“Türkiyə Azərbaycanla Ermənistan arasında aparılan sülh prosesini dəstəkləyir və bu prosesin qarşılıqlı etimada əsaslanmasını vacib sayır. Sülh və rifahın Cənubi Qafqazdan başlayaraq daha geniş coğrafiyaya yayılacağına inanırıq. Bu inkişafdan Gürcüstanın da faydalanacağına əminik. Reallaşdırılan layihələr yalnız bir və ya iki ölkə üçün deyil, bütövlükdə region üçün fayda yaradacaq”.
Modern.az xəbər verir ki, bunu Azərbaycan, Türkiyə və Gürcüstan Parlamentlərinin xarici əlaqələr komitələrinin onuncü üçtərəfli iclasında Türkiyə Respublikası Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin sədri Fuad Oktay bildirib.
O bildirib ki, Ermənistanın Azərbaycanla münasibətləri yaxşılaşdığı təqdirdə Türkiyə ilə Ermənistanın da münasibətləri normallaşacaq.
“Türkiyə–Ermənistan münasibətlərinin normallaşdırılması məsələsinə gəldikdə, siyasətimizin əsas prinsiplərindən biri bütün qonşularımızla sülhün təmin edilməsidir. Azərbaycan–Ermənistan münasibətlərinin yaxşılaşması çərçivəsində Türkiyə də Ermənistanla normallaşma prosesini davam etdirəcək. Bu prosesin Cənubi Qafqazda ümumi rifaha töhfə verəcəyinə inanırıq”.