Oktyabrın 10-da Xocalı rayonunun Təzəbinə və Ballıca kəndlərinə növbəti köç prosesi baş tutub. Bu mərhələdə hər iki kəndə ümumilikdə 43 ailə qayıdıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, bu gün Xocalının Təzəbinə kəndinə 126 nəfərdən ibarət 28 ailə, Ballıca kəndinə isə 15 ailə - yəni 53 nəfər köçürülüb. Hər iki kənddə sakinlərə mənzillərin açarları təqdim olunub.
Tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev, sakinləri doğma torpaqlara qayıdış münasibətilə təbrik edib və bildirib ki, burda sakinlərin məşğulluğu məsələsinə xüsusi diqqət yetirilir, onlar dövlət və özəl sektorda işlə təmin olunur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün də bütün zəruri şərait yaradılır.
Qeyd edək ki, bundan əvvəlki köç mərhələlərində Ballıca kəndinə 912 nəfərdən ibarət 200 ailə, Təzəbinə kəndinə isə 28 ailə - yəni 125 nəfər köçürülüb. Hazırda hər iki kənddə sakinlərin rahat yaşayışı üçün bütün şərait yaradılıb, zəruri infrastruktur və kommunal xidmətlər tam təmin edilib.
***
12:29
İşğaldan azad olunmuş ərazilərə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Böyük Qayıdış davam etdirilir. Oktyabrın 10-da respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Xocalının Təzəbinə və Ballıca kəndlərinə yola salınıb.
Modern.az xəbər verir ki, bu mərhələdə Ballıca kəndinə 15 ailə - 53 nəfər, Təzəbinə kəndi isə 28 ailə - 126 nəfər köçürülür.
Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 50 mindən çox insan yaşayır.