Kəlbəcər rayonunun işğaldan azad edilməsinin 5-ci ili tamam olur. 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına əsasən, Ermənistan silahlı qüvvələri 25 noyabr 2020-ci ildə Kəlbəcəri tərk etdi və rayon Azərbaycanın nəzarətinə qaytarıldı. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamına əsasən isə 25 noyabr Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur.
Səfalı dağları, zəngin təbiəti və mineral bulaqları ilə tanınan Kəlbəcər əsrlər boyu həm mədəni, həm də strateji baxımdan xüsusi əhəmiyyət daşıyıb. İşğaldan azad ediləndən sonra rayonda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, yollar, enerji xətləri və yaşayış məntəqələri yenidən tikilir. Bu gün Kəlbəcər ekoturizm və kənd təsərrüfatı potensialı ilə ölkənin dinamik inkişaf edən bölgələrindən birinə çevrilməkdədir.
Kəlbəcər Şəhəri Günü həm rayonun azadlığını, həm də xalqımızın iradə və birliyini xatırladan xüsusi gündür. Bu tarix Kəlbəcərin yenidən doğuluşunun, onun işıqlı gələcəyinin rəmzi kimi qeyd olunur.
Modern.az saytının “Ömrün ustadları” rubrikasının budəfəki btəqdimatı Kəlbəcərin ən yaşlı sakini ilə bağlıdır.

Kəlbəcərin ən yaşlı sakini Xeyrənsə İsmayıl qızı Baxışəliyevadır. O, 1 aprel 1913-cü ildə Kəlbəcər şəhərində dünyaya göz açıb. Kəlbəcərin dağlarında dünyaya göz açan, uşaqlığını sıldırım qayalar arasında, çiçəklərlə dolu yaylaqlarda keçirən Xeyrənsə nənənin gəncliyi sazlı-sözlü məclislərlə zəngin olub.
O, 1993-c ildə doğma yurdundan köçkün düşəndə 80 yaşı olub. Bu gün isə Xeyrənsə nənənin 113 yaşı var. Ömrünün tam 33 ili yurd həsrəti ilə keçib. Çoxları zənn edib ki, bu yaşdan sonra onun geri dönüşü mümkün olmayacaq. Amma Xeyrənsə nənə həm öz qətiyyəti, eləcə də yurduna olan dərin sevgisinin gücü ilə doğma torpağına dönə bildi və qələbənin sevincini öz gözləri ilə görmək ona nəsib oldu.
113 yaşlı Xeyrənsə Baxışəliyeva artıq bir neçə aydır ki, doğma Kəlbəcərdədir. Uzun illər doğma yurd, el-oba həsrəti ilə yaşayan Xeyrənsə nənənin 3 oğlu, 10 nəvəsi, 18 nəticəsi və 3 kötükcəsi var.
Biz də Xeyrənsə nənəyə möhkəm can sağlığı və uzun ömür arzu edirik!
