Modern.az

Hesablama Palatası Böyük Qayıdışla bağlı işlərə belə RƏY VERDİ

Hesablama Palatası Böyük Qayıdışla bağlı işlərə belə RƏY VERDİ

Qarabağ

3 Noyabr 2025, 11:53

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2026-cı ildə 3500,0 mln. manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur ki, bu da 2025-ci ilin təsdiq edilmiş göstəricisindən 500,0 mln. manat və ya 12,5% azdır.

Modern.az-ın məlumatına görə, bu barədə Hesablama Palatasının Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsinə verdiyi rəydə bildirilib.

“2026-cı ildə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün əvvəlki ilə nisbətən azalma ilə vəsaitin nəzərdə tutulması “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına digər mənbələrdən də vəsaitlərin cəlb edilməsini şərtləndirir”, - deyə rəydə qeyd edilib.

Rəsmi məlumata görə, 2025-ci ilin ilk 8 ayında işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası xərcləri üzrə müvafiq sifarişlər əsasında 2746,9 mln. manat icra edilib ki, bu da həmin məqsəd üçün nəzərdə tutulmuş illik xərclərin 68,7%-nə bərabərdir.

“Hesablama Palatası tərəfindən aparılan auditlər və təhlillər ilə işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin yenidən qurulması və bərpası, müasir infrastrukturların yaradılması istiqamətində genişmiqyaslı işlərin görülməsi ilə yanaşı, eyni məzmunlu və tipli layihələrdə ehtimal qiymətlərinin uyğunlaşdırılması, layihələrin maliyyələşdirilməsinə qeyri-büdcə təşkilatlarının vəsaitlərinin də cəlb edilməsi, büdcə yükünün azaldılması və vəsaitin istifadəsində qənaətlilik prinsipinin gözlənilməsi məsələsində optimallaşdırmanın zəruri olduğu qənaətinə gəlinib. Eləcə də əvvəlki və cari ilin büdcə icrası prosesində müvafiq istiqamətdə xərclərə dəyişikliklərin edilməsi təcrübəsi və büdcə-vergi siyasətinin istiqamətləri ilə bağlı məlumatlar növbəti ildə də müvafiq məsələnin aktuallığını göstərir.
Cari ilin ilk 8 ayında yüksək icra fonunda işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2025-ci ildə 12 sifarişçi üzrə 55 layihənin maliyyələşməsinə nəzərdə tutulmuş 214,6 mln. manat vəsaitdən hesabat dövründə ümumiyyətlə maliyyələşmə aparılmaması əvvəlki illərdə olduğu kimi keçid layihələrin artması ilə yanaşı, ilin sonunda qalıq vəsaitin yaranacağını, eləcə də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasının uzadılmasını şərtləndirir”, - rəydə bildirilib.

Əvvəlki ilin dövlət büdcəsinin icrası üzrə hesabatlara əsasən, maliyyələşdirilmiş 262 layihədən 36 layihə başa çatmış, 226 layihə isə keçid layihəsi olmaqla yaşayış məntəqələrinin (şəhər, kənd, qəsəbə), inzibati binaların və digər infrastrukturun tikintisini əhatə etmişdir.

Bununla yanaşı, cari ilin 8 aylıq icra məlumatlarında əvvəlki ildən fərqli olaraq, dövlət büdcəsi xərclərində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üzrə vəsaitin layihələr üzrə ayrılıqda nəzərdə tutulması dövlət vəsaitinin idarə edilməsində maliyyə intizamını artırmaqla yanaşı, layihələrin icra vəziyyətinə münasibət bildirilməsi məsələsini də şəffaflaşdırır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Prezidentin çıxışı Ermənistanı silkələdi: Sevan yoxdur, Göyçə var!