Oktyabrın 14-də Xocalı rayonunun daha bir kəndində sakinlərə yeni mənzillərin açarları təqdim olunub. Bu dəfə növbəti köç prosesi Təzəbinə kəndində baş tutub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, kəndə 28 ailə olmaqla 123 nəfər köçürülüb. Sakinlərə bərpa edilən fərdi yaşayış evlərinin açarları təqdim edilib.
Tədbirdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, sakinləri doğma yurda qayıdış münasibətilə təbrik edib və onların burda rahat yaşamaları üçün bütün zəruri sosial infrastrukturun yenidən qurulduğunu, kommunal xidmətlərin tam təmin olunduğunu deyib. Qeyd edək ki, bundan əvvəlki mərhələlərdə Təzəbinə kəndinə 56 ailə köçürülüb. Beləliklə, bugünkü köç də daxil olmaqla kənddə ümumilikdə 84 ailə məskunlaşıb.