Süni intellektə gətirilən məhdudiyyətlərdə məqsəd süni intellektdən istifadə edənləri cəzalandırmaq deyil, şəffaflığı təmin etməkdir.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Kamal Cəfərov deyib.
Deputat bildirib ki, süni intellektdən istifadə etməklə hazırlanan hər bir material avtomatik olaraq qanun pozuntusu hesab edilməməlidir: əgər ortada cinayət tərkibi yoxdursa, belə hallar yalnız inzibati müstəvidə qiymətləndirilməlidir.
O qeyd edib ki, əsas məsələ zərərin harada başladığıdır:
“Dezinformasiya məqsədilə, reputasiyaya zərər vurmaq üçün material qəsdən həqiqi kimi və nişansız təqdim ediləndə məsuliyyət yaranır”.
K.Cəfərov vurğulayıb ki, təklif edilən dəyişikliklərin məqsədi süni intellektdən istifadəni məhdudlaşdırmaq deyil, zərərverici nəticələrin qarşısını almaq və şəffaflığı təmin etməkdir.
Deputat əlavə edib ki, bu yanaşma artıq sosial şəbəkələrdə də tətbiq olunur:
“Facebook”, “Instagram”, “TikTok” və “YouTube” kimi platformalarda paylaşım zamanı istifadəçidən materialın süni intellektlə hazırlanıb-hazırlanmadığı soruşulur. Bu da eyni prinsipdir”.
Onun sözlərinə görə, qanunvericilikdə də bu mexanizmin tətbiqi məsuliyyət subyektini daha dəqiq müəyyənləşdirməyə və sui-istifadə hallarının qarşısını almağa xidmət edəcək.