Qarabağ Universitetinin yaradılmasından iki il ötür. Universitet Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 noyabr 2023-cü il tarixli sərəncamı ilə təsis edilib.
Bu müddət ərzində universitet təkcə yeni bir ali təhsil müəssisəsi kimi formalaşmayıb, eləcə də ölkəmizin qalibiyyətlə başlatdığı yeni dövrün elmi və intellektual simvollarından birinə çevrilib.
44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində bərpa olunan ərazi bütövlüyümüz Qarabağda təhsilin inkişafı üçün geniş imkanlar açıb. Qarabağ Universiteti də həmin reallığın qanunauyğun nəticəsi olaraq meydana çıxıb. Bu ali təhsil ocağı bölgənin dirçəlişinə yönəlmiş dövlət siyasətinin mühüm dayaqlarından biri kimi regionun elmi, sosial və mədəni həyatına yeni nəfəs gətirir.
“Qarabağ Universitetinin qarşıda duran əsas hədəfləri ortamüddətli perspektivdə tələbə sayının 10 minə çatdırılması, Şuşa, Xocalı və Xankəndini əhatə edən müasirtipli multikampus modelinin tətbiqinə nail olunması, proqramların beynəlxalq akkreditasiyalardan keçirilməsi, innovasiya ekosisteminin formalaşdırılmasıdır”.
Modern.az xəbər verir ki, bu fikirləri Qarabağ Universitetinin rektoru Şahin Bayramov bildirib.
O qeyd edib ki, universitet dayanıqlı inkişaf yönümlü və tələbə mərkəzli idarəetmə, tədqiqat yönümlü tədris və innovasiya əsaslı bilik ekosistemi ilə ölkənin və regionun aparıcı ali təhsil mərkəzinə çevrilməkdə qərarlıdır:
“Qarabağ Universitetinin qarşıdakı illər üçün strateji hədəfləri daha geniş, sistemli və çoxşaxəlidir. Tədrisin keyfiyyətinin davamlı yüksəldilməsi, elmi potensialın gücləndirilməsi, gənclərin müasir bilik və bacarıqlara yiyələnməsi, maddi-texniki bazanın genişləndirilməsi və yenilənməsi, qarşılıqlı faydalı tərəfdaşlıqların inkişaf etdirilməsi, innovativ təşəbbüskarlığın, icmayönümlü layihələrdə fəallığın və beynəlxalq platformalarda iştirakın artırılması diqqət mərkəzində saxlanılır”.
Şahin Bayramov əlavə edib ki, Qarabağ Universitetinin yaradılmasının ikiilliyi qeyd olunarkən böyük qürur hissi ilə vurğulanmalıdır ki, bu ali təhsil ocağı Azərbaycanın postmüharibə dövründə həyata keçirdiyi ən uğurlu layihələrdən biridir:
“Burada qurulan hər bir dəyər, açılan hər bir fakültə, qəbul olunan hər bir tələbə, keçirilən hər bir dərs Qarabağın dirçəlişinə atılmış daha bir addımdır. Universitet azad edilmiş torpaqlarda yalnız həyatın deyil, biliklərin və yaradıcılığın bərpası, vətənpərvərlik ruhunun, milli kimliyin və Zəfər irsinin qorunduğu mənəvi mərkəzdir. Qarabağ Universiteti qalib xalqın qalib gəncliyi üçün yaradılmış ali təhsil ocağıdır. Burada yetişən "Zəfər nəsli" bilikli, yaradıcı, milli kimliyinə sadiq və dünyaya açıq Azərbaycan gəncliyidir. Beləliklə, Qarabağ Universiteti Zəfərin elmi davamı, Qarabağın yenidən intellektual doğuluşunun rəmzidir. Qarabağ Universiteti ailəsinin üzvü olaraq bu şərəfli missiyaya xidmət etmək sonsuz fəxarətdir.
Sonda Qarabağ Universitetinin yaradılmasına və inkişafına davamlı olaraq göstərdiyi yüksək diqqət və dəstəyə görə Prezident İlham Əliyevə universitetin bütün əməkdaşları və tələbələri adından dərin təşəkkürümüzü bildiririk. Əminik ki, dövlət başçımızın universitetin gələcəyi ilə bağlı qarşıya qoyduğu strateji hədəflərə çatmaq, Qarabağın intellektual, elmi və təhsil potensialını yüksəltmək istiqamətində uğurla irəliləyəcəyik”,- deyə o qeyd edib.