Modern.az

Düşmənə tuşladığımız top bizim üçün namus idi – Döyüşçü ilə MÜSAHİBƏ

Düşmənə tuşladığımız top bizim üçün namus idi – Döyüşçü ilə MÜSAHİBƏ

Qarabağ

12 Noyabr 2025, 12:20

44 günlük Vətən müharibəsində qorxmadan, sonuna qədər vuruşan, sağ-salamat evinə dönən döyüşçülərimizdən biri də Kənan Hacıyevdir.

Kənan Qoşqar oğlu Hacıyev 2001-ci ilin 25 iyununda Gədəbəyin Şınıx inzibati bölgüsünün Əyridərə kəndində anadan olub. Onun 1 yaşı olanda ailəsi ilə Bakıya köçüb. Sabunçu rayonu Zabrat qəsəbəsi 307 saylı tam orta məktəbi bitirdikdən sonra 2016-2019-cu illərdə 15 saylı Bakı Peşə Liseyində təhsil alıb. 

İkinci Qarabağ müharibəsindən sonra “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib. 

Müharibəni dünən bitibmiş kimi xatırlayan Kənan Hacıyev Modern.az-a keçdiyi döyüş yolunu, xatirələrini danışıb. 

- Müharibənin başlandığını sizə kim bildirdi? 

- Həqiqi hərbi xidmətə 2019-cu ilin iyul ayında – dinc dövrdə Beyləqanda başladım. Növbəti ilin iyun ayında artıq xidmətin məzmununda kəskin dönüş müşahidə edildi. Məxfilik, təhlükəsizlik və psixoloji hazırlığın təlimat üzrə icra edilməsi üçün bizə müharibə olacağını əvvəldən bildirmirdilər. Lakin özümüz bunu anlayır və hiss edir, komandirlərin hər bir tapşırığını göstərildiyi kimi icra edirdik.


- Real döyüşə hazırlıq nə zaman başlandı? 

- 2020-ci ilin 24 sentyabrında artıq şəxsi heyət olaraq Füzuli rayonunun Beşinci Zobucuq qəsəbəsinə gətirilmişdik. Maddi təminat yüksək səviyyədə idi. Verilən komandaya görə açıq havada – atəş mövqeyində ciddi keşik çəkməli idik. Qurulmuş müşahidə postlarını bir an da olsa, boş saxlamırdıq. Diqqətlə ətrafı müşahidə edirdik. Döyüş günü yaxınlaşdıqca, gərginlik də artırdı. Mən artilleriya dəstəsində idim. Toplar təyin olunmuş nöqtələrdə yerləşdirilmişdi. Səngərləri qazıb hazırlamışdıq. Qeyd etdiyim kimi, bundan əvvəl 4 aya yaxın keçdiyimiz döyüş hazırlığını mükəmməl şəkildə icra etmişdik.

- Sizə hansı döyüş tapşırıqları verilirdi?  

- Əsgər idim, amma müharibənin başlanğıcından sonuna qədər mühüm vəzifə daşıdım. Top komandiri kimi 44 günün tamamına qədər döyüşdüm. Təbii ki, bu vəzifə mənə təsadüfi və ya birbaşa tapşırılmamışdı. Əvvəl topun heyət nəfəri, sonra isə tuşlayıcı vəzifələrini daşımışam.

Mən o qədər top atəşi sınağı keçirtmişdim ki, 27 sentyabrda artıq sərrast mərmi atəşi açırdım. Heç bir tərəddüd və ya hədəfdən yayınma halı yox idi.

25 sentyabr tarixində səfərbərlik xətti ilə gələn əsgərlər artıq yanımızda idi.  
27 sentyabrın səhər saatlarında bölük komandirinin əmri ilə cərgəyə düzüldük və döyüşə başlayacağımız haqda son göstərişləri aldıq. Sonra mövqelərimizi tutduq. Çox keçmədi, qarşıdakı ön postumuzda atışmanın başlaması ilə hava hücumu da həyata keçirildi...

Döyüş komandaları batareyalara növbə ilə verilirdi. Nəhayət, mən olan dəstəyə də “atəş!” komandası verildi. Verilən koordinat üzrə dayanmadan 20-yə yaxın mərmi atdım.

Ara-sıra düşmən mərmisi də yanımıza düşürdü. Lakin mən və döyüş yoldaşlarım təyin olunduğumuz nöqtəni tərk etmirdik. Çünki top bizim üçün namus idi. İdarə etdiyimiz topu tərk etmək bizim üçün hər şeyi itirməkdən daha ağır gəlirdi... Axı bu, həm də döyüşü uduzmaq sayıla bilərdi.

Lakin düşmənin mərmi hücumu çox uzun sürmədi. Ordumuz vahid sistem kimi döyüşürdü. Yanımızdakı bölüklər gələn mərmiləri susdurmuşdu.


- Mövqeyinizdə irəliləyiş neçə gündən sonra baş tutdu? Qarşıda qaçan düşməndən geridə qalanlar nə idi? 

- Beşinci Zobucuq qəsəbəsindəki ilk postumuzu 4 gün sonra dəyişib irəlilədik. Amma Füzulinin tamamilə azad olunması uğrunda döyüşlər davam edirdi. Düşmən tərəfin yeraltı istehkamları var idi. Yeraltı mövqeləri dağıtmaq bizim əlavə vaxtımızı alırdı. Döyüş əməliyyatları gedişində qazılmış postlar tamamilə ordumuzun nəzarətinə keçmişdi.

Artıq erməni əsgərlərinin qoyub qaçdıqları hərbi texnika və ləvazimatlar bizdə idi. Əldə etdiyimiz hər bir döyüş ləvazimatını bölük komandirinə dərhal təhvil verirdik. Düşmən tankını tank bölüyü dəstəmiz operativ şəkildə saz vəziyyətə gətirərək aparırdı. İndi yəqin həmin tank da Qənimətlər parkındadır...

- Çox yaxşı xatırladığınız döyüş tapşırığı hansı olub?

- Komandirim mayor Natiq Musayev mənə xüsusi missiya kimi tapşırıq verdi. Dəqiq koordinatlar verərək düşmən mövqeyinə top atəşi açmağımı tapşırdı. Mövqeyim Füzulidə olsa da, hədəf Xocavənddə idi. İki-üç mərmi atəşi ilə hədəfi məhv etmişdim. İkinci belə tapşırığı da sərrast atəşlə ani müddətdə yerinə yetirdim. "Hərbi xidmətlərə görə" medalına bu tapşırıqların icrasına görə layiq görüldüm.


- Döyüş yolunuz hara qədər davam etdi?

- Biz Xocavənddə olanda artıq müharibə başa çatdı. Bundan sonrakı mərhələ torpaqların müdafiəsi idi. Olduğumuz yerdə diqqətlə davranırdıq. Düşmən işğalından yeni alınmış ərazidə mina partlayışlarına qarşı son dərəcə ehtiyatlı olmaq lazım idi. Biz müharibənin bitməsinin elan olunmasından sonra düşmənin hansısa qəfil hərbi manevrinə qarşı da hazırlıqlı idik.

Kənan Hacıyevin döyüş yolu şəhidimiz Nicat Xələfovla bir olub. Yaxın dostu olun Nicatın şəhidlik xəbəri Kənana dərin təsir göstərib. 

O deyir ki, xəbəri alandan sonra qisas hissi ona rahatlıq verməyib. Müsahibədə də bu haqda danışmağa çətinlik çəkdi. Kənan müharibədə həm də buna görə əzmlə döyüşüb. 

Nicat Xələfov 2001-ci il avqustun 4-də Siyəzən şəhərində anadan olub. 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Nicat Xələfov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nicat Xələfov noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Siyəzən şəhərində dəfn olunub.

Cavid Zahidoğlu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyə təyyarəsinə kənar müdaxilə ehtimalı...- ŞOK DETALLAR