Ermənistanın Baş naziri Nikol Paşinyan erməniləri Azərbaycanda səsləndirilən “Zəngəzur dəhlizi” ifadəsinə görə narahat olmamağa çağırıb.
Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi məlumata görə, Nikol Paşinyan bəyan edib ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmalar ən qısa zamanda həyata keçirilməlidir:
"Məsələnin mahiyyəti belədir: biz sənədləri imzalamışıq, paraflamışıq. Bu sənədlərdə olmayan ifadələr işlədiləndə sual yaranır: onlar haradandır?".
“Zəngəzur dəhlizi” ifadəsinə toxunan Baş nazirin sözlərinə görə, Ermənistanda adları Ermənistan müəyyən edir, Azərbaycanda isə onları Azərbaycan müəyyənləşdirir:
“Biz bir-birimizin suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanımışıq”.
Paşinyan onu da əlavə edib ki, “Zəngəzur dəhlizi” ifadəsi Ermənistanda qıcıq yaradır, amma bundan narahat olmağa dəyməz:
"Biz başa düşməliyik: bu ifadənin məqsədi nədir - bu qıcıqlandırmaq? Əgər məlum olsa ki, Azərbaycan bu addan Horadiz-Zəngilan yolu ilə bağlı istifadə etmək istəyir, biz özümüzə sual verməliyik: bu, bizə aiddirmi? Bu, bizim narahatlığımızdır? Mən deyirəm: Ermənistan Respublikasının ərazisi ilə bağlı başqa təyinat ola bilməz. Və mənim iddiam qanunidir”.
Paşinyan deyib ki, Azərbaycanda “Zəngəzur dəhlizi” ifadəsindən istifadə etmək isstəyirlərsə, qoy etsinlər.
Onun sözlərinə görə, bunun Ermənistan ərazisi ilə heç bir əlaqəsi yoxdur:
"Onlar yol ad vermək istəyirlər - biz özümüzdən soruşmalıyıq: bunun bizim üçün əhəmiyyəti varmı? Bağışlayın, hətta onu "Albert Eynşteyn" adlandırmağa qərar verə bilərlər - qoy bunu belə adlandırsınlar. Bunun Ermənistanın suveren ərazisi ilə heç bir əlaqəsi yoxdur. Mənim imzalı sənədim var", - o əlavə edib.
Paşinyan aydınlaşdırıb ki, Azərbaycanda “Zəngəzur dəhlizi” dedikdə, Ermənistanla sərhəd keçid məntəqəsinə qədər uzana biləcək Horadiz-Zəngilan yolunu nəzərdə tuturlar.