Otuz iki ildən sonra bu il ilk dəfə kəlbəcərlilər Yeni ili Kəlbəcərdə, öz evlərində qarşılayacaqlar. Odur ki, 2025-ci il Kəlbəcər üçün də, kəlbəcərlilər üçün də adi təqvim ili deyil. İllərlə həsrət qalan bir arzunun gerçəkləşdiyi tarixdir.
Uzun zaman sonra bu il Kəlbəcərə ilk köç oldu. Bu xüsusda sakinlər Yeni ili doğma yurdlarında qarşılayacaqlar.
Kəlbəcərlilər həm də qonaqpərvərlikləri ilə fərqlənən insanlardır. Maraqlıdır, onlar doğma yurdda Yeni ili kimlərlə birlikdə qarşılamaq istərdilər, kimləri qonaq çağırmaq istərdilər.
Modern.az bu suallarla Kəlbəcər sakinləri ilə həmsöhbət olub, onların duyğu və arzularını öyrənib.
Kəlbəcər rayonu Bəhmən Cəfərov adına 1 nömrəli məktəbin müəllimi Fənarə Sadıqova illər sonra Kəlbəcər şagirdlərinin doğma yurdlarında yolka qurmaq sevincinə şahid olmağın onun üçün unudulmaz hisslər yaratdığını söyləyib:
“Bu mənzərə məni illər əvvəlki Kəlbəcər günlərimə apardı. Sanki o hissləri yenidən yaşadım, özüm də uşaqlaşdım. Ən böyük sevincimiz Kəlbəcərin azadlığa qovuşmasıdır. Bu il ilk dəfədir ki, Kəlbəcər məktəbliləri Yeni ili öz doğma yurdlarında qeyd edirlər. Sevincimiz sözlə ifadə olunacaq deyil”.
F.Sadıqova da Yeni il günlərində deputatların Kəlbəcərə səfər etməsini arzuladığını bildirib:
“Biz Yeni il sevincimizi bütün dünya ilə bölüşmək istəyirik. Kəlbəcəri bizə bəxş edən Ali Baş Komandanımız İlham Əliyevə bütün kəlbəcərlilərin sonsuz sevgisini çatdırmaq istəyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu gün onların ruhu şaddır. Çünki Ali Baş Komandanımız öz "Dəmir Yumruğu" ilə ərazi bütövlüyümüzü bərpa etdi. Allah bütün qazilərimizin yar və yardımçısı olsun. Bizə sözlə ifadə oluna bilməyəcək xoşbəxtlik hədiyyə ediblər”, - deyə həmsöhbətimiz bildirib.

Kəlbəcər şəhər sakini Əli Abdullayev deyir ki, illər sonra Kəlbəcərdə Yeni ili qarşılayacaqları onlarda həyəcan və böyük sevinc doğurur:
“Bayram abu-havası artıq hər yerdə hiss olunur. Bu xoş günlərdə deputatımız Mircəlil Qasımlını Kəlbəcərə qonaq dəvət etmək istərdim. Gəlib sakinlərlə görüşsün, bir-birimizi daha yaxından tanıyaq, arzularımızı və problemlərimizi çatdıraq.
Ümumən isə bütün deputatlarımızı Yeni ildə Kəlbəcərə dəvət edirik. Başımızın üstündə yerləri var. Amma bir daha vurğulamaq istərdim ki, xüsusilə işğaldan azad edilmiş bölgələrin deputatlarını burada görmək istərdim. Onlar bizi daha yaxşı anlayar”.
Həmsöhbətimiz əlavə edib ki, Yeni ili doğma torpaqlarında, öz vətənlərində keçirməkdən böyük xoşbəxtlik yoxdur.
“Qışın ortasında belə ümidlərimiz çiçəklənir. Biz hisslərimizi, yaşantılarımızı, xoşbəxtliyimizi bölüşə bilirik. Hər kəsi Yeni ildə qonaq etməyə hazırıq”,- deyə o qeyd edib.

Digər Kəlbəcər sakini, Kəlbəcər rayonu Bəhmən Cəfərov adına 1 nömrəli məktəbin praktiki psixoloqu Vidadi Cəmilov da Yeni ilə hazırlıqların artıq başladığını bildirib:
“Yeni il münasibətilə deputatlarımızı Kəlbəcərə qonaq dəvət etmək istərdik. Onları burada görməkdən məmnun olarıq. Təkcə deputatları yox, ümumiyyətlə, bütün Azərbaycan xalqını Kəlbəcərdə görmək böyük arzumuzdur”.
V. Cəmilov qeyd edib ki, Kəlbəcərin çoxlu ziyalısı var. “Arzumuz budur ki, onların hamısını yenidən bu torpaqlarda görək.

Məktəblilər Yeni ilə elə həvəslə hazırlaşırlar ki… Uşaqlar Yeni ili böyük səbirsizliklə gözləyirlər. Hamıda xüsusi bir sevinc, bir həyəcan var.
Kəlbəcər elə möcüzədir ki, bunu bölüşmək insana xüsusi zövq verir. Kəlbəcərdən hamıya salam göndəririk və Yeni ildə gəlin, qonağımız olun, deyirik”.


