Modern.az

Arayikin etiraf etdiyi, 76 soydaşımızın öldürüldüyü “Tunel qırğını” və “Bəylik Bağı” FACİƏLƏRİ

Arayikin etiraf etdiyi, 76 soydaşımızın öldürüldüyü “Tunel qırğını” və “Bəylik Bağı” FACİƏLƏRİ

Qarabağ

19 Dekabr 2025, 16:24

Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi davam edir. Məhkəmədə son söz nitqi zamanı təqsirəndirilən şəxs Arayik Harutyunyan bir sıra etiraflar edib. 

"Mən çox məlumatlı adamam. Amma, Kəlbəcərdəki Tunel hadisəsini burada bildim. Məsələn, Bəylik bağı hadisəsini burada bilmişəm. Əlbəttə, bunlar hərbi cinayətlərdir və öz günahkarları var. Əgər günahkarlar bu dünyada cəzalanmayıblarsa, o biri dünyada öz əməllərinə görə cəzalanacaqlar", - deyə o bildirib.

Qeyd edək ki, Azərbaycan ictimai-siyasi leksikonunda “Kəlbəcər Tuneli” və “Bəylik Bağı” anlayışları iki ayrı dövrə, lakin eyni mahiyyətə - Birinci Qarabağ müharibəsi zamanı mülki əhaliyə qarşı törədilmiş ağır faciələrə işarə edir. Hər iki hadisə genişmiqyaslı sənədləşmənin olmaması səbəbindən beynəlxalq aləmdə yetərincə tanınmasa da, Azərbaycan cəmiyyətinin kollektiv yaddaşında dərin iz buraxıb.

Modern.az  “Tunel Qırğını” və “Bəylik Bağı” hadisələri zamanı yaşanan hadisələri diqqətinizə çatdırır:

Kəlbəcərdəki Tunel hadisəsi: çıxış yolu ölümə çevriləndə

1993-cü ilin aprelində Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı minlərlə mülki şəxs bölgəni tərk etməyə məcbur oldu. Ən təhlükəsiz çıxış yolu kimi isə Murovdağ istiqamətində yerləşən dağ tunelindən istifadə edilirdi. Tunel həm mülki əhali, həm də geri çəkilən Azərbaycan hərbçiləri üçün son ümid yolu idi.

Lakin şahid ifadələrinə və sonrakı araşdırmalara görə, həmin tunel Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub. Nəticədə aralarında qadınların, uşaqların və yaşlıların da olduğu çoxsaylı mülki şəxslər həlak olub.  Qadın, yaşlı, uşaq da daxil olmaqla ümumilikdə 53 nəfər qətlə yetirilib, 64 nəfər əsir götürülüb.Kəlbəcər Tuneli hadisəsi kütləvi qırğın kimi xatırlanır.

Ekspertlər bu hadisəni mülki əhaliyə qarşı törədilmiş hərbi cinayət kimi qiymətləndirirlər. Uzun illər ərzində beynəlxalq təşkilatların diqqətindən kənarda qalması isə faciənin hüquqi-siyasi müstəvidə tanınmasını əngəlləyib.

Bəylik Bağı hadisələri: Şuşada psixoloji terrorun simvolu

1992-93-cü illərdə Şuşa şəhərinin işğalından sonra şəhərdə qalan azərbaycanlı mülki əhali sistemli zorakılıqlarla üzləşib. Bu zorakılıqların ən ağır epizodlarından biri Bəylik Bağı adlanan ərazidə baş verən hadisələrdir.

Şahidlərin ifadələrinə görə, azərbaycanlı mülki şəxslər burada toplanaraq işgəncələrə məruz qalıb, bəziləri isə yerindəcə qətlə yetirilib. Ayrı-ayrı hallarda insanların ictimai şəkildə güllələndiyi, meyitlərin təhqir edildiyi bildirilir. Bu addımlar təkcə fiziki məhv məqsədi daşımayıb, eyni zamanda şəhərdə qalan əhalini qorxutmaq və bölgəni tərk etməyə məcbur etmək üçün psixoloji terror vasitəsi kimi istifadə olunub. Girov götürülənlərdən içərisində 8-i uşaq olmaqla 23 nəfəri ermənilər tərəfindən güllələnib. 

Bəylik Bağı hadisələri Şuşada azərbaycanlılara qarşı aparılan zorakılıqların və etnik təmizləmə siyasətinin simvoluna çevrilib. Uzun müddət bu faktlar əsasən şahid ifadələri səviyyəsində qalsa da, son illər mövzu ilə bağlı araşdırmaların sayı artmaqdadır.

Ortaq cəhətlər və unudulmuş həqiqətlər

Hər iki hadisəni birləşdirən əsas məqam mülki əhalinin hədəf alınması və zorakılığın sistemli xarakter daşımasıdır. Kəlbəcər Tuneli və Bəylik Bağı hadisələri Birinci Qarabağ müharibəsi zamanı baş vermiş digər faciələr kimi, beynəlxalq səviyyədə yetərincə tanınmayıb.

Araşdırmaçılar hesab edirlər ki, bu hadisələrin daha dərindən sənədləşdirilməsi və beynəlxalq hüquqi müstəviyə çıxarılması həm tarixi ədalətin bərpası, həm də gələcək nəsillər üçün obyektiv yaddaşın formalaşdırılması baxımından vacibdir.

İndi  Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi və burada ermənilər tərəfindən hadisələrin etirafı gələcəkdə məsələnin qlobal səviyyədə tanınmasına kömək edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır