İşğaldan azad edilmiş Cəbrayıl rayonunda aparılan bərpa və quruculuq işləri artıq öz real nəticələrini göstərməkdədir. Novruz bayramı günlərində rayona səfər edən 120 saylı seçki dairəsinin deputatı Ceyhun Məmmədov bölgədə formalaşan yeni mənzərə, həyata keçirilən layihələr və insanların doğma torpaqlara qayıdışı ilə bağlı təəssüratlarını bölüşüb.
Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, bu gün cəbrayıllılar çox sevincli və qürurlu günlərini yaşayırlar:
“Ən çox müşhidə etdiyim odur ki, insanlarımız böyük qürur içərisindədirlər. Onlar əldə etdiyimiz tarixi və şanlı Zəfərin sevincini yaşayırlar. Biz 30 ildən artıq müddətdə məhz insanlarımızın rahat şəkildə bu bayramı qeyd etmələrini gözləyirdik. Bu gün Qarabağın hər bir guşəsini, eləcə də Cəbrayılın bərpasını, inkişafını görmək çox sevinclidir. Xüsusilə də, bayram günlərində camaatın küləvi şəkildə işğaldan azad olunmuş ərazilərə axınını görmək insanda həqiqətən yüksək əhval-ruhiyyə yaradır. Yəni insanlardakı sevinc, onların gözlərindəki işıq ifadəolunmaz hisslərdir.
Bu gün cənab Prezidentin keçmiş məcburi köçkünlərə və bu ərazilərə böyük diqqəti, qayğısı var. Artıq Cəbrayılın bir neçə kəndi bərpa olunub. Horovlu kəndi kəndi öz-özlüyündə möcüzədir. Daha bir kəndə tezliklə köç olacaq. Xalqımız gələcəyə ümidlə baxır. Cəbrayılda orta ümumtəhsil məktəbləri, musiqi məktəbləri fəaliyyət göstərir, yeni müəssisələr yaranır, təzə binalar inşa olunur. İnsanların gözündə gələcəyə dair xoş fikirlərinin olması məni də hədsiz sevindirdi”.
C.Məmmədov insanların işlə təminatı məsələsindən danışıb:
“50 mindən çox insan işğaldan azad olunmuş ərazilərə qayıdıb. Mən özüm də dəfələrlə qəbulda olmuşam. İş yerləri var, təbii ki, birdən-birə hamıya bu şəraiti yaratmaq çətindir. Amma mən düşünürəm ki, dövlətimiz mümkün olan hər şeyi edir. Uyğun işlər var, insanlar maraqlanıb axtarsalar və razılaşsalar düşünürəm ki, iş üçün imkanlar mövcuddur.
Məktəblərdə müəllimlərimiz, xəstəxanalarda həkimlərimiz işləyirlər, istehsal müəssisələri yaradılır. Yəni bu, mərhələli şəkildə həllini tapacaq bir məsələdir. Lakin birdən-birə hər şeyi həll etmək çətindir. Düşünürəm ki, Azərbaycan kimi ikinci bir dünya dövləti yoxdur ki, bu qədər sürətli bir formada belə layihələr həyata keçirsin. Sadəcə bir az da səbirli olmalı, dözməliyik. Zamanla hər şey daha yaxşı olacaq və qaydasına düşəcək”.