Bu gün Xocalı soyqırımının 34-cü ildönümü ilə yanaşı, “Böyük Qayıdış”a da şahidlik edirik. Dünən Prezident İlham Əliyev ailə üzvləri ilə birlikdə Xocalının Xanabad kəndinin sakinlərinə evlərinin açarlarını təqdim edib, onlarla görüşüb.
Modern.az dünən Prezidentin Xocalıda qonaq olduğu Sahibli ailəsi ilə əlaqə saxlayıb.
Leyla Sahibli saytımıza açıqlamasında qeyd edib ki, 30 ildən sonra Xanabadda, doğma yurdlarında ilk günü başa vurublar.
“Sevincimizin həddi-hüdudu yoxdur. Atam Ramin Əzizov Xocalı işğal olunanda cəmi 13 yaşında idi. O yaşında əsir düşmüşdü. Anasını, dayısını, onun övladlarını itirib, bibisi uşaqları itkin düşüb, hələ də onlardan xəbər yoxdur. Bütün bunlarla yanaşı, biz yenidən vətənimizdəyik. Atam uşaqlığını burada doya-doya keçirməsə də, nəvələri Xocalıda böyüyəcək, buranı yenidən quracaqlar”.
Xocalı sakini Leyla Sahibli Prezident İlham Əliyev və ailəsi ilə görüşdən də danışıb:
“Çox sevindik ki, Prezident evimizin qonağı oldu. Bu bütün məcburi köçkünlərin arzusudur. Prezidentə, əsgərlərimizə, qazilərimizə hər zaman minnətdar olacağıq. Allah şəhidlərimizə rəhmət eləsin. Onlar olmasaydı, bizim övladlarımız da Xocalısız böyüyəcəkdilər”.