Bu gün növbəti köç karvanı ilə Zəngilan rayonunun Məmmədbəyli kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.
Modern.az xəbər verir ki, Məmmədbəyli kəndinə köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Sakinlərə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.
Açarların təqdim edilməsi mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər. Ailələr sevinclə açarları qəbul edərək öz evlərində məskunlaşıblar.
Qeyd edək ki, bu mərhələdə Məmmədbəyli kəndinə 30 ailə olmaqla, 143 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, yarımçıq tikili və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.