"Ölkəmizdə ayrıca mətbəx turizmi təsis olunsun. Çünki Azərbaycana gələn hamı mətbəximizə vurulur".
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu parlamentin Əmək və sosial siyasət komitəsində “Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirilən ictimai dinləmədə deyib.
Deputat qeyd edib ki, vətəndaşları öz evlərindən istifadə etməklə turizmə cəlb etmək lazımdır:
“Bəzi balaca şəhər və qəsəbələrdə böyük otellər tikməyə lüzum yoxdur. Dövlətin payı olan banklar xüsusi kredit ayıra bilərlər ki, vətəndaşlar öz evlərini genişləndirsinlər və yaxud əlavə bir ev tiksinlər. Yəni vətəndaşlar özləri turizm sahəsinə yaxın olsunlar. Təbii ki, buna şərait yaradılmalıdır. Rəsmi qaydada bunu həll etmək olar. İmkan yaradılsın ki, daha çox vətəndaş turizm sahəsində özünü göstərə bilsin. Məncə, bu çox vacibdir”.