31 mart - bu tarix Azərbaycanın və azərbaycanlıların tarixində iki qanlı hadisə ilə yadda qalıb: 1918-ci il mart qırğını və 1993-cü il Kəlbəcərdə Tunel hadisələri. Erməni vəhşiləri, daşnaklar 1918-ci ildə Azərbaycanın müxtəlif şəhərlərində insanlıqdan kənar qətliamlar törətdilər.
Bu hadisədən düz 75 il sonra eyni rəhmsizliyi 1993-cü ildə Kəlbəcərdə rayondan çıxmağa istəyən əhaliyə qarşı törətdilər. Kəlbəcər rayonunda “Tunel” adlanan ərazidə 1993-cü il martın 31-də qətliam baş verdi. Rayon ərazisini işğal edərkən tunelin qarşısında pusqu quran erməni faşistləri həmin gün buradan keçərək, təhlükəsiz yerə getməyə çalışan dinc azərbaycanlıları güllə-barana tutub, qətlə yetiriblər. Sağ qalanlar girov götürülüb, uzun müddət dəhşətli işgəncələr görüblər. Tuneldə qətliam törədən faşist dəstəsinə məşhur terrorçu, sonralar Ağdam rayonu ərazisində öldürülən "Avo" ləqəbli Monte Melkonyan başçılıq edib.
Məlum olduğu kimi, işğaldan sonra erməni separatçıları Bakıda Azərbaycan məhkəməsində mühakimə olundular. Məhkəmə proseslərində "Tunel qətlimaı" barədə də faktlar ortaya qoyuldu.
Tunel hadisələrinin canlı şahidlərindən biri olan Ramin Hüseynov Modern.az-a danışıb.
Saytımıza açıqlamasında R.Hüseynov bildirib ki, Azərbaycan əsgərinin faciə qurbanlarının qanını yerdə qoymadığını bildirib:
"Allaha çox şükür, Azərbaycan əsgəri bizim orada qanımızı aldı. Biz sevinirik. Amma nə qədər sevinsək də, bir Allah bilir ki, mən və mənim səksən iki nəfər kəndlilərim, qohumlarım nələr çəkib. Orada 7 yaşında Taleh, 11 yaşında Yadigar var idi. Mən özüm 14 yaşımdaydım. Yəni uşaqlar, qadınlar, yaşlılara qarşı hərəkət edirdilər. Biz dinc əhali idik, ermənilərlə bir işimiz yox idi. Sadəcə olaraq pənah gətirirdik ki, təhlükəsiz yerə gedək. Biz oradan maşınla çıxdıq ki, Yevlaxda, Gəncəyə, yəni kimin harada qohumları var idisə, ora gedək. Mən də Bakıya qohumlarım, qardaşlarımın yanına gəlirdim. Qardaşlarım tələbə idi. Uşaqları, qadınları, yaşlıları kənddən çıxardıq. Heç kəsin ağlına gəlmirdi ki, Kəlbəcər işğal oluna bilər, onu bizdən alarlar. Biz daha təhlükəsiz yerə gedirdik ki, başımıza bu faciə gəldi. Çox şükür bugünə Kəlbəcəri gəzirik. Kəndimizə də getmişəm. Dəfələrlə o tuneldən keçmişik. Amma oradan nə qədər oradan getsək də, çəkdiyimiz o faciəni heç vaxt unuda bilmirik".

R.Hüseynov hər dəfə o tuneldən keçdikdə, sanki yenidən əsir düşdüyünü hiss etdiyini deyir:
"Yəni bu, mənim taleyim imiş. İnsan taleyi ilə barışmalıdır. Mən 14 yaşında elə bir travma almaq istəməzdim. Yəqin ki, ölənə qədər bu travmadan xilas ola bilməyəcəm. Bu gün mənim artıq 46 yaşım var, lakin hər o tuneldən keçəndə sanki yenidən əsir düşürəm. Sanki böyüməmişəm, elə on dörd yaşında qalmışam. Bu da mənim bir taleyimdir də. 14 yaşında təmiz kənd uşağı idik, bir güllə də, ölü də görməmişdik. Adətən, kənd yerində kimsə rəhmətə gedəndə uşaqları çölə çıxmağa qoymazdılar ki, cənazəni görər, qorxar. Qəbristanlığın yanından keçməzdik. Amma mən o maşının altında gizlənmişdim. O 52 nəfəri yandırdılar. 5 nəfər mənim kəndim elə maşında öldü. Mən təsəvvür edin ki, yük maşının altında gizlənmişdim, maşının kuzasından kürəyimə qan damırdı. Yəni ölü görməyən adam təsəvvür edin necə olar, kəndlilərim yanımda öldü. Bu da bizim Allahdan qismətimizdir, taleyimizlə barışmalıyıq".
Kəlbəcərin bugünkü vəziyyətindən söhbət açan Ramin Hüseynov bunları deyib:
"Bu gün biraz darıxanda tez-tez deyirik ki, Kəlbəcərə gedək. Şükür Allaha, bugün Kəlbəcərin özü, kəndləri qurulur. Köçüb yaşayarıq, İnşallah. Çox şükür bugünə hər şey qaydasındadır.
Separaçıların məhkəməsi ilə bağlı isə həmsöhbətimiz bunları söyləyib:
"Sözün düzü, işimlə əlaqədar mən məhkəmədə ola bilmədim. Amma mənim kəndlilərim, qohumlarım hamısı orada oldular. Çox şükür ki, onlar cəzasını aldılar. Ermənilər yetmiş beş il sonra, qırğını tuneldə törətdilər. Çünki otuz beş kəndin yolunun bu tuneldən keçdiyini bilirdilər. Əgər o tunel bağlanıldısa, rayon mərkəzinə, ancaq uzunqulaqla, atla gərək gedəsən. Ermənilər də yaxşı bilirdilər ki, o kəndləri güllə-baran edəndə camaat maşınla həmin tuneldən keçəcəklər. Xocalıdan, Ağdabandan sonra ən böyük qırğını ermənilər tuneldə törədib".