Modern.az

Xatirə İslam Xankəndidə konsertdən imtina etdi – ŞOK FAKT

Xatirə İslam Xankəndidə konsertdən imtina etdi – ŞOK FAKT

Qarabağ

18 Dekabr 2025, 11:51

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Xankəndi şəhərində bayram tədbirləri keçiriləcək. Bayram proqramı çərçivəsində şəhərdə “Qış nağılı” adlı yarmarka təşkil olunacaq.

Eyni zamanda Xankəndidə geniş konsert proqramının da baş tutacağı bildirilir. Tədbirlər şəhərin mərkəzində yerləşən Zəfər meydanında keçiriləcək. Qeyd edək ki, bu, Xankəndidə təşkil olunan sayca ikinci Yeni il tədbiridir. Bayram proqramına hazırlıqların artıq yekunlaşmaq üzrə olduğu bildirilir. Məlumata görə, tədbirdə tanınmış sənətçilərin iştirakı nəzərdə tutulub.

Etibarlı mənbədən Modern.az-a daxil olan məlumata əsasən, konsert proqramına əslən Xankəndidən olan müğənni Xatirə İslam da dəvət edilib. Müğənni əvvəlcə dəvəti müsbət qarşılayıb və Xankəndidə keçiriləcək konsert proqramında çıxış etməyə razılıq verib. Lakin sonradan Xatirə İslamın tədbirdə iştirakdan imtina etdiyi bildirilir. Məlumata görə, imtina qərarı bayrama az müddət qalmış verilib.

Məsələ ilə bağlı müğənni ilə əlaqə saxlamağa çalışsaq da, Xatirə İslam zənglərimizə cavab vermədi. Bununla əlaqədar olaraq onun köməkçisi ilə əlaqə saxladıq. Köməkçisi bildirdi ki, onların belə bir dəvətdən ümumiyyətlə xəbərləri yoxdur. Köməkçinin sözlərinə görə, Xatirə İslam Xankəndidə keçiriləcək konsertə dəvət almayıb və tədbir vaxtı Azərbaycanda olacaq.

"Heç bir təşkilatçı bizi dövlət tədbirinə dəvət etməyib. Bizə ümumiyyətlə dövlət tədbiri haqda məlumat verilməyib. Heç bir təşkilatçı nə mənimlə, nə də Xatirə xanımla əlaqəyə keçib". 

Xatirə İslamın köməkçisi dekabrın 31-də Xankəndidə heç bir dövlət tədbirinin planlaşdırılmadığını iddia edib və müğənni ilə qonorar barədə heç bir danışıq aparılmadığını da deyib. Onun sözlərinə görə 31 dekabr tarixində müğənni Bakıda olacaq.

Lakin etibarlı mənbə Xatirə İslamın köməkçisinin yanlış məlumat verdiyini bildirir. Hətta müğənni əvvəlcə 6 min manat qonorar tələb edib, daha sonra bu məbləğ 2500 manatla razılaşdırılıb. Məlumata görə, tərəflər arasında ilkin razılaşma əldə olunub və müğənniyə beh də verilib. Bir müddət sonra Xatirə İslamın behi geri qaytardığı qeyd olunur.

İmtinanın səbəbi kimi Moskvada konsert proqramının olduğu göstərilib. Bildirilib ki, müğənni həmin tarixdə Rusiyada olacaq. Xatırladaq ki, Xatirə İslam daha əvvəl Xankəndili olduğunu vurğulayıb. O, Xankəndidə keçirilən tədbirlərə dəvət edilməməsindən dəfələrlə şikayət edib. Bu baxımdan müğənninin son qərarı cəmiyyətdə suallar doğurur.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır