Azərbaycan xalqının ən böyük qürur səhifələrindən biri - Zəfərin əldə olunmasından 5 il ötür. Ötən bu illər ərzində torpaqlarımızda həyat yenidən canlanır, azad edilmiş bölgələrimizdə təhsil müəssisələri, yollar, habelə evlərin canlanması istqamətində bərpa-quruculuq işləri aparılır. Hər qarış torpağımızda Vətən müharibəsi iştirakçılarının izi, habelə əməyinin bəhrəsi görünür.
Modern.az bu qəhrəmanlardan biri olan və hazırda Laçın rayonunun Zabux kənd tam orta məktəbində hərbi hazırlıq rəhbəri kimi çalışan Vətən müharibəsi qazisi Taleh İsgəndərli ilə həmsöhbət olub.
O, döyüş meydanından məktəb auditoriyasına qayıdaraq, bu gün azad torpaqlarda gələcək nəsillərə vətənpərvərlik dərsi aşılayır.
“1996-cı ildə Bakı şəhərində anadan olmuşam. Bakı şəhərində doğulub, boya-başa çatsam da, əslən Laçın rayonunun Oğuldərə kəndindəndəm. Hələ müharibədən öncəki illərdən müxtəlif sahələrdə, o cümlədən hava limanında çalışmışam. 2020-ci ildə müharibə başlayanda isə mənim 24 yaşım var idi”,- deyə o söyləyib.
Vətən müharibəsi qazisi bildirib ki, bu kənd onun ata-baba yurdu olmasa da, buranı artıq öz evi kimi bilir:
“Zabux kəndində xidməti evlə təmin olunmuş, ailəmlə birlikdə burada yaşayıram. Həyat yoldaşım məktəbdə müəllim, qızım isə elə bu kənddə uşaq bağçasına gedir. Məqsədimiz şagirdlərə vətənpərvərlik ruhunu aşılamaq və tariximizin unudulmamasına xidmət etməkdir”.
Müsahibimiz torpaqlarımız işğaldan azad edildikdən sonra, dərs dediyi məktəbdə ilk dərs günüylə bağlı təəssüratlarını da bölüşüb:
“İlk dərs günü həm şagirdlər, həm də kənd camaatı üçün çox xüsusi gün idi. Bununla yanaşı, 1992-ci ildə Laçın işğal olunduğu üçün həmin ilin məzunları son zəng mərasimi keçirə bilməmişdilər. Biz işğaldan azad edildikdən sonra keçirilən ilk son zəngdə onları da dəvət etdik. Uzun illərdən sonra o məzunların yenidən məktəb həyətində toplaşması çox kövrək, tarixi və eləcə də təsirli an idi.
Hazırda əsas məqsədim şagirdlərdə vətənə bağlılıq, vətən uğrunda canından keçən şəhid və qazilərimizin qəhrəmanlığından ilham almaq kimi dəyərləri onlarda formalaşdırmaqdır. Onların ölkəsini sevən, torpağını qorumağa hazır fərdlər kimi yetişməsinə töhfə vermək istəyirəm”,- deyə T.İsgəndərli əlavə edib.
Qeyd edək ki, Laçın rayonu Ədalət Məmmədov adına Zabux kənd tam orta məktəbinin hərbi hazırlıq rəhbəri Taleh İsgəndərli Vətən müharibəsi iştirakçısıdır. O, Füzuli, Cəbrayıl, Xocavənd və Qubadlı rayonlarının azad edilməsində fəal iştirak edib. Taleh İsgəndərli “Vətən müharibəsi iştirakçısı” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub. Müharibədən sonra işğaldan azad olunmuş Laçın rayonunun Zabux kənd tam orta məktəbində hərbi hazırlıq rəhbəri kimi fəaliyyətə başlayıb və hazırda da həmin məktəbdə fəaliyyətini davam etdirir.