Partlayıcı maddələrlə işləyən bütün mütəxəssislərin ailələrinə güzəştlər olsun.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, son hadisələr göstərir ki, məsələ yalnız mina partlayışları ilə məhdudlaşmır: “Hərbi sursat anbarlarında baş verən partlayışlar da var və bu sahə daha geniş yanaşma tələb edir”.
F.Mustafa qeyd edib ki, partlayıcı maddələrin zərərsizləşdirilməsi ilə məşğul olan mütəxəssislərin fəaliyyəti daha geniş kontekstdə nəzərə alınmalıdır. Onun sözlərinə görə, bu sahəyə yalnız mina təmizləyənlər deyil, eyni zamanda müxtəlif qurumlarda çalışan və partlayışların qarşısını alan şəxslər də daxildir.
Deputat vurğulayıb ki, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Müdafiə Nazirliyində çalışan, şəhər mərkəzlərində və digər ərazilərdə mümkün partlayışların qarşısını alan mütəxəssislər də yüksək risk altında fəaliyyət göstərirlər.
O təklif edib ki, bu sahədə çalışan bütün riskli peşə sahiblərinin ailələrinə də müvafiq sosial təminat və güzəştlər şamil edilsin: “Bu, baş vermiş hadisələr fonunda daha ədalətli yanaşma olardı”.
Deputat əlavə edib ki, məsələnin müzakirə olunaraq qanunvericilikdə nəzərə alınması məqsədəuyğundur.