Azərbaycana gələn turistlərin 54 faizi dörd qonşu ölkənin payına düşür. Yəni ölkəyə turist göndərən ölkələrin ümumi sayı 189 olsa da, gələnlərin yarıdan çoxu cəmi dörd ölkədən gəlir. Bu isə turizmin dayanıqlılığı baxımından müəyyən çağırışlar yaradır.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən “Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçiriləcək ictimai dinləmədə deputat Vüqar Bayramov bildirib.
Deputat qeyd edib ki, turizm sahəsində tələbi stimullaşdıran fiskal alətlərdən istifadəyə ehtiyac var.
“Azərbaycanda turizm zonaları fəaliyyət göstərsə də, bu zonalarda güzəştlər yalnız investisiya təşviqi sənədi çərçivəsində tətbiq olunurdu və həmin sənədlərin müddəti 2025-ci ildə başa çatdı. Yəni formal olaraq zonalar mövcuddur, lakin real təşviq alətləri artıq yoxdur. Əgər təşviq mexanizmləri yoxdursa, o zaman turizm zonalarının yaradılmasının fəlsəfəsi və məqsədi yenidən müzakirə edilməlidir”.
Deputat qeyd edib ki yaşıl turizm və icma əsaslı turizmin təşviqi ilə bağlı müəyyən çağırışlar səslənsə də, praktikada konkret fiskal və ya güzəşt mexanizmləri mövcud deyil.
“Halbuki xüsusilə icma əsaslı turizmin inkişafı üçün həm vergi və maliyyə təşviqlərinə, həm də kommunal xidmətlərə əlçatanlığın yaxşılaşdırılmasına ehtiyac var. Hazırda isə kommunal xidmətlərə çıxış məhduddur, xərclər yüksəkdir və bütün bu xərclər birbaşa həmin icma təşəbbüskarlarının üzərinə düşür. Bu isə turizmin ümumi inkişaf tempinə mənfi təsir göstərir”.
Onun sözlərinə görə, ölkəyə gələn xarici brendlərin sayının azdır:
“Brendləşmə yalnız yerli turizm şirkətlərinin fəaliyyəti ilə məhdudlaşmamalıdır. Beynəlxalq brendlərin ölkəyə cəlb olunması, onların bazarda möhkəmlənməsi və uzunmüddətli fəaliyyət göstərməsi ölkənin turizm sektorunda etibarlılığını və rəqabət qabiliyyətini artırır. Brendləşmə eyni zamanda nüfuzlu turizm şirkətlərinin və investorların ölkəyə marağının artması deməkdir”.