“Euronews” kanalı “Around Azerbaijan” çərçivəsində Şuşanın Azərbaycanın mədəni həyatında niyə mərkəzi yer tutduğu barədə bəhs edib.
Modern.az xəbər verir ki, “Euronews”un müxbiri Natali Lindo Qarabağın ürəyinə - yaradıcılığı, rəssamları və onlara ilham verən mənzərələri ilə tanınan Azərbaycanın mədəni beşiyi olan Şuşaya səyahət etdi.
Natali Lindonun səyahəti Şuşa qalasından başladı. “Euronews” müxbirini Şuşa Dövlət Təbiət Qoruğunun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Səmayə Məmmədova müşayiət etdi.
“Şuşa ipəyi, xalçaları və atları ilə çox məşhur idi, bir çox tacirlər Şuşaya gəlirdi. Bu qapılar səhər tezdən açılır və gecə bağlanırdı”, - deyə o qeyd edib.
Daha sonra Natali Lindo Cıdır düzünə qısa bir gəzintiyə çıxdı, oradan Daşaltı dərəsinə mənzərə açılır. O, ətrafındakı inanılmaz gözəlliyi bölüşür: “Şuşanı ziyarət edən turistlərin sayı artır. Çünki onlar Cıdır düzünü görməyə gəlirlər. Bura möhtəşəm və tarixi bir yerdir. Eyni zamanda, bu, nağıldır”.
Vaqif məqbərəsindən danışarkən kanalın müxbiri qeyd edir ki, bura sakit düşüncələr yeridir, şəhəri formalaşdıran şairlərdən birinin şərəfinədir və Şuşa daşından tikilib.
“Vaqif çox maraqlı və yaradıcı insan idi”, - deyə Səmayə Məmədova bəhs edir: “O, Şuşanın ikinci Qarabağ xanının müşaviri idi. Amma ilk növbədə, o, çox istedadlı şair idi. Bu yer unikaldır - hər il burada Vaqif Poeziya Günləri qeyd edilir. Burada Azərbaycanın müxtəlif bölgələrindən şairlər toplaşır”.
Daha sonra təbiətə yenidən yaxın olmaq üçün şəhərdən bir neçə kilometr uzaqlaşan Natali Lindo suyun min il müddətində bu qayalardan axdığı Çətir şəlaləsinə gəlir. “Buraya çatmaq üçün iki kilometrdən çox məsafə qət etmək. Allahım, bura valehedicidir!”- deyə səyyah bildirir.
Süjetdə bildirilir ki, Şuşa dünyaya görkəmli istedadlar bəxş edib. Ən məşhurlarından biri bəstəkar Üzeyir Hacıbəylidir. Bəstəkarın ev-muzeyi onun evinin atmosferini qoruyub saxlayır və yaradıcılığı nəsillərə təsir etməyə davam edən dahinin həyatına unikal bir baxış etməyə imkan verir.
Ev-muzeyinin direktoru Nəsibə Eyvazova bildirir: “Üzeyir Hacıbəylinin musiqisi və yaradıcı irsi dünya musiqisinə dərin töhfə verib və bütün dünyada bəstəkarlara təsir edib. 1907-ci ildə o, beynəlxalq səviyyədə tanınmış ilk Azərbaycan operasını yazıb. Onun əhəmiyyətli əsərlərindən biri olan “Azərbaycan xalq musiqisinin əsasları” bir neçə dilə tərcümə olunub və geniş oxunur. O, çox vaxt bəstəkarların masalarında əvəzolunmaz bir istinad kimi yer alır”.
Musiqi bu gün də Şuşada əsas rol oynayır. Muğam bölgənin əlamətdar sənət formalarından biridir. Bu, şəhərin musiqi ənənəsinə davamlı bir töhfədir.
Şuşa xalçaları bu bölgəyə xas simvolik naxışlarla dolu sənət əsərləridir. Natali Lindo əsrlərin yaradıcılığının əks olunduğu bu ornamentlərin öyrənilməsinə dərindən qərq olur.
Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialının direktoru Babakişi İsrafilov deyir: “Qarabağ xalçaları dolğun rəngləri, sıx düyünlü toxunuşları və unikal toxunmuş naxışları ilə seçilir. Məsələn, bu xalçada xaribülbül çiçəyinin motivləri var. Xaribülbül Şuşanın əsas simvollarından biridir və onun motivi ənənəvi olaraq yalnız Qarabağda toxunmuş xalçalarda istifadə olunurdu”.
Natali bildirir ki, yaxından baxanda bu xalçalar həqiqətən Şuşanın sənətkarlığını nümayiş etdirir. Rənglər, texnikalar və tarixin hekayə edilməsi hər bir sapa hörülüb.
Səyahət 1752-ci ildə tamamlanan Gövhər Ağa məscidində davam edir. Klassik Qarabağ memarlığını və sənətkarlığını əks etdirən bu məscid keçmişin qorunub saxlanması və gələcəyin qurulması ruhunda bərpa edilib.
Daha sonra süjet Şuşanın mətbəxindən bəhs edir, onun bölgənin mənzərələri, fəsilləri və uzunmüddətli ənənələri ilə formalaşmasını vurğulayır.
“Bu gün mən sadə, isti və yerli mədəniyyətə bağlı dadlardan zövq alıram”, - deyə Natali Lindo qeyd edir.
“Bu gün sizi bir neçə ənənəvi yeməklə tanış edəcəyik”, - deyə “Saffron Restaurant Group”un texnoloq mühəndisi Ceyran Əsgərova bildirir. “Ən yaddaqalan məqam “boyanı” ilə hazırlanmış Şuşa plovudur. Düyünün içində kiçik oyuqlar açılır və hər oyuqda bir yumurta çalınır - hər qonaq üçün bir dənə. Plov buxarda dəmlənərkən yumurtalar özünü tutur və formasını saxlayır”, - deyə o əlavə edir.
Səyahətin sonunda “Euronews” müxbiri Gövhər Ağa minarələrdən birinin hündürlüyündən təəssüratlarını bölüşərək vurğulayır: “Şuşada keçirilən vaxt bacarıq, istedad və gözəlliklə dolu bir şəhəri nümayiş etdirdi. Keçmişdən bu günə qədər bu şəhər qürur, ehtiras və yaradıcı enerji ilə yaşayır. Bunu görmək ilhamverici idi...”