Deputat Göydəniz Qəhrəmanov nikah zamanı narkoloji arayışın da tələb olunmasını təklif edib
Modern.az xəbər verir ki, Milli Məclisin bugünkü iclasında deputat bildirib ki, narkotik vasitələrin qəbulu insan sağlamlığına ciddi zərər vurmaqla yanaşı, cəmiyyət üçün də böyük təhlükə yaradır və insanların taleyinə mənfi təsir göstərir.
Onun sözlərinə görə, Azərbaycanda narkomaniyaya qarşı ciddi mübarizə aparılır və bu sahədə göstəricilər bir çox ölkələrlə müqayisədə daha aşağıdır: “Bu da dövlətimizin həyata keçirdiyi ardıcıl siyasətin nəticəsidir”.
G.Qəhrəmanov qeyd edib ki, müzakirə olunan qanun layihəsi işə qəbul olunan şəxslərin bu məsələyə daha məsuliyyətlə yanaşmasına səbəb olacaq.
Deputat əlavə olaraq təklif edib ki, nikah bağlanarkən təqdim olunan tibbi arayışa əlavə olaraq, narkoloji tibb müəssisəsi tərəfindən verilmiş arayışın da tələb olunması məqsədəuyğun olar.
Onun sözlərinə görə, bəzi hallarda şəxsdə narkoloji asılılıq nikahdan sonra üzə çıxır və bu da ailələrin dağılmasına səbəb olur: “Əgər bu hallar əvvəlcədən müəyyən edilərsə, boşanmaların sayını azaltmaq mümkün olar”.