Milli Məclisin 118 saylı Ağdam - Xocalı seçki dairəsindən deputatı Elman Məmmədov artıq doğma yurduna - Xocalıdakı evinə köçüb.
Bu barədə saytımıza Elman Məmmədov özü məlumat verib.
O deyib ki, Novruz bayramının tonqalını 34 ildən sonra Xocalıdakı evinin həyətində yandıracaq.
Elman Məmmədov Qarabağa qayıdan ilk məcburi köçkün deputat olub.
Digər məcburi köçkün deputatların da öz yurdlarına qayıdışa hazırlaşıb-hazıraşmadığı maraq doğurur.
Modern.az saytı bununla əlaqədar işğaldan azad olunan ərazilərin deputatlarına müraciət edib.
Ağdamdan olan deputat Aqil Abbas qeyd edib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən ona ev verilməyəcəyi bildirilib:
“Ağdamda mənə ev düşmür. Çünki mən köçkün sayılmıram. Bununla belə, çalışacam ki, mən də ora köçüm. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olmuşam. Dedilər ki, sən məcburi köçkün sayılmırsan. İndi mən Ağdamda ya öz hesabıma ev tikəcəm, yaxud kimsə tikibsə, ondan pulla alacam”.
Füzulidən olan deputat Vüqar Bayramov kəndlərinin hələ bərpa prosesinə daxil edilmədiyini deyib:
“Aşağı Güzlək meşəlik və dağlıq ərazidə yerləşən kifayət qədər mənzərəli kənddir. Təəssüf ki, işğal vaxtı tamamilə dağıdılaraq, məhv edilib. Kəndimizin bərpası nəzərdə tutulur. Ancaq hələlik proses mərhələli şəkildə həyata keçirilir. Yəni, mənim qeydiyyatda olduğum, doğulub boya-başa çatdığım kənd hazırda bərpa prosesinə daxul edilməyib".
Deputat bərpa prosesindən sonra kəndinə qayıdıb, orada məskunlaşmağı planlaşdırdığını qeyd edib:
"O baxımdan kəndimiz də bərpa olunduqdan sonra ora qayıdıb yenidən məskunlaşmağı planlaşdırıram. Kəndimizin bərpası, orada infrastruktur və yaşayış evlərinin inşa edilməsi mərhələli şəkildə həyata keçiriləcək. Şübhəsiz ki, mən də öz ata -baba yurduna qayıtmaq istəyən keçmiş məcburi köçkünlərdən biriyəm”.
Laçından olan deputat Rövşən Muradov artıq qohumlarının bir qisminin doğma yurda qayıtdığını bildirib:
“Məsələ burasındadır ki, mən Bakıda böyüyüb boya-başa çatmışam. Laçında mənim əmilərim, bibilərim yaşayıblar. Əlbəttə ki, indi konkret olaraq, ata tərəfdən qohumlarım - əmi və bibi uşaqları Qarabağa köçürlər. Onlardan Laçına da, Xocalının Ballıca, Şuşakənd kimi kəndərinə köçənlər də var. Onlar bunu özləri istəyib, ərizə yazıblar. Laçının 77-78 min əhalisindən bu gün cəmi 5 min nəfəri faktiki olaraq geri qayıdıb. Bizim doğma kəndimiz Xumartadır. Baba evimiz orada olub. Oralara köç olanda, biz də gedib ata-baba yurdunda özümüz tikib düzəldərik”.
Deputat təqaüdə çıxdıqdan sonra köçüb Laçında yaşaya biləcəyini deyib:
“Amma qohumlar yavaş-yavaş köçürlər. Yenə deyirəm, Laçının cəmi üç kəndi hazırdır. Bir də şəhərin özü. İndi daha iki-üç kənd də yaşayış üçün hazırlanır. Gələcəyi də Allah bilir. Qabaqcadan köçü proqnozlaşdıra bilmirəm. Yəni mən bilmirəm gələcək həyatım necə gətirəcək. Sağlıq olsun, yenə deyirəm, mənim də arzum olar ki, təqaüdə çıxanda orada məskunlaşım. Təqaüd yaşıma da hələ 9 il var”.