Modern.az

Milli Məclisin adını dəyişməsi simvolik xarakter daşıyacaq - Deputat

Milli Məclisin adını dəyişməsi simvolik xarakter daşıyacaq - Deputat

Parlament

Bu gün, 17:35

Parlamentin dünənki iclasında diqqəçəkən təklif irəli sürülüb. Belə ki, Milli Məclisin vitse-spikeri Rafael Hüseynov Milli Məclisin adının dəyişdirilərək Millət Məclisi adlandırılmasını təklif edib. 

Onun sözlərinə görə, Azərbaycan dilinin qrammatikası tələb edir ki, "Milli Məclis" ifadəsindən deyil, "Millət Məclisi" ifadəsindən istifadə olunsun.

Məsələ ilə bağlı Modern.az-a açıqlamasında tarixçi, deputat Vasif Qafarov bildirib ki, tarixçi mövqeyindən yanaşdıqda məsələni həm tarixi-semantik, həm də hüquqi-siyasi kontekstdə qiymətləndirmək lazımdır.

“Əvvəla, “Milli Məclis” termini Azərbaycan dövlətçilik tarixində artıq formalaşmış və institusional məna qazanmış anlayışdır. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin ali qanunverici orqanı rəsmi olaraq “Məclisi-Məbusan” adlanırdı, lakin müasir dövrdə qəbul olunmuş “Milli Məclis” termini həm milli suverenliyi, həm də dövlətçilik ənənəsini ifadə edən siyasi-hüquqi anlayış kimi sabitləşib. Bu termin 1995-ci il Konstitusiyasında təsbit olunub və normativ qüvvə qazanıb”.

Onun sözlərinə görə, “Millət Məclisi” ifadəsi isə dil baxımından semantik cəhətdən başadüşüləndir və analoji terminlər (məsələn, “Türkiye Büyük Millet Meclisi”) mövcuddur. “Millət” sözü etnik-siyasi kimliyi, xalqın özünüidentifikasiyasını ifadə edir. Tarixi kontekstdə “millət” anlayışı XIX əsrin sonu - XX əsrin əvvəllərində milli oyanış və istiqlal ideologiyası ilə sıx bağlı olub.

“Lakin burada əsas məsələ terminoloji romantizm deyil, hüquqi sabitlik və siyasi ənənədir. “Milli Məclis” ifadəsindəki “milli” sözü də eyni kökdən gəlir və dövlətin milli suverenliyə əsaslandığını bildirir. Hüquqi terminlər yalnız lüğəvi baxımdan deyil, institusional davamlılıq baxımından qiymətləndirilməlidir. Dövlətçilikdə termin sabitliyi mühüm prinsipdir və uzun müddət işlək olan konstitusion anlayışın dəyişdirilməsi yalnız tarixi əsaslandırma ilə deyil, ciddi hüquqi və siyasi zərurətlə bağlı olmalıdır”.

Vasif Qafarov bildirib ki, “Millət Məclisi” ifadəsi tarixi-romantik və dil baxımından mübahisə predmeti ola bilər, lakin “Milli Məclis” termini artıq konstitusion-hüquqi kimlik qazanmış anlayışdır və onun dəyişdirilməsi daha çox simvolik xarakter daşıyacaqdır. Dövlətçilik ənənəsində sabitlik və hüquqi ardıcıllıq üstün tutulmalıdır.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran darmadağın edilir - Xameneini gizlətdilər