Modern.az

Enerji təhlükəsizliyi milli və regional təhlükəsizlik arxitekturasının vacib seqmentidir

Enerji təhlükəsizliyi milli və regional təhlükəsizlik arxitekturasının vacib seqmentidir

Parlament

Bu gün, 18:49

Prezident İlham Əliyevin Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında çıxışı Azərbaycanın enerji siyasətinin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Bu çıxış mövcud iqtisadi nəticələrin dəyərləndirilməsi ilə yanaşı, qarşıdakı dövr üçün prioritetlərin müəyyənləşdirilməsi baxımından olduqca zəngindir.

Son illərin geosiyasi sarsıntıları - Rusiya - Ukrayna müharibəsi, Yaxın Şərqdə davam edən gərginliklər və İran - ABŞ və İsrail qarşıdurması Avropa dövlətlərini enerji təhlükəsizliyi strategiyalarını yenidən nəzərdən keçirməyə vadar edib. Belə mürəkkəb və qeyri-sabit reallıqda etibarlı və proqnozlaşdırıla bilən tərəfdaşların əhəmiyyəti misilsiz dərəcədə artıb və buna görə də diqqətlərin Azərbaycana yönəlməsi heç də təsadüfi deyil.

Müasir enerji diplomatiyasının təməli 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ilə qoyulub. Bu saziş həm iqtisadi layihə, həm də ölkənin beynəlxalq enerji sisteminə inteqrasiyasını təmin edən strateji qərar idi.

Sonrakı mərhələdə reallaşan Bakı–Tbilisi–Ceyhan və Bakı–Tbilisi–Ərzurum boru kəmərləri Cənubi Qafqazı qlobal enerji xəritəsinin mühüm seqmentinə çevirdi. Cənub Qaz Dəhlizi isə artıq regional təşəbbüs olmaqdan çıxaraq Avropanın enerji təhlükəsizliyinin əsas dayaqlarından birinə çevrilib. Bu çoxkomponentli sistem Xəzər qazını Avropaya daşıyan strateji arteriya kimi fəaliyyət göstərir. Dəhlizin əsas komponentləri Trans-Anadolu Qaz Boru Kəməri və Trans-Adriatik boru kəməri (TAP)-dir. TAP-ın 2020-ci ildə istismara verilməsi ilə Azərbaycan qazı birbaşa Avropa bazarına çıxıb, bu isə həm iqtisadi, həm də geosiyasi baxımdan yeni mərhələnin başlanğıcıdır.

Statistik göstəricilər enerji strategiyasının uğurunu açıq göstərir: 2017-ci ildə ölkədə təbii qaz hasilatı 28,6 milyard kubmetr idisə, 2025-ci ildə 51,5 milyard kubmetrə yüksəlib; qaz ixracı isə 8,5 milyard kubmetrdən 25,2 milyard kubmetrə çatıb. Son 5 ildə Avropaya 56 milyard kubmetrdən çox qaz nəql olunub. Hazırda 16 ölkə Azərbaycan qazı alır, onların 13-ü Avropa ölkəsi, onlardan 10-u isə Aİ-nin üzvüdür.

Yeni hasilat mərhələləri əlavə potensial yaradır: “Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz layları, “Abşeron”un tammiqyaslı işlənməsi, “Ümid” yatağının ikinci mərhələsi və 2028-ci ildən etibarən “Şahdəniz” üzrə yeni mərhələ əlavə 10–15 milyard kubmetr qaz potensialı deməkdir. Lakin hasilatın artması ilə yanaşı, infrastruktura da diqqət yetirmək zəruridir. Cənub Qaz Dəhlizi artıq tam yüklənmiş vəziyyətdədir, buna görə yeni interkonnektorlar, boru kəmərlərinin genişləndirilməsi və bazar şaxələndirilməsi strateji prioritetlərdəndir.

Azərbaycan enerji siyasətində ideoloji deyil, praqmatik yanaşma tətbiq edir. Qaz və bərpaolunan enerji arasında balans strategiyanın əsasını təşkil edir. ACWA Power tərəfindən maliyyələşdirilən 240 meqavatlıq külək elektrik stansiyası və Masdar şirkətinin inşa etdiyi 230 meqavatlıq günəş elektrik stansiyası Azərbaycanın yaşıl enerji xəritəsini formalaşdıran mühüm layihələrdir. 2032-ci ilə qədər alternativ mənbələrdən 6–8 giqavat elektrik enerjisi istehsalı planlaşdırılır.

İşğaldan azad edilmiş ərazilərdə qurulmuş 270 meqavatlıq su elektrik stansiyaları və 30-dan çox kiçik SES həm daxili enerji balansını optimallaşdırır, həm də Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi layihəsi Cənubi Qafqazı Cənub-Şərqi Avropa ilə birləşdirərək Azərbaycanın elektrik ixrac imkanlarını genişləndirir.

Azərbaycan bu gün yalnız etibarlı enerji ixracatçısı deyil, həm də Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin əsas dayaqlarından biridir. Prezident İlham Əliyevin çıxışı da Azərbaycanın enerji siyasətinin etibarlılıq, şaxələndirmə və praqmatizm prinsipləri üzərində qurulduğunu göstərir. Bu siyasət təkcə milli maraqlara xidmət etmir, həm də regionda sabitliyə, Avropada enerji dayanıqlığına və qlobal enerji keçidinin real əsaslar üzərində qurulmasına töhfə verir. Azərbaycan enerji diplomatiyasının aparıcı aktorlarından biri olaraq yeni qlobal enerji arxitekturasında strateji lider mövqeyini möhkəmləndirir.

Cavanşir Feyziyev

Milli Məclisin deputatı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail İranı BOMBARDMAN EDİR - Yüzlərlə ölü var