Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə Qərbi Azərbaycan mövzusunda “Bir Elin Manifesti” mövzusunda ümumrespublika hekayə müsabiqəsi keçirilir. Müsabiqəyə təqdim edilən növbəti hekayəni təqdim edirik:
***
Mən bu hekayəmdə sizə uşaqlıq illərimdən yaddaşımda daş salnaməyə çevrilmiş bir sıra hadisələrdən danışmaq istəyərdim. O hadisələr ki, elə yaşıdlarım kimi mənə də uşaqlıqdan böyük bir travma yaşatmış, bütün varlığımı, düşüncələrimi, həyatımı, bəlkə, mən deyərdim ki, hətta, xarakterimi belə dəyişməyə məcbur etmişdir. Əlbəttə ki, bu hadisə 1991-ci ilin isti bir avqust günündə doğma Nüvədi kəndimizdən didərgin salınmağımız, qovulmağımız, o gözəl, doğma yerləri tərk etməyimizlə bağlıdır. Əslində, bu hadisənin dəqiq adı "qovulma" da deyil, "zorən qovulma"dır.
1988-ci ildə mənim 14 yaşım vardı, səkkizinci sinifdə oxuyurdum. Kəndimizə, doğma el-obamıza bağlılığım o qədər güclüdü ki, elə kiçik yaşlarımdan o yerlərin tarixiylə, folkloruyla, adətləriylə maraqlanır, toponimləriylə bağlı hər sözün kökünə gedib çatmağa çalışırdım. Atamın tarix müəllimi olması da bu işdə mənə yaxşıca təkan verirdi.
1988-ci ildə mənfur erməni millətçiləri "Böyük Ermənistan" iştahasıyla, namərdcəsinə dini, milli ayrıseçkilik xətti tutaraq Qərbi Azərbaycanda yaşayan yerli azərbaycanlıların öz dədə-baba torpaqlarından çıxarılmasına, zorən qovulmasına qalxdılar. Bu zorakılıqlara, təhdidlərə duruş gətirə bilməyən silahsız və köməksiz azərbaycanlılar əlacsız qalıb öz tarixi yurd-yuvalarını tərk etməyə məcbur oldular. 1988-1991-ci illərdə baş verən bu hədisələr hər dəfə dözülməz məşəqqətlərlə, qarlı dağ yollarında min bir çətinliklərlə, zorakılıqlarla, toqquşmalarla və hətta, bəzi məqamlarda azərbaycanlıların faciəvi ölüm hallarıyla müşayət olunurdu.
Qərbi azərbaycanlıların köç karvanları kəndimizin yanından keçirdi. Biz uşaqlar, hətta, bizimlə bir yerdə böyüklər də Zəngilan-Ordubad yolunun kənarındakı kiçik təpələrin üstünə çıxıb kədər dolu lal baxışlarla asta-asta, yorğun-yorğun hərəkət edən köç maşınlarına baxır, pay-piyada, min bir əziyyətlə, kilometrlərlə yol qət edən insanların üzlərindəki çarəsizlik ifadələrini gördükcə dəhşətə gəlirdik. Sanki, gözlərimizin qarşısında faciə janrında bir film göstərilirdi, sanki, biz, köhnə bir kinoteatr zalının sınıq-salxaq kətillərində oturub böyük köçdən bəhs edən kədərli filmə tamaşa edirdik. Əslində isə günlərlə, həftələrlə, aylarla davam edən bu dəhşətli film, bizə hansısa bir kinoteatr zalında proyeksiya otağından səhnədəki ağ pərdə üzərində göstərilmirdi, eləcə, canlı-canlı yaşanırdı gözlərimiz qarşısında. Kəndimizin kişiləri özlərini tox tutmağa çalışsalar da üz ifadələrindən hiss olunurdu ki, çox narahatdırlar, bir gün mənfur daşnak xəyanətinin onlara da gəlib çatacağını başa düşür, həmin vaxt nə edəcəkləri haqqında düşüncələrə qərq olur, bu sıxıntıdan mənən əziyyət çəkirdilər.
Atamın üzündəki çarəsizlik ifadəsi evdə daha çox hiss olunurdu. Elə hey "bu işlərin axırı necə olacaq" deyə-deyə təbəddülatlar keçirirdi. Anamın narahatlıqları isə daha çox lal-dinməz davranışlarında, qorxu golu gözlərində, küçədən və daha uzaq məsafələrdən gələn səsə qarşı olan həyəcanlarında göstərirdi özünü. Mən böyüklərin söhbətlərindən belə başa düşürdüm ki, əllərdə olan beş-üç ov tüfəngiylə ermənilərə müqavimət göstərməyin də mənası yoxdu. Çünki ermənilər sovet hərbi hissələrindən əldə etdikləri silah sursata görə də, siyasi dairələrdən və dünyanın hər bir yerindən aldıqları maddi, mənəvi köməyə görə də azərbaycanlılardan üstün vəziyyətdə idilər. Çünki, mənfur Qarbaçovun rəhbərlik etdiyi bu ölkədə bütün rəhbərlər, mərkəzi televiziya kanalları və qəzetlər hamısı ermənilərə dəstək durub onların törətdikləri vəhşiliklərə göz yummaqla öz işlərini bitmiş hesab edirdilər. Demək, məsələ bu cürmüş...
Mən bu acı həqiqətləri anladıqca çox pis olurdum, köklü bir xalqın hədə-qorxu ilə, dünyanın gözü qarşısında öz dədə-baba torpaqlarından qovulması və buna məsul olan sovet dövlət rəhbərlərinin susması, erməni daşnaklarına qarşı bir tədbir görülməməsi içimdə min bir qıcıq yaradırdı.
Mən sanki, dünyanın bu ədalətsizliyinə olan acığımı kitablardan "çıxırdım". Atamın aldıqları və ya məktəbin kitabxanasından götürdüyüm tarixi kitabları oxuduqca mənfur ermənilərə olan hirsim, qəzəbim ötən hər gün daha da alovlanırdı. Demək, 1828-1929 - cu illərdə İranla və Osmanlı ilə bağlanmış "Türkmənçay" və "Ədirnə" sülh müqavilələrindən sonra bu torpaqlara, eləcə də Qarabağa köçürülən ermənilər indi, bu faktları ayaqları altına atmış, onlara öz torpaqlarında yaşamağa yer vermiş azərbaycanlıları lndi dədə-baba yurdlarından qovub çıxartmağa qalxmışdılar. Mən bu tarixi faktları hər gün təkrar-təkrar oxuduğum zaman köç karvanları da hər gün ara vermədən gözümüzün qarşısındaca Qərbdən Şərqə doğru hərəkət etməkdəydi. Qərbi Azərbaycan torpaqları boşaldıqca bizə doğru gələn təhlükəni biz uşaqlar bilməsək də, sən demə, böyüklər hamısı nəyin nə olduğunu bilirmiş, hiss edirmiş. Beləcə, günlər, aylar bir-birini əvəz edirdi.
Bir gün yenə köç maşınlarına tamaşa etmək üçün bir-iki nəfər yaxın uşaqlarla bir yerdə Zəngilan yolunun kənarındakı təpələrin üstünə çıxmışdıq. O gün çox gözlədik, ancaq, bir dənə də olsun köç maşını gəlmədi. O biri gün, ta yenə o biri gün də elə oldu. Biz uşaqlar şübhədə, nigarançılıqda qalmışdıq ki, görən köç maşınlarına nə oldu, niyə birdən-birə arası kəsildi. Üçüncü gün axşam bunu atamdan soruşanda, atam, gözlərini məchul bir nöqtəyə zilləyərək cavab verdi ki:
- Daha köç gəlməyəcək! Çünki bizdən o tərəfdə olanlar hamısı köçdü, qurtardı. İndi növbə bizimdi, ya köçəcəyik, ya da...
Ya da nə olacaq? Nə atam sözünü bitirdi, nə də mən soruşdum.
Bir neçə gündən sonra öyrəndim ki, kəndin əli silah tutan bütün kişiləri səfərbər olub, qarşı təpələrdə səngərlər qazıb, postlar qururlar. Bu o demək idi ki, kənd camaatı köçməyi deyil, öz ata-baba torpaqlarını qorumağı, yəni, ermənilərlə döyüşməyi qərar veriblər. Mən bu qərarı eşidəndə sevincimin həddi hüdudu yox idi. Çünki, oxuduqlarımdan bu qənaətə gəlmişdim ki, camaatımız nə qədər silahsız olsa da, başda oturan sovet rəhbərləri nə qədər daşnakların tərəfini saxlamış olsalar da belə mənfur, namərd düşmənin qarşısından qaçmaq yox, kişi kimi döyüşüb vətəni müdafiə etmək lazımdır.
Anamın səhər-səhər stolun üstünə qoyduğu çay-çörəyin üzünə belə baxmadım, aldığım bu xəbərin sevinciylə tələsik evdən çıxıb kəndimizin qarşı tərəfindəki təpələrə doğru götürüldüm. Hündür təpələrin üstünə çatanda gördüyüm mənzərə məni qürurlandırdı, kövrəlmişdim, sanki, bu dəqiqə ağlayacaqdım. Tez özümü ələ alıb müəyyən məsafələrlə 3-4 yerdə səngər qazmaqla məşğul olan kəndimizin igid oğullarına yaxınlaşdım. Nəfəsini dərməyə çalışan bir kişidən külüngü alıb mən də min bir həvəslə torpağı qazmağa başladım. Külüngü torpağa necə ürəklə vururdumsa ətrafımdakılar da sanki mənə baxıb daha da həvəsə gəlirdilər.
- Ay maşallah, oğulsan, oğul! - Bunu deyən adam sonra üzünü o birilərinə tutub - Akif müəllimin oğludur, aslan parçasıdır - dedi.
Qürurlanırdım, vətənin müdafiəsi yolunda səngər qazmaq insana necə də qürurlu, şərəfli, ləyaqətli hislər bəxş edirmiş...
On, on beş dəqiqədən sonra atamın digər tərəfdən bizə tərəf gəldiyini gördüm. Əlində bel tutmuşdu, bir növ görülən işlərin keyfiyyətini yoxlayan nəzarətçi təsəvvürü yaradırdı. Məni uzaqdan görmüşdü. Yaxınlaşdıqca onun üzünün, gözlərinin gülümsəməsinin arxasındakı kədəri, narahatlığı yəqin ki, məndən başqa heç kəs hiss eləmədi.
Günlər bir-birini sanki, boğa-boğa, əziyyət verə-verə əvəz edirdi. Kənd cavanları, kənd kişiləri hər gün növbəli şəkildə bir-birlərini dəyişərək Nüvədini mənfur ermənilərdən qoruyurdular. Böyüklər mənə uşaq gözüylə baxırdılar, mən isə çalışırdım ki, özümə qarşı olan bu münasibəti dəyişdirim. Onlar mənə səngərdə durmağa icazə verməsələr də mən kənd müdafiəçilərinin digər bütün işlərinə cani dildən kömək edir, onlara lazım olan ləvazimatların çatdırılmasında fədakarlıq göstərməyə çalışırdım. Böyüklərin danışığından hiss olunurdu ki, silah sarıdan bir xeyli çətinliklər, problemlər var.
Aşağıda, kənddə olduğum zaman isə əsas işim yenə də tarix kitablarını oxumaqla, ermənilərin bu torpaqlara necə yerləşdiklərini dərindən öyrənməklə keçirdi. Bu, mənə çox vacib idi. Axı, mən tarixçi olacaqdım. Həm də bir kənd məktəbində beş-on nəfər şagirdə dərs keçən tarix müəllimi yox, tarixi daha dərindən öyrənib, araşdırmalar aparıb həqiqətləri üzə çıxarmağı bacaran bir tarixçi alim olacaqdım. Və nə vaxtsa elmi konfranslarda ermənilərə sübut edəcəkdim ki, siz kimsiniz, Qərbi Azərbaycana necə, nə zaman, haradan gəlmisiniz.
Dünəndən yağan yağış bütün kənd yollarını palçığ eləmişdi. Buna baxmayaraq səhər tezdən qalxıb bir neçə könüllü ilə bir yerdə səngərlərə bəzi şeylər aparıb günortaya yaxın geri dönmüşdüm. Pəncərədən payızın sönük görüntüsü, çılpaq ağacların skletə bənzər siuletləri görünürdü. Anam evdə yoxuydu, görünür ki, qonşudaydı. Üzü pəncərəyə tərəf oturub yenə tarix kitablarını vərəqləyirdim. Bu zaman çöldə əcaib bir vıyıltı səsi eşitdim, sonra pəncərədən çöldə, mən oturduğum otaqdan beş-on metr aralıda nəyinsə güclü bir şəkildə bağa çırpıldığını, sonra isə yanğınla müşayət olunan güclü bir partlayış olduğunu gördüm. Eyni anda pəncərə şüşələrinin də cilik-cilik olub yerə tökülməsi və mənim yerimdən qalxmağımla arxadakı divara çırpılmağım bir oldu, sonra isə özümdən getdim, heç nəyi hiss eləmədim.
Gözlərimi açanda başımın üstündə ilk atamı gördüm. O, məni qolları arasına alıb asta, nəvazişli bir səslə çağırırdı.
- Əkrəm, oğlum, ayıl! Atan sənə qurban...aç gözlərini...
Sanki yatmışdım, atamın nəvaziş dolu sözlərini eşidərək gözlərimi açdım. Otaqda atamdan, anamdan başqa bir də qonşular vardı. Bir də təbii ki, kəndin həkimi Cəlil dayı.
Ermənilər ilk dəfə olaraq kəndə Alazan tipli raket atmışdılar. Həmin gündən sonra isə mənfur ermənilərin Nüvədini atəşə tutmaları daha da çoxaldı. Vaxtaşırı kəndə atılan bombalar da, yuxarıda, təpələrin üstündəki postlardan bizimkilərin ermənilərə açdıqları cavab atəşləri də həyatımızın bir hissəsinə çevrilmişdi.
Kəndin başbilənləri əlavə olaraq Nüvədinin müdafiəsi ilə bağlı yuxarı orqanlara, rəhbəliyə müraciət etmişdilər. Müraciətin nəticəsi o oldu ki, bir gün kəndə Sovet Ordusunun kiçik bir hissəsi gəldi və onlar hökumət binalarının birində yerləşdilər. Sonra onlar kəndin özünümüdafiə dəstələrinin yaxınlıqlarında mövqe tutub xidmətə başladılar.
Mən yenə də həvəslə kəndimizin özünümüdafiə dəstələrinə kömək etməyə çalışırdım. Axrıncı posta gedən yol Sovet Ordusu əsgərlərinin durduğu yerin yanından keçirdi. Burada onların bir hərbi maşını və bir tankı dayanmışdı. Cəm halında 8 nəfər əsgər idilər. Aralarında sarışın əsgərlərlə yanaşı qıyıqgöz olanlar da vardı. Hər dəfə onların yanından keçəndə "salam" verib keçirdim. İnsafən onlar da mənim salamımı çox həvəslə alırdılar, "aleykum salam" deyib gülümsəyirdilər. Bir iş vardı ki, hər dəfə bu əsgərlərin yanından keçib öz postumuza nə isə aparanda utanırdım. Əsgərlərimizə çatası meyvələrdən və ya başqa azuqələrdən onlara təklif edə bilmirdim, çünki bu, doğru olmazdı. Bir-iki belə haldan sonra bu problemə çarə tapdım. Öz əsgərlərimizin yanından qayıdan kimi anbarımızdan bir dolu vedrə nar, bir vedrə də heyva götürüb geri qayıtdım. Əsgərlər mənim ürəyimi həmin an oxudular, yəni, bir saat əvvəl geri dönüb yenidən meyvə dolu vedrələrlə onların yanına qayıtmağım çox səmimi və minnətdarlıqla qarşılandı. Əsgərlərdən ikisi rus, ikisi ukraynalı, dördü isə Orta Asiya tərəfdən idilər. Hiss edirdim ki, mənə qarşı ən səmimi, ən xoş münasibəti ukraynalı bir əsgər göstərir. Həm də hiss edirdim ki, həmin əsgərin rütbəsi də böyükdür və o, burdakı heyətin üzərində məsul olan şəxsdir. Demək olar ki, onunla dostlaşmışdım. Adı Yevgeni idi. Yevgeni Yurçenko. Yaraşıqlı, gülərüz, hündürboy bir əsgər idi Yevgeni. Sən demə zarafatı da çox sevirmiş. Bir gün elə zarafatla da mənə dedi:
- Akram, sən əsgərliyə Ukraynaya getsən, mən sizi qoruduğum kimi sən də ukraynalıları qoruyarsanmı?
Gülümsünüb cavab verdim:
- Hə, qoruyaram. Əgər orada mənə də hər gün nar, heyva, yaxud başqa hədiyyələr versələr, əlbəttə, qoruyaram.
İkimiz də ürəkdən güldük. Yevgeni əlini əlinə çırparaq mənim bu təsadüfi hazırcavablığıma sağ əlinin baş barmağıyla "afərin" dedi, sonra da gülməyini qurtarıb əlavə etdi:
- Nar, heyva olmasa da əminəm ki, ukraynalılar hər bir dosta ürəklərini, sevgilərini verərlər.
Mən məmnunluq əlaməti olaraq başımı tərpətdim. Sonra Taras Şevçenkonun məktəbdə öyrəndiyim bir şerini rus dilində söyləməyə başladım:
Mən öləndə məni basdırarsınız, Yüksək bir təpədə, bir dağ başında.
Elə bir yerdə ki, görünsün, yalnız
O gözəl Ukrayna....
Şeirin bu yerinə çatanda Yevgeni də mənə qoşuldu. İkimiz də sinəmizi qabağa verib gözəl bir intonasiya ilə şeri axıra qədər oxuduq. Bir neçə dəqiqə əvvəl Yevgeninin gülən gözləri indi sevincdən yaşarmışdı.
Beləcə mən tez-tez Yevgeni ilə görüşürdüm. Öz postumuza lazım olan ləvazimatları verib geri qayıdanda hər dəfə on-on beş dəqiqə Yevgeni ilə bir kənara çəkilib dostcasına söhbətləşirdik. Onun əsgər yoldaşları bizim dostluğumuzu bildikləri üçün belə hallarda bizə yaxınlaşmırdılar.
1990-cı ilin Novruz bayramı yaxınlaşırdı. Sözsüz ki, erməni daşnakları hər dəfə olduğu kimi bu bayram da bizə hücum etməyə, bayramımızı qara gətirməyə çalışacaqdılar. Martın 20-də silahlı daşnak dəstələri iki istiqamətdən Nüvədiyə hücum etdilər. 6 saat çəkən döyüş daşnakların geri oturdulması ilə nəticələndi. Hücum zamanı heç nə əldə edə bilməyən ermənilər geri çəkilib kəndi artilleriya atəşinə tutdular. Bir neçə evə güclü ziyan dəydi, iki ev isə tamamilə yerlə bir oldu. Səhəri gün yenə sakitlik....
Bir gün öz postumuza gedəndə Yevgenini çox dilxor gördüm. Səbəbini soruşanda yavaşca xısınladı ki, get öz postunuza dəy, qayıdıb gələndə deyərəm. Bütün düşüncəm Yevgeninin nə deyəcəyi sözün yanında qalmışdı. Ona görə də geri qayıdan zaman elə birbaşa onun yanına gəldim. Əsgər yoldaşlarından 20-30 metr aralıda dayanıb məni gözləyirdi. O da birbaşa mətləbə keçdi.
- Akram, sənə bir söz deyəcəyəm. Ancaq, əslində, deməməliyəm. Mən əsgərəm. Əgər, bunu bilsələr ki, mən bu sözü sənə demişəm, mənə cəza verərlər.
Mən ona söz verdim ki, nə söz olursa olsun heç vaxt səni çətinlikdə qoyub adını kiməsə vermərəm. Hətta, ölsəm də.
- Akram, məndə olan məlumata görə bizim hissələr yaxın zamanlarda buranı tərk edəcəklər. Vaxtı dəqiq bilmirəm, ancaq, eşitmişəm ki, biz buradan birdəfəlik çıxacağıq. Sizin işiniz çətin olacaq. Bizimkilərə etibar etməyin. Elə onsuz da komandirlərin danışıqlarından başa düşülür ki, bizi burada məcbur saxlayıblar. Yalandan göz görüntüsü yaratmaq üçün. Hərbi hissə komandiri və başqa yüksək rütbəli zabitlərimiz ermənilərlə gizli-gizli görüşürlər. Ancaq, nə danışırlar, nə sövdələşirlər bilmirəm. Bildiyim odur ki, yaxın vaxtlarda buranı tərk edəcəyik. Ehtiyatlı olmalısınız. Biz çıxan kimi kəndə güclü hücum təşkil olunacaq.
- Çox sağ ol Yevgeni! Arxayın ol, sənin adını heç doğma atama da demərəm!
Mən ilk fürsət tapan kimi Yevgeninin adını çəkmədən bu məlumatı atama çatdırdım. Təbii ki, atam bunu haradan öyrəndiyimi soruşdu. Mən isə - bir yerdən öyrəndim, dəqiq məlumatdı. Ancaq, onların nə vaxt çıxmasının tarixi bilinmir. - dedim. Sözsüz ki, atam da bu məlumatı lazımi adamlara deyəcəkdi. Ehtiyat tədbirləri görüləcəkdi. Ancaq, necə? Sovet əsgərləri kənddən çıxandan sonra təpədən dırnağa qədər silahlanmış düşmənə qarşı hansı tədbirlər görülə bilərdi ki? Görünən o idi ki, heç bir kömək olmadan, heç bir təminat olmadan bu işi axıra qədər bacarmaq mümkün olmayacaqdı. Daşnak ermənilər isə hər gün bir ultimatum göndərirdilər. "Xoşluqla kəndi tərk edin! Çıxın erməni torpaqlarından!"
Vay sizin zatınıza lənət! Zəngəzur nə vaxtdan sizin torpağınız olub?!
Bəli, adamın dilini gödək eləyən bir şey vardı ortalıqda. 1920-ci ildə Qərbi Zəngəzur namərdcəsinə Ermənistana pay verilmişdi. Nüvədi və bir neçə kənd isə 1929-cu ildə Ermənistana verilsə də həmin qərarın reallaşması 1969-cu ildə baş tutmuşdu. 1948-1953-cü illərdə yüz min azərbaycanlı SSRİ-i rəhbərlərinin qərəzli, riyakar siyasəti nəticəsinfə öz tarixi dədə-baba yurdlarından didərgin salınmış, qanunsuz olaraq Azərbaycan SSR-a köçürülmüşdü.
Hələ İrəvan, Göyçə mahalı, Drələyəz, Basarkeçər, Vedibasar, Qaraqoyunlu, Ağbaba və azərbaycanlıların yaşadığı digər yüzlərlə tarixi yerlərin kimə məxsus olduğunu demirəm.
Novruz bayramı günlərində daşnaq ermənilərin Nüvədiyə hücumunun iflasa uğraması, məğlub edilərək geri oturdulması görünür ki, onları daha da quduzlaşdırmışdı. Aprelin 24-ü, yəni, ermənilərin qondarma soyqırım günü sözsüz ki, bu quduzlar Nüvədiyə yeni bir hücum təşkil edəcəkdilər. Gözləntilər elə də oldu. Aprelin 24-də erməni daşnakları yenə hər tərəfdən Nüvədiyə hücum çəkdilər. Amansız döyüşlər yenə 5-6 saata qədər çəkdi. Ermənilərin hücumu qarşısında çıxılmaz vəziyyətdə qalan sovet əsgərləri də məcbur qalıb döyüşə qatılmışdılar. Mən öz döyüşçülərimizlə yanaşı Yevgeniniyə görə də çox narahat idim. Çünki o, sovet əsgəri sayılsa da qəlbən bizə daha çox bağlıydı. Bir neçə saatlıq döyüşlərdən sonra daşnaklar yenə itki verərək geri çəkilməyə məcbur oldular.
Səhərüzü atam evə gəldi. Mən hövlnak ona yaxınlaşdım. səngərlərdəki vəziyyəti soruşdum. Cavab verdi ki, yaxşılıqdı, yaralananlar olsa da ölüm olmayıb. Sovet əsgərlərindən isə bir nəfər ölüb, - deyirlər.
Mən həyəcanla soruşdum:
- Kim ölüb? Hansı postda olub?
- Qəbristanlıq tərəfdə ikinci postda.
- Nə danışırsan, ata! - həyacanımı saxlaya bilmədim, bədənimə bir anda istilik gəlmişdi.
- Nə olub, niyə belə həyəcanlandın?
Bir anda quş olub ikinci posta uçmaq istəyirdim. Nə olur olsun, bircə Yevgeniyə heç nə olmasın. Atama heç bir söz demədən eşiyə atıldım. Arxadan atamın həyəcanlı səsi gəldi:
- Əkrəm, hara?
Həyət qapısından çıxa-çıxa atama cavab verdim.
- Bir saata gəlirəm.
Tənginəfəs halda ikinci posta çatmağımla özümdən ixtiyarsız - Yevgeni! - deyə hayqırmağım bir oldu.
Əsgərlər hamısı tankın ətrafında səssiz halda oturub sanki, oturduqları yerdəcə donmuşdular. Mənim hayqıraraq onlara tərəf gəldiyimi görüb dikəldilər, ayağa qalxdılar. Mən onlara yaxınlaşdıqca hiss edirdim ki, nə isə çatmır. Ayağımın altındakı torpaqmı, nəfəs aldığım havamı, bilmirəm, ancaq, Yevgeninin burada, əsgərlərin arasında olmadığı da gün kimi aydın görünürdü. Əsgərlər günahkarcasına başlarını aşağı dikmişdilər, hiss olunurdu ki, nəzərlərini məndən qaçırmağa çalışırlar. Artıq, hər şey mənə aydın idi. Demək, həlak olan əsgər Yevgeni imiş. Mən bir neçə dəqiqə onların yanında elə onlar kimi lal-dinməz dayandım, sonra, sonra isə dağlar qədər ağır sükunətə dözə bilməyərək hönkürtüylə ağlamağa başladım. Mən ağladıqca əsgərlər hamısı bir-bir mənə yaxınlaşır, əllərini çiynimə qoyub boynumu qucaqlayırdılar, anlayırdım ki, beləcə, mənə başsağlığı verirlər.
Evə qayıdanda ölən əsgərin adının Yevgeni, özününsə mənim dostum olduğunu, bir neçə gün əvvəl Nüvədi üçün həyati önəm daşıyan bir sirri də məhz ondan öyrəndiyimi atama deməyi özümə borc bildim. Sonra mənə Yevgeninin həmin döyüşdə necə fədakarlıqla döyüşdüyünü, necə qəhrəmancasına həlak olduğunu da danışdılar. Bir müddət sonra isə qədirbilən Nüvədi camaatı kəndin görməli bir yerində Yevgeninin xatirəsinə bir abidə ucaltdı.
Mən tez-tez həmin abidəyə baş çəkib Yevgeni qarşısında olan vəfa borcumu yerinə yetirməyi özümə borc bilirdim.
Eləcə də kənd qəbristanlığında uyuyan qəhrəman Nüvədi sakinlərinin də qəbirlərini tez - tez ziyarət edərək onlara da öz vəfa borcumu çatdırıb dualar edirdim.
Nəhayət Yevgeninin bizi xəbərdar etdiyi gün, Sovet hərbi hissəsinin Nüvədini tərk edib nüvədililəri daşnaklar qarşısında yalqız qoyduğu o gün, 1991-ci ilin 8 avqustu gəlib çatdı. Gecənin bir yarısı tankların və digər hərbi texnikanın gurultulu səsi kənd camaatının hövlnak küçələrə axışmasına səbəb oldu. Sonra məlum oldu ki, sovet hərbi hissəsi gecəylə postları ermənilərə təhvil verib özləri də sürətli bir şəkildə kəndi tərk etməyə çalışırlar. Bunun mənası o demək idi ki, onlar bir neçə saatdan sonra Nüvədidə baş verə biləcək hər cür qanlı hadisənin cavabdehliyindən özlərini uzaq tutmaq üçün tələm-tələsik kənddən çıxıb uzaqlaşmaq istəyirlər. Həm də Allah bilir, erməni daşnaklarına nə qədər silah, sursat veriblər, indi də gecəyarısı, oğru kimi aradan çıxırdılar. Kim bilir, bəlkə də bir neçə gün əvvəl onsuz da zəif silahlarla müdafiə olunmağa məcbur qalan Nüvədi könüllülərinin qoruduqları postları gücləndirmək bəhanəsilə sovet hərbi hissəsinin təhvil alması da gizli bir planın tərkib hissəsiymiş...
Yaxşı ki, kəndin başbilənləri vəziyyətin gərginliyini anındaca qiymətləndirdilər: bütün ətraf təpələrdəki postları sovet hərbçilərindən təhvil alan ermənilər Nüvədi üçün qanlı bir tələ qurmuşdular. Bu tələdən xilas olmağın yeganə yolu təcili şəkildə Nüvədidən çıxmaq idi. Nüvədimizi nə qədər çox sevsək də, nə qədər bu torpağa bağlı olsaq da bu gün, bu gecə bütün sevgimizi elə burada qoyub Nüvədini tərk etməyə məcbur qalmışdıq. Sovet rəhbərliyinin Qərbi azərbaycanlılara qarşı olan riyakar və qərəzli münasibəti bu yerlərin köklü sakinləri olan azərbaycanlıların son dayaq nöqtəsi olan Nüvədi camaatını da öz ata-baba yurdlarını gecəylə tərk etməyə vadar etdi. Kəndin son sakinləri Nüvədidən çıxanda kaftar xislətli erməni daşnaklarının təpələrdən üzü aşağı hücuma keçdikləri hər tərəfdə əks-səda verən və kaftar səsinə bənzər səslər çıxarmalarından, çığır-bağırlarından bəlli olurdu.
11 noyabr, 2020-ci il. Vejnəli.
Hündürboylu, idmançı görünüşlü mayorun arxasınca gedən iki əsgər avtomatlarını sinələrinə sıxıb əmrə hazır dayanmışdılar. Əsgərlərdən biri mayora:
- Komandir, bunlar erməni deyil, ruslardır - dedi.
- Hə, elədir. - mayor cavab verdi.
Mayor və arxasınca gedən iki əsgər erməni postuna çatanda bir neçə nəfərdən ibarət rus hərbçiləri ilə qarşılaşsalar da bu hal mayor üçün heç bir çaşqınlıq yaratmadı. Ruslarla salamlaşandan sonra mayor 50-60 metr irəlidə görünən kiçik bir təpəni göstərib dedi:
- Mən beş dəqiqəlik o təpənin üstünə çıxıb ətrafa baxmaq istəyirəm.
- Xeyr, olmaz! Sizin sərhəd burada qurtarır - rus zabiti postun yerləşdiyi xətt üzrə havada üfiqi bir yarımçevrə cızdı. - burdan bu tərəfə Ermənistan ərazisidir.
- Bilirəm! Əslində Ermənistan ərazisi də deyil, Qərbi Azərbaycan torpaqlarıdı. Bunu bilməyiniz yaxşı olardı!
- Bu hardan çıxdı? Qərbi Azərbaycan nə deməkdi? Bizim arxamızdakı ərazilər hal-hazırda Ermənistana aiddir.
- Təəssüf ki, indi elədi. Mən isə bir tarixçi kimi tarixi gerçəklikdən danışıram. Baxın, arxanızda dayanan o kənd, hə, hə, gördüyünüz o kənd Nüvədi kəndidir. Mənim doğulub boya-başa çatdığım kənddir. Buradan yaxşı görünmür, ancaq, təpənin üstünə çıxsaydıq daha yaxşı görərdik.
- Problem yaratmayın! İki gün əvvəl sizin prezidentlə bizim prezident, həm də erməni tərəfi ilə bir yerdə üçtərəfli saziş imzalayıblar. Hər kəs, olduğu yerdə də qalmalıdır.
- Doğrudur, prezidentlərimiz saziş imzalayıb atəşkəs elan etdilər. Mən sadəcə öz kəndimizi uzaqdan da olsa görmək istəyirdim. Eybi yox, vaxt gələr, biz o torpaqlara da qayıdaraq. Necə ki, 30 ildən sonra işğal olunmuş torpaqlarımızı, Qarabağımızı ermənilərdən azad edib bu yerlrə qayıtdıq, eləcə də bir gün o torpaqlara da qayıdarıq.
- Onu zaman göstərər - rus zabiti deməyə başqa söz tapmadı.
- Bəli, Aləhəzrət Zaman nə vaxtsa öz sözünü dəyər. Hər halda bu, daha bir otuz il çəkməz! - Mayor inamla cavab verdi və əsgərlərinə tərəf çönüb - Gedək! - deyə əlavə etdi.
Mayor, adınız nə oldu? - arxadan rus zabitinin səsi eşidildi.
Azərbaycanlı zabit bir anlıq ayaq saxladı, geri çevrilib cavab verdi:
- Mən, mayor Əkrəm Cəbrayılovam - deyə cavab verdi və sonra sanki, bilərəkdən qarşı tərəfə son kərə ağır bir zərbə vurmaq üçün sözünü bir də ucadan təkrar etdi: şəhadət barmağıyla rusların dayandığı və qoruduqları əraziləri göstərib uca səslə dedi:
- Mayor, bir də, unutmayın! Üstündə dayandığınız o torpaqlar Ermənistan yox, Qərbi Azərbaycan torpaqlarıdır. Və bir gün biz o torpaqlara qayıdacağıq!
Rus zabiti daha heç nə demədi, bəlkə də nə isə deməyə cürət etmədi, dönüb posta tərəf getdi.
Beləliklə, mayor Əkrəm Cəbrayılovun da iştirak etdiyi ikinci Qarabağ savaşında Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğal olunmuş Azərbaycan torpaqlarını azad edib Qərbi Azərbaycanın bir addımlığında yerləşdi. İnanırıq ki, bir gün gələcək, Qərbi azərbaycanlıların öz torpaqlarına qayıdış hüququ bərpa olunacaq, nəhayət onlar öz dədə baba yurdlarına qayıdacaqlar. Həm də bu qayıdış möhtəşəm bir qayıdış olacaq...
Anonimliyi qorumaq məqsədilə müəllifin adı qeyd edilmir.