Modern.az

Məşhur general Murovdağ faciəsindən danışdı: Çoxu şaxtadan dondu...

Məşhur general Murovdağ faciəsindən danışdı: Çoxu şaxtadan dondu...

Qarabağ

15 Fevral 2026, 13:12

1994-cü il fevralın 14-də Murov dağı ətrafında rus-erməni silahlı birləşmələri ilə gedən ağır döyüşlər Azərbaycan Milli Ordusu üçün böyük faciə ilə nəticələnib. Həmin hadisələr zamanı 140 nəfər hərbçi şəhid olub, 111 nəfər itkin düşüb, 1 337 nəfər hərbçi isə şaxtadan donub.

Bu dəhşətli hadisələrlə bağlı Modern.az-a Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Fəxrəddin Cəbrayılov danışıb.

Onun sözlərinə görə, Murovdağ istiqamətində baş verən faciə 701 nömrəli hərbi hissənin hərəkəti zamanı yaşanıb:

“Məndən əvvəl həmin ərazidə 701 nömrəli hərbi hissə yerləşirdi. Yanvar ayında onlar Murovdağı aşaraq Kəlbəcər istiqamətinə doğru irəliləmişdilər. Kəlbəcərə təxminən 12 kilometr qalmış sol cinahdan Ağdaban istiqamətindən ermənilər rus hərbçiləri ilə birlikdə tanklarla qarşıya çıxaraq yolu kəsdilər.

Bu vəziyyət əsgərlərimiz arasında panika yaratdı. Hərbçilər Suzuzluq təpəsi istiqamətində, Daşkəsən tərəfə çəkilməyə məcbur oldular. Qışın ən sərt dövrü idi, güclü qar yağırdı. Əsgərlər dağa qalxdılar. Çoxu şaxtadan dondu, yaralananlar da oldu. Bəziləri xilas ola bildi, amma çoxlarının taleyi naməlum qaldı. Dəqiq sayını bilmirəm, yüzdən artıq hərbçi idi”.

1500151

Fəxrəddin Cəbrayılov bildirib ki, itkin düşən hərbçilərin bir hissəsinin meyitləri yalnız aylar sonra aşkar edilib:

“Aprel ayında qar əridikdən sonra mənim bir işçim, Abdullah Qurbanı mənə müraciət etdi. Dedi ki, cənab general, qar çəkilir, meyitlərin üstü açılıb, gəlin onları yığaq. Maraqlısı o idi ki, həmin ərazidə kiçik çaylar var idi. Kim suya düşmüşdüsə, sanki dünən dünyasını dəyişmişdi.

Biz həkimlərdən ibarət qrup yaratdıq. Abdullah Qurbani indi polkovnikdir. Yadımdadır, 121 və ya 122 nəfərin meyitini topladıq. Hamısını paketlərə bükür, dərmanlayırdıq. Sudаn çıxarılandan sonra bir müddət keçəndə bədənlərdə dəyişiklik baş verirdi”.

 

Milli Qəhrəman qeyd edib ki, meyitlərin daşınması üçün Müdafiə Nazirliyinə müraciət olunub:

“Müdafiə nazirindən xahiş etdim, helikopter göndərildi və meyitlərin hamısı Gəncəyə aparıldı. Onlardan 22 nəfərin kimliyi müəyyən edilə bilmədi. Digərlərinin qohumları gəlib tanıdı və meyitləri aparıb dəfn etdilər.

Həmin 22 naməlum şəxsdən biri Qubadlı rayonundan idi. Sonradan DNK analizi vasitəsilə kimliyi müəyyən edildi və qohumları tərəfindən öz doğma torpağında dəfn olundu”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mehdiyevin Rusiyaya zəngləri: DTX yeni gizlinləri üzə çıxardı - Xəbəriniz Var?