Modern.az

Azərbaycan–Efiopiya münasibətlərində yeni mərhələ

Azərbaycan–Efiopiya münasibətlərində yeni mərhələ

Parlament

Bu gün, 18:54

Efiopiya Federativ Demokratik Respublikasının Baş nazirinin Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Səfər çərçivəsində ali səviyyədə keçirilən görüşlər, imzalanan sənədlər və verilən bəyanatlar Bakı ilə Əddis-Əbaba arasında siyasi dialoqun intensivləşdiyini və əməkdaşlığın institusional əsaslar üzərində inkişaf etdiyini göstərir. Baş nazirin ölkəmizə səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən yüksək səviyyədə qarşılanması münasibətlərin dostluq və qarşılıqlı hörmət prinsiplərinə söykəndiyini təsdiqlədi. Bu rəsmi qəbul yalnız diplomatik protokol deyil, həm də Azərbaycanın Afrika qitəsinə, xüsusilə də strateji mövqeyə malik Efiopiyaya verdiyi önəmin bariz ifadəsidir. Azərbaycan və Efiopiya beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Qoşulmama Hərəkatında fəal əməkdaşlıq edirlər. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə təşkilatın institusional inkişafına verdiyi töhfələr Afrika ölkələri, o cümlədən Efiopiya tərəfindən yüksək qiymətləndirilib. Bu müstəvidə tərəflər çoxtərəfli diplomatiya platformalarında qarşılıqlı dəstək nümayiş etdirirlər. Parlamentlərarası əlaqələrin mövcudluğu və inkişafı da münasibətlərin davamlı xarakter daşıdığını göstərir. Qanunverici orqanlar səviyyəsində təmaslar siyasi dialoqun dərinləşməsinə, hüquqi bazanın möhkəmləndirilməsinə və qarşılıqlı anlaşmanın artmasına xidmət edir. Səfərin diqqətçəkən məqamlarından biri Efiopiyada “ASAN xidmət” modelinin tətbiqi istiqamətində əməkdaşlığın genişləndirilməsidir. Azərbaycan brendi kimi beynəlxalq səviyyədə tanınan “ASAN xidmət” modeli vətəndaşlara şəffaf, operativ və innovativ dövlət xidmətlərinin göstərilməsi baxımından nümunəvi sistemdir. Efiopiyada bu modelin yaradılması istiqamətində atılan addımlar Azərbaycanın idarəetmə sahəsində əldə etdiyi uğurların ixracı deməkdir. Bu, eyni zamanda ölkəmizin “yumşaq güc” imkanlarının artdığını və dövlət idarəçiliyi sahəsində beynəlxalq nüfuzunun möhkəmləndiyini göstərir. Azərbaycan–Efiopiya iqtisadi əlaqələri hələlik böyük potensiala malik olmaqla inkişaf mərhələsindədir. Kənd təsərrüfatı, sənaye, enerji, nəqliyyat-logistika və rəqəmsal texnologiyalar sahələrində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Hər iki ölkə regional nəqliyyat qovşaqları kimi strateji mövqeyə malikdir və bu amil qarşılıqlı investisiya layihələrinin reallaşdırılmasına zəmin yaradır. İmzalanmış memorandumlar iqtisadi, texniki və humanitar sahələrdə əməkdaşlığın hüquqi əsasını möhkəmləndirir. Bu sənədlər yalnız niyyət bəyanatı deyil, konkret fəaliyyət istiqamətlərini müəyyənləşdirən yol xəritəsi kimi çıxış edir. Azərbaycan–Efiopiya münasibətlərində humanitar ölçü xüsusi yer tutur. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Efiopiyaya səfəri və həyata keçirilən sosial-humanitar təşəbbüslər ölkələr arasında xalqlar səviyyəsində əlaqələrin gücləndirilməsinə töhfə verir. Təhsil, səhiyyə və sosial layihələr sahəsində əməkdaşlıq humanitar diplomatiyanın effektiv mexanizminə çevrilib. Bu fəaliyyət Azərbaycanın beynəlxalq aləmdə sosial məsuliyyətli dövlət kimi imicinin möhkəmlənməsinə xidmət edir və Afrika ölkələri ilə uzunmüddətli tərəfdaşlığın əsaslarını formalaşdırır. Müasir beynəlxalq münasibətlər sistemində Cənub–Cənub əməkdaşlığı yeni məzmun qazanır. Azərbaycan və Efiopiya kimi inkişaf edən dövlətlər qarşılıqlı təcrübə mübadiləsi, iqtisadi diversifikasiya və institusional inkişaf sahəsində bir-birinə dəstək verərək qlobal siyasi arxitekturada daha fəal rol oynaya bilərlər. Efiopiya Baş nazirinin Azərbaycana səfəri göstərdi ki, Bakı–Əddis-Əbaba xətti təkcə diplomatik münasibətlərlə məhdudlaşmır, strateji tərəfdaşlıq istiqamətində inkişaf edir. Qarşılıqlı etimad, siyasi iradə və imzalanmış sənədlər bu münasibətlərin davamlı və perspektivli olacağını deməyə əsas verir. Beləliklə, Azərbaycan–Efiopiya əlaqələri həm regional, həm də qlobal kontekstdə yeni əməkdaşlıq modelinin formalaşdığını nümayiş etdirir və iki ölkə arasında münasibətlərin gələcək inkişafı üçün möhkəm təməl yaradır.

Milli Məclisin deputatı

Azərbaycan–Efiopiya Parlamentlərarası dostluq qrupunun rəhbəri

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran darmadağın edilir - Xameneini gizlətdilər