Modern.az

Azad Suqovuşanda xoşbəxt HƏYAT

Azad Suqovuşanda xoşbəxt HƏYAT

Qarabağ

3 Oktyabr 2025, 16:55

Bu gün Suqovuşanın işğaldan azad edildiyi gündən 5 il ötür. 2020-ci ildə 44 günlük müharibənin gedişi zamanı məhz oktyabrın 3-də Azərbaycan hərbçiləri buranı düşmən tapdağından xilas edib, 30 illik həsrətə son qoyub. Qeyd edək erməni işğalı dövründə rayonun adı Madagiz qoyulub. İşğaldan sonra isə Prezident İlham Əliyev tərəfindən tarixi ad bərpa edilərək Suqovuşan qoyulub.

Vətən Müharibəsindəki qələbəmizin həmən ardından işğaldan azad olunmuş ərazilərdə sürətli bərpa-quruculuq işləri başlayıb və məcburi köçkünlər mərhələli şəkildə öz dədə-baba torpaqlarına qaytarılır. Məhz bu çərçivədə Suqovuşana da köç baş tutub.

Yararsız vəziyyətdə olan 144 şagird yerlik tam orta məktəbin binasında da əsaslı təmir işləri aparılıb. Bundan əlavə, ümumi gücü 7,8 meqavat olan “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyaları yenidənqurmadan sonra istifadəyə verilib.

Modern.az Suqovuşanın işğaldan azad edildiyi bu gündə öz dədə-baba torpaqlarına qayıtmış suqovuşanlıların təəssüratlarını öyrənməyə çalışıb.

Saytımıza açıqlamasında Suqovuşan sakini Niyazi Məmmədov bildirib ki, olduqca böyük fərəh hissi keçirir:

“2020-ci ilə qədər çox da uzaqda yox, Tərtər rayonunda yaşamışıq. Məcburi köçkünlüyün gətirdiyi ağrı-acını yaşamışıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Onların sayəsində  azadlığımıza qovuşduq. Namusumuzu, qeyrətimizi özümüzə qaytardıq”.

Hazırda yoldaşı ilə bir yerdə yaşayan Niyazi Məmmədov oradakı sakinlərə dövlət dəstəyini xüsusi vurğulayıb:

“Bu gün Suqovuşanda çox gözəl şərait yaradılıb. Dövlət tərəfindən çox yüksək səviyyədə qayğı görən vətəndaşlar kimi yaşayırıq”.

Digər bir Suqovuşan sakini Elçin Almasov onlar üçün dövlət tərəfindən yaradılan şəraitdən razı olduğunu qeyd edib:

“Bu gün Suqovuşanın azad edildiyi gündür. Təbii ki, öz doğma torpağımıza qayıtmağın sevincini yaşayırıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Onların qəhrəmanlığı nəticəsində bu torpaqlar düşmən tapdağından xilas oldu. Bizim üçün yaradılan şərait yaxşıdır, razıyıq.

Həm də müharibə veteranı olan Elçin Almasov hazırda yoldaşı və oğlu ilə bir yerdə öz dədə-baba torpağında ömrünü sürür: “Hazırda burada yaşayanların demək olar ki, hamısı işlə təmin olunub”.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin adamını Bakıya göndərir - Kreml bu dəfə nə planlayır?