Modern.az

Qarabağda turizm - Agentlik görülən işləri AÇIQLADI

Qarabağda turizm - Agentlik görülən işləri AÇIQLADI

Qarabağ

13 Noyabr 2025, 16:22

Qarabağ bölgəsinin zəngin turizm potensialı bölgənin Azərbaycanın əsas turizm zonalarından birinə çevrilməsinə imkan verir. Orta müddətli dövrdə işğaldan azad edilmiş əraziləri daxili turizm üçün əlçatan və keyfiyyətli turizm destinasiyasına çevirmək, perspektiv imkanlardan effektiv istifadəyə nail olmaq əsas strateji baxış olaraq müəyyən edilib.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın XII məqsədi üzrə “Turizm sektorunun perspektiv inkişaf imkanlarından effektiv istifadəyə nail olmaq” müəyyən edilib. Qeyd edilən məqsədə üzrə Qarabağ və Şərqi Zəngəzurda turizmin inkişaf etdirilməsi üçün bir sıra istiqamətlər müəyyən olunub. Bunlar işğaldan azad edilmiş ərazilərdə strateji çərçivənin müəyyənləşdirilməsi, institusional inkişaf, turizm destinasiyalarının inkişafı, turistlər üçün zəruri infrastruktur layihələrinin icrası, turizm məhsullarının inkişafı, turizm və rekreasiya zonalarının formalaşdırılması, turizm əhəmiyyətli tədbirlərin keçirilməsi, marketinq və kommunikasiya tədbirlərinin həyata keçirilməsi əsas istiqamətlərdir.  
 
Qeyd edilib ki, Daşaltı və Tuğ kəndləri, Hadrut və Suqovuşan qəsəbələrinin və Şuşa şəhərinin turizm inkişaf konsepsiyaları hazırlanıb, azad edilmiş ərazilərin mədəni irsi araşdırılmış və mədəni turizm yönümlü inkişafı qiymətləndirilib.
 
Dövlət Turizm Agentliyi tərəfindən işğaldan azad olunan ərazilərdə turizm infrastrukturunun yaradılması istiqamətində işlər çərçivəsində 2023-cü ilin oktyabrında Suqovuşan qəsəbəsində su anbarının ətrafında yaradılan parkda əhalinin asudə vaxtının səmərəli təşkili üçün sahilboyu gəzinti cığırları salınıb, oturacaqlar, söhbətgahlar, uşaqlar üçün əyləncə meydançası, idman qurğuları quraşdırılıb. Ərazisi 7,5 hektar olan parkda, həmçinin turist informasiya mərkəzi, kafe, üzən estakada, nəqliyyat vasitələri üçün avtodayanacaq yaradılıb. Bundan əlavə, Daşaltı, Tuğ və Hadrutda turizm infrastrukturunun yaradılması üzrə layihələr hazırlanmışdır.
 
Dövlət Turizm Agentliyi tərəfindən Füzuli rayonundan başlayaraq “Zəfər Yolu” turizm marşrutu üzrə səfər proqramı hazırlanıb.
 
Ölkəmizin təmsil olunduğu bütün beynəlxalq tədbirlərdə, onlayn platformalarda Qarabağın turizm potensialı geniş şəkildə marketinq və kommunikasiya tədbirləri keçirilir, beynəlxalq ictimaiyyətə tanıdılır.
 
“Yolumuz Qarabağa” platforması üzərindən fərdi minik avtomobilləri ilə işğaldan azad edilmiş müvafiq rayonlara səfərlər üçün icazənin müddəti 5 gündür. Həmçinin Şuşa, Suqovuşanla yanaşı, Laçın,  Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Xankəndi, Xocalı və Ağdərə istiqamətinə də fərdi avtomobillərlə səfər etmək mümkündür.

Bununla yanaşı işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən hotellərdə rezervasiya edən vətəndaşlar əraziyə giriş icazəsi əldə etməsi təmin edilib. 2025-ci ilin iyulun 23-dən etibarən xarici ölkə vətəndaşlarının  da Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə müvafiq icazə almaqla həm fərdi nəqliyyat vasitələri ilə, həm də qrup halında Şuşa, Laçın, Ağdam, Füzuli, Xocalı və Xankəndi şəhərlərinə səfər etmələri təmin olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
QIZĞIN DEBAT! Prezidentdən SƏRT MESAJLAR -Kimlər vəzifəsini itirəcək?