Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafanın ötən gün parlamentin iclasında söylədiyi fikirlər müzakirə mövzusuna çevrilib. Belə ki, onun "bəzi qadınlar aliment almaq üçün evlənirlər" deməsi tənqidlərə, hətta təhqirlərə səbəb olub. Sosial şəbəkələrdə Fazil Mustafadan sitat gətirən bəzi xanımlar onu müzakirə obyektinə çeviriblər.
Fazil Mustafa isə Modern.az-a açıqlamasında bildirib ki, normal düşünən insanlar nəinki ona irad bildirməyib, hətta təşəkkür ediblər:
“Əvvəla, bu məsələdə Azərbaycan qadınından söhbət getmir. Müəyyən dərəcədə hansısa şəkildə hay-küy qoparmaq istəyən, mövzunu kənara qoyub şəxsimi hədəf alan və bəzən də xoşniyyətli olmayan insanların davranışından söhbət gedir. Çünki mənim çıxışıma diqqət etsəniz, hər hansı konkretləşmə yoxdur. Qadınların bütün kateqoriyasını hədəfə almamışam. Bu məsələləri qaldırarkən kifayət qədər ciddi statistikanı araşdıraraq, müvafiq qurumların rəyləri ilə tanış olduqdan sonra belə bir addım atdım.
Təbii ki, bəzi kateqoriyadan olan qadınlardan söhbət gedir ki, onlar ailələrin dağılmasında rol oynayıblar. Bu da daha çox müxtəlif, xüsusilə də boşanma xarakterli seriallardan və formalaşmış dünyagörüşündən qaynaqlanan məsələlərdir. Yəni ailə məsuliyyətini düşünməyən kişilər var və onların günahı ucbatından ailələr dağılır. Amma müxtəlif kateqoriyalı qadınlar da var ki, onlar mal-mülk və aliment üzərində hesab apararaq, ailənin rahatlıqla dağılmasına rəvac verirlər. Cəmiyyətdə olan bu problemi gündəmə gətirmək lazımdır.
Boşanma faizi kifayət qədər yüksəkdir. Təbii ki, bunu insanların şəxsi seçimi, yaxud bir yerdə yaşamağın mümkünsüzlüyü ilə əlaqələndirmək olar. Amma evlilik həm də bir kompromisdir. Çox şeylər qane etməyə bilər, maddi durum arzuolunan səviyyədə olmaz. Lakin kompromisə gedən cütlüklər ailə strukturunun dağılmasına imkan vermirlər. Kompromisin başında isə əsasən uşaqlar gəlir. Uşaqlar psixoloji sarsıntı keçirir. Sabah həmin uşaq ailə quranda o psixoloji sarsıntını özü ilə daşıyır.
Bunu başa düşən normal insanlar mənə heç bir irad bildirmədilər. Hətta bu sahə ilə məşğul olan bəzi qurumlar belə cəsarətli çıxışa görə təşəkkür etdilər. Amma bunu heç kim dilə gətirmir. Dövlətimizin, millətimizin gələcəyi, demoqrafik problemlərin minimuma endirilməsi ilə bağlı hədəfləri var. Mən də bunu düşünərək belə bir addım atdım".
F.Mustafa onu təhqir edənləri qaragüruhçu adlandırıb:
"Çıxışımda daha vacib olan bir neçə məsələyə də toxunmuşam. Amma həmin məsələlərlə bağlı heç kim danışmır. Bəzi əxlaqdan kənar ünsürlər, xüsusilə sosial şəbəkələrdə ailə institutuna bağlı olmayan insanlar bundan istifadə edib şəxsimi hədəfə alırlar. Onlar başa düşmürlər ki, mən qaragüruhun qarşısında geri çəkilsəydim, bunu özümə bağışlamazdım.
Bir qisim siyasi baxışlarımızı qəbul etmir, bir qisim isə elmi yanaşmamızı qəbul etmir. Amma bunlar məsələnin mahiyyəti ilə bağlı deyil. Mövzuya münasibət bildirəndə mənim siyasi baxışlarıma yönəlik ittihamları da cümlənin əvvəlinə və sonuna əlavə edirlər. Ona görə də bu yanaşma səmimi deyil.
Bəzən faktlar və statistika şübhə altına alınır. Bununla bağlı Mediasiya Şurasına, məhkəmələrdə aparılan boşanma proseslərinə, hakimlərin mövqeyinə müraciət etsəniz, görərsiniz ki, bu, heç də sadə məsələ deyil. Məsələni adiləşdirib yalnız aliment səviyyəsində göstərməyə çalışırlar. Halbuki söhbət təkcə alimentdən getmir. Burada mal-mülkün bölüşdürülməsindən, paydan söhbət gedir.
Bir çox hallarda atalar uşağı götürməyə hazır olurlar. Amma məhkəmələr uşaqları daha çox analara verirlər. Bəzi hallarda analar məhkəmə qərarı olsa belə, uşaqları atalara göstərməkdən yayınırlar. Burada birtərəfli yanaşma, yalnız qadın üstünlüyü düzgün deyil.
Təbii ki, boşanma hadisələrində yalnız qadınları günahlandırmaq yanlışdır. Məsuliyyətsiz kişilərin sayı da kifayət qədərdir. Uyğun həyat tərzi olmayan kişilərin gətirdiyi əzab-əziyyətə dözməyən, zorakılıqla qarşılaşan qadınlarımızın sayı çoxdur. Amma bəzi qadınların aliment almaq məqsədilə evlənməsi kimi niyyətlərin də mövcud olduğunu dilə gətirmək lazımdır.
Şəxsən mənim özümün onlarla belə faktım var. Qəbuluma gələn və ya etibar etdiyim insanlardan ailə faciələri ilə bağlı kifayət qədər məlumat almışam. Lakin şəxsi həyata müdaxilə etməmək üçün konkret faktları açıqlamırıq. Amma hər kəs ətrafında bu cür hadisələrin yaşandığını bilir.
Sosial şəbəkələrdə isə bəziləri özlərini məsum qadın haqlarının müdafiəçisi kimi təqdim edib başqalarını təhqir etməyə keçirlər. Bu isə bizi cəmiyyətin problemlərini dilə gətirməkdən çəkindirə bilməz. Mötəbər müzakirə mühiti olanda – məsələn, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində, Ombudsman Aparatında və ya Milli Məclisin müvafiq komitələrində keçirilən dinləmələrdə – məni dəvət edir və fikirlərimi açıq şəkildə bildirirəm.
Qadın hüquqları sahəsində ixtisaslaşmış mütəxəssislərdən – Novella Cəfəroğlu, Səadət Bənənyarlı və digərlərindən də soruşa bilərsiniz. Onların mövqeyi bu məsələdə obyektiv olar. Bu kimi mövzuları qaldırmaqdan qorxmaq lazım deyil.
Məsələyə fərdi yanaşmaq lazımdır. Əgər kiminsə özündə bu problem yoxdursa, niyə narahat olmalıdır? Bu problemin aradan qaldırılmasında ilk növbədə qadın hüquqlarının müdafiəçiləri də çəkinməməlidirlər. Bu, gələcəkdə ailələrin pozulmasında rolu ola biləcək hallar üçün profilaktik tövsiyə sayıla bilər.
Ümumiyyətlə, bu çıxışa görə tənqid gözləmirdim. Çünki burada ailəsinə sadiq, iffətli qadınların maraqlarına zidd hər hansı fikir səsləndirilməyib. Zorakılıq, xəyanət, narkotik və digər mənfi xüsusiyyətlər ucbatından ailəsi dağılmış qadınlara qarşı da hər hansı ittiham olmayıb. Söhbət yalnız pis niyyətlə ailə quraraq həyat yoldaşını çətin vəziyyətə salan, aliment, mal-mülk və sərbəst həyat ideyası ilə ailəni dağıdan müəyyən şəxslərdən gedir".
Komitə sədri onu təhqir edənlərin müalicəyə ehtiyacı olduğunu deyib:
"Məni təhqir edənlərin əksəriyyəti mətni oxuyub anlamaq vərdişi olmayan, sosial şəbəkədə sadəcə öz varlığını göstərmək istəyən insanlardır. Mətni diqqətlə oxuyub anlayanlardan isə ciddi irad almamışam. Tənqid olsa, sevinərdim ki, qaldırdığım mövzu müzakirə olunur. Amma birbaşa təhqirə keçilirsə, bu artıq sağlam polemika deyil.
Biz yazılarımızı və paylaşımlarımızı düşünən insanlar üçün edirik. Qalan məsələlər isə artıq bizim müzakirə mövzumuz deyil”.