Prezident İlham Əliyev 2024-cü il fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində Türk dövlətləri ilə yanaşı, dünya ictimaiyyətinə belə bir mesaj vermişdi: “Bizim ailəmiz Türk dünyasıdır... Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir... Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik”.
Prezidentin həmin tarixi bəyanatından iki ildən bir qədər çox vaxt keçir. Bu müddət ərzində cərəyan edən geosiyasi proseslər, Avropada və Yaxın Şərqdə baş verən qanlı toqquşmalar bir daha təsdiq edir ki, formalaşmaqda olan yeni dünya düzənində Türk Dövlətləri Təşkilatı (TDT) Türk coğrafiyası üçün müstəsna əhəmiyyət kəsb edir. Bu gün hər birimiz onu da görürük ki, bir zamanlar Türk dünyasını parçalamaqla qardaş xalqlara hökmranlıq edən imperiyaların çoxu artıq tarixə qovuşub. Onların varisləri eyni siyasəti davam etdirməyə çalışsalar da, Türk xalqlarının müstəqillik yolunda atdığı qətiyyətli addımlar xarici təhdidləri xeyli dərəcədə zərərsizləşdirə bilib.
O da danılmaz həqiqətdir ki, Azərbaycanın Qarabağ Zəfəri Türk dünyasının daha sıx birləşməsinə və xarici təzyiqlər qarşısında daha qətiyyətli mövqenin sərgiləməsinə zəmin yaratdı. Çünki Azərbaycan bu tarixi Qələbəsi ilə böyük güclərin yalnız xalqımıza qarşı deyil, həm də Türk dünyasına qarşı iki əsrlik anti-Azərbaycan planını iflasa uğratdı və sübut etdi ki, heç bir qüvvə xalqın Haqqa olan inamını sarsıda və onu mübarizə əzmindən çəkindirə bilməz. Prezident İlham Əliyevin 2022-ci il aprelin 22-də Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayında səsləndirdiyi bəyanat elə bu tarixi gerçəkliyi əks etdirir: “Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq. Ona görə bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür”.
Aprelin 1-də Rusiya və Ermənistan liderləri arasında Moskvada keçirilən rəsmi görüş və orada səsləndirilən açıqlamalar bir daha göstərdi ki, Azərbaycanın beynəlxalq hüquq normaları əsasında Cənubi Qafqazda yaratdığı yeni reallıq bu gün də qısqanclıqla qarşılanır və onu müzakirə predmetinə çevirmək səyləri hələ də səngiməyib. Əslində, belə yanaşma cəmiyyətimiz üçün yenilik deyil və gələcəkdə də sensasiya kimi qiymətləndirilməməlidir. Çünki tarixi Zəfərimizi həzm edə bilməyən dairələrin əhatəsi göründüyündən daha genişdir. Prezident İlham Əliyevin iki il əvvəl andiçmə mərasimində səsləndirdiyi bu bəyanat da elə həmin reallığa söykənirdi: “Biz, İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı zamanı mən bunu artıq demişdim,- sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar, biz bunu bilməliyik. Əgər kimsə hesab edir ki, bizdən əl çəkəcəklər, səhv edir”.
Bugünkü geosiyasi qarşıdurmanın təhlükəli təzahürlərindən biri də onunla bağlıdır ki, hətta mövqe birliyi şübhə doğurmayan alyanslarda belə, artıq ciddi çatlar müşahidə olunur, nüfuzlu beynəlxalq təşkilatlar isə baş verən hadisələrə təsir imkanlarını getdikcə daha çox itirir. Elə bu səbəblərdən, Prezident İlham Əliyevin Türk dünyası ilə bağlı təşəbbüsü mövcud geosiyasi çağırışlara qarşı ən praqmatik və effektiv təhlükəsizlik modelidir. Cənab Prezidentin aprelin 2-də TDT-yə üzv dövlətlərin hökumət başçılarını/Vitse-prezidentini qəbul edərkən səsləndirdiyi növbəti bəyanat da tarixi gerçəkliyə söykənir: “Dünyada bir çox beynəlxalq təşkilatlar var, ancaq etnik köklər üzərində yaranmış təşkilatların sayı o qədər də çox deyil. Yəni bu, bizim çox böyük üstünlüyümüzdür. Yəni bizi birləşdirən bizim etnik mənsubiyyətimizdir. Bu, birinci amildir. Ondan sonra bizim çoğrafiyamızdır, ölkələr arasındakı çox xoş və isti münasibətlərdir, vahid məqsədlərdir. Ona görə bax, bütün bu amilləri nəzərə alaraq biz təşkilatımızı daha da yüksək pilləyə qaldırmalıyıq”.
Dünyada davam edən müharibə və münaqişələr fonunda Türk coğrafiyasına, o cümlədən Orta Dəhlizə, Trans-Xəzər və Zəngəzur dəhlizlərinə beynəlxalq diqqətin artması həm də ona dəlalət edir ki, bütün qısqanclıqlara baxmayaraq, yaxın gələcəkdə TDT-nin nüfuzlu qlobal aktor kimi tanınması tarixi proseslərin zəruri tələbinə çevriləcək.
Ülvi Quliyev
Milli Məclisin deputatı