Modern.az

Valideynləri şəhid qardaşların həlak olduqları yeri ziyarət etdilər

Valideynləri şəhid qardaşların həlak olduqları yeri ziyarət etdilər

Qarabağ

27 Oktyabr 2025, 13:16

44 günlük Vətən müharibəsinin şəhid qardaşları İman və Bəhrəm Məmmədzadələrin valideynləri Elman və Hicran Məmmədovlar Xocavəndin Qırmızı Bazar yaşayış məntəqəsinə gedərək, oğlanlarının həlak olduqları yeri ziyarət ediblər.

Modern.az xəbər verir ki, qardaşlar 2020-ci il noyabrın 1-də Qırmızı Bazar uğrunda döyüşlər zamanı bir-birlərinin gözləri önündə şəhid olublar.

İman və Bəhrəm Məmmədzadələr əslən Lerik rayonundandırlar. Onların arasında 2 il fərq vardı - İman 22, Bəhrəm 20 yaşında idi.

Böyük qardaş İman 1998-ci il sentyabrın 14-ü Lerik rayonun Kəlvəz kəndində anadan olub. 2004-cü ildə Kəlvəz kəndində məktəbə qədəm qoyub, ikinci sinfə isə 2005-ci ildə Lənkəran şəhərinin 5 nömrəli orta məktəbində gedib. 2007-ci ildə təhsilini Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsindəki 117 nömrəli orta məktəbdə davam etdirib. 2014-cü ildə 10-cu sinfi Fizika-Riyaziyyat-İnformatika təmayüllü liseydə oxuyub. 2015-ci ildə isə Rusiyanın Həştərxan vilayətində gəmi kapitanlığı ixtisası üzrə təhsilə başlayıb. O, həmin ixtisas üzrə 1 il oxuduqdan sonra ali təhsil almağa başlayıb.

Kiçik qardaş Bəhrəm 2000-ci ilin 18 aprelində Lerikin Kəlvəz kəndində dünyaya göz açıb. İbtidai sinfi 2005-ci ildə Lənkəran şəhərinin 5 nömrəli orta məktəbində oxuyub. 2006-2007-ci illərdə Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsindəki 117 nömrəli orta məktəbdə təhsilini davam etdirib. Qardaşı kimi o da 2014-2015-ci ildə Fizika-Riyaziyyat-İnformatika təmayüllü liseydə təhsil alıb. 2015-ci ildə 9-cu sinfin şəhadətnaməsini aldıqdan sonra qardaşı ilə birlikdə Həştərxan vilayətində gəmi kapitanlığı ixtisası üzrə oxumağa başlayıb.

Qardaşlar Həştərxanda 1 il oxuyublar. Daha sonra birlikdə Samara Universitetinin Hüquq fakültəsində ali təhsil almağa başlayıblar. 2016-cı ildə Hüquq fakültəsindən çıxaraq, Turizm fakültəsinə keçiblər.

2020-ci ilin iyul ayında İman Bəhrəmlə birlikdə, eyni gündə Qusar rayonundakı N saylı hərbi hissəsədə xidmətə başlayıblar.

Vətən müharibəsi başlanan dövrdə onlar artıq hərbi xidmət keçirdilər. Müharibə ərəfəsində Məmmədzadə qardaşları xidmət etdikləri hərbi hissə tərəfindən Füzuli rayonuna göndəriliblər.

Onlar Füzuli, Cəbrayıl, Suqovuşan və Xocavəndin işğaldan azad olunmasında iştirak ediblər.

Valideynləri oğlanlarının şəhid olmağından 1 noyabr tarixində xəbər tutublar. Həmin gün səhər saatlarında qardaşlarla birlikdə quluq edən yaralı gizir Əsgər Hüseynov onların atasına zəng vurub İmanla Bəhrəmin şəhid olduğunu xəbər verib.

Yoldaşlarının dediyinə görə, birinci İmanı vurublar, həmin vaxt onun ayağının sarımaq istəyəndə qardaşı Bəhrəm də yaralanıb. Çoxlu qan itirən İman şəhid olanda özünü saxlaya bilməyib ayağa qalxan Bəhrəmi düşmən snayperi ürəyindən vurub. İkisi də birlikdə keçiniblər. 

Xocavəndin Qırmızı Bazar qəsəbəsi istiqamətindəki döyüşdə 14 nəfərlik şəxsi heyətdən 11 nəfər şəhid olmuş, 3 nəfər isə yaralanmışdı... Məmmədzadə qardaşları da şəhid olanlar arasında idilər.

İman və Bəhrəm Məmmədzadə qardaşları Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına əsasən, "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə tətif ediliblər.

2020-ci il noyabrın 2-də qardaşlar Xəzər rayonunun Binə qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn olunublar.
 

A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Gürcüstanda ARA QARIŞDI - Minlərlə insan küçələrə axışdı