Deputat minimum cərimə hədlərinin müəyyənləşdirilməsini və böyük məbləğlərdə məsuliyyətdən azadolmanın tətbiq olunmamasını təklif edir
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Vüqar Bayramov deyib.
O bildirib ki, təklif edilən dəyişikliklərə əsasən, dövlət vəsaitinin təyinatından kənar istifadə hallarında sabit cərimə mexanizmindən imtina edilərək faiz əsaslı sistemə keçid nəzərdə tutulur. Bu zaman vəsaitin 100 faizi həcmində cərimə tətbiq olunmaqla yanaşı azadlıqdan məhrumetmə də nəzərdə tutulur.
Deputat qeyd edib ki, bu maddə üzrə konkret minimum cərimə məbləğlərinin müəyyənləşdirilməsi vacibdir.
V.Bayramov əlavə edib ki, təklif olunan digər dəyişikliklərə görə, bu əməli ilk dəfə törədən şəxs vurduğu ziyanı tam ödədikdə cinayət məsuliyyətindən azad oluna bilər. O hesab edir ki, bu yanaşma yalnız kiçik məbləğli hallara şamil edilməlidir.
Deputatın sözlərinə görə, Azərbaycanda xeyli miqdarda ziyan 50–250 min manat, külli miqdarda isə 250 min manatdan yuxarı hesab olunur və bu səbəbdən böyük məbləğli vəsaitlərin təyinatdan yayındırılması hallarına belə güzəştlərin tətbiqi məqsədəuyğun deyil.