. Bu vəsait hesabına infrastrukturun yenidən qurulması, məskunlaşma üçün yaşayış evlərinin tikintisi, eyni zamanda sosial və kommunal xidmətlərin göstərilməsi ilə bağlı infrastrukturun bərpası və yenidən qurulması işləri daxildir”.
Spiker Sahibə Qafarova Vüqar Bayramovun fikirlərinə qatılaraq Qarabağda görülən yenidənqurma və qayıdış prosesinin son dərəcə uğurlu olduğunu vurğulayıb.
“İndiyədək ora heç kim məcbur köçürülməyib” – spiker həmçinin bildirib.
Qeyd edək ki, deputat Razi Nurullayev çıxışı zamanı Qarabağa köç edənlərin yenidən Bakıya qayıtdığını bildirmişdi.