Modern.az

Naxçıvana hücum İran rejimi üçün xilas yolu deyil - DEPUTAT

Naxçıvana hücum İran rejimi üçün xilas yolu deyil - DEPUTAT

Parlament

Bu gün, 16:38

"İran İslam Respublikasının Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvana dron hücumu beynəlxalq hüququ təhdid etməklə yanaşı, illərdir ki, Azərbaycan Hökumətinin böyük səylər hesabına qorumağa çalışdığı səmimi qonşuluq münasibətlərinə dağıdıcı zərbədir". 

Bunu Modern.az-a açıqlamasında deputat Ülvi Quliyev bildirib. 

Deputat qeyd edib ki, bu hücumun arxasında kimin dayanmasından və hansı qüvvənin təhriki ilə törədilməsindən asılı olmayaraq, İranın rəsmi dairələri bilməlidirlər ki, Azərbaycanın ictimai rəyini növbəti dəfə özlərinin əleyhinə yönəltdilər. Cəmiyyətimiz 3 il əvvəl Tehranda Azərbaycan səfirliyinə qarşı törədilmiş terror cinayətini unutmayıb. 

"İran rəsmiləri, xüsusilə teokratik rejimin təmsilçiləri bilməlidirlər ki, Prezident İlham Əliyevin başsağlığı məktubundan və ölkəmizdəki İran səfirliyini ziyarətindən bir gün sonra Naxçıvana edilən dron hücumu nə əxlaqa, nə də dini-mənəvi dəyərlərimizə sığmır. İslamı dövlət siyasətinin atributuna çevirən İran hakimiyyəti unutmamalıdır ki, Azərbaycana, qardaş Türkiyəyə və digər müsəlman ölkələrinə edilən bu cür hücumlar İranın özünü İslam dünyasından təcrid edir". 

Ülvi Quliyev bildirib ki, bu cür təhlükəli seçim İran rejimi üçün xilas yolu ola bilməz:

"Bunu görə bilmək üçün böyük ağıl və ya xüsusi üzaqgörənlik də tələb olunmur. Azərbaycanın Xarici İşlər Nazirliyi baş verən hücumla bağlı etiraz Notasını və dövlətimizin beynəlxalq hüquqa söykənən tələblərini artıq İran səfirinə təqdim edib. Bununla yanaşı, heç kimdə şübhə olmasın ki, həm Dövlətimiz, həm də Azərbaycan cəmiyyəti baş verənləri cavabsız qoymayacaq!" - deputat sonda qeyd edib.
 
 

Sizə yeni x var
Keçid et
Prezidentdən SƏRT ÇIXIŞ - Şərəfsizlər peşman olacaq! Ordumuz hazırdır