“Bizim Ermənistana heç bir ərazi iddiamız yoxdur, lakin Ermənistan Konstitusiyasında - Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları var və bu, sülh sazişinin imzalanmamasına yeganə maneə ola bilər”.
Modern.az xəbər verir ki, bunu sentyabrın 22-də NATO Parlament Assambleyasının "Rouz-Roth" seminarında iştirak etmək üçün İrəvana gedən azərbaycanlı ekspert, Topçubaşov Mərkəzinin təsisçisi Murad Muradov erməni jurnalistlərlə söhbətində deyib.
"Bakı üçün Ermənistan Konstitusiyasındakı ərazi iddiasının çıxarılması vacibdir. Yalnız bu, sülh sazişinin imzalanmasına maneə olaraq potensial hüquqi əsaslar yaradır", - Muradov əlavə edib.
Jurnalistlər qeyd ediblər ki, Azərbaycan Konstitusiyasında da Ermənistana qarşı ərazi iddiaları nəzərdə tutan müddəalar var. Niyə burada qarşılıqlılıq prinsipi tətbiq edilmir? Üstəlik, onlar qeyd ediblər ki, qısa müddət ərzində Konstitusiyanın dəyişdirilməsi mümkün deyil; referendum lazımdır.
Azərbaycanlı nümayəndə belə cavab verib: "Azərbaycan Konstitusiyası heç bir ərazi iddiası irəli sürmür. Daha doğrusu, orada göstərilir ki, Azərbaycan Cənubi Qafqazın şərq regionunun bir hissəsidir, lakin Azərbaycanın Konstitusiyasına əsasən, heç bir ərazi iddiası və ambisiyası yoxdur".
Erməni jurnalistlər “Qərbi Azərbaycan” ifadəsinin nəyi nəzərdə tutduğunu və bunun ərazi iddiası təşkil edib-etmədiyini soruşduqda Muradov belə cavab verib:
“Qətiyyən yox. “Qərbi Azərbaycan” dedikdə, biz regional bütövlüyün qorunmasını nəzərdə tuturuq. Qərbi Azərbaycan İcması daha çox xalqın mənafeyinə xidmət edən və mədəni irslə maraqlanan QHT-dir, çünki insanlar uzun illərdir bu ərazilərdə yaşayıblar və öz doğmalarının məzarlarını ziyarət etmək istəyirlər. “Qərbi Azərbaycan” daha çox xalqın mənafeyinə və mədəni irsinə xidmət edən anlayışdır".
"Azərbaycan Ermənistanla barışmaq istəyirmi, sülh jesti olaraq "Artsaxın hərbi-siyasi rəhbərliyi"ni və Bakıda saxlanılan digər erməniləri qaytarmaq niyyətindədirmi" sualına cavab olaraq azərbaycanlı ekspert deyib ki, o, çox təfərrüat verə bilməz. Murad Muradov bildirib ki, istintaq hələ də davam edir, qanunu pozan təqsirləndirilən şəxslər var və bu səbəbdən onlar Bakıda saxlanılırlar.
İki ölkə xalqları arasındakı münasibətlərin normallaşmasından danışan ekspert deyib ki, müsbət hər şey vaxt tələb edir.
"Biz əminik ki, hər iki xalq münaqişəyə qarşıdır və münasibətlərin uzlaşdırılması, bir-biri ilə birgə yaşaması prosesinə başlamağa hazırdır"
M.Muradov bildirib ki, həm Azərbaycan, həm də Ermənistan bir-birinin ərazi bütövlüyünü tam tanıyır və dəyərləndirirlər. Ekspertin sözlərinə görə, hazırda bəzi ərazilərlə büğlı mübahisəli vəziyyət zamanla delimitasiya prosesi nəticəsində aradan qaldırılacaq:
"Delimitasiya mərhələlərlə aparılmalıdır. Zamanla müəyyən anklavlar və ya ərazilər dəyişdirilə bilər".