"Mən gözləyirəm ki, nə vaxtsa Amerika nümayəndə heyətinin də Efrmənistana səfərləri olacaq".
Modern.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 5 noyabrda parlamentdə jurnalistlərlə söhbətində "Tramp marşrutu" proqramının bir hissəsi olaraq Amerika nümayəndə heyətinin səfərlərinin gözlənilib-gözlənilmədiyi ilə bağlı suala cavabında bildirib.
"Konkret, formal mənada ikitərəfli işçi qrupuna ehtiyac olub-olmadığını bilmirəm. Əgər varsa, yaradılacaq. Müzakirələr gedir. "Tramp marşrutu" proqramı çərçivəsində müxtəlif infrastruktur layihələri cəlb edilə bilər", - Mirzoyan "Zəngəzur dəhlizi" barədə deyib.
Bu çərçivənin artıq müəyyən edilib-edilmədiyi soruşulduqda, xarici işlər naziri belə cavab verib: "Aydındır ki, bu, dəmir yolu, qaz kəməri, neft kəməri və ya elektrik xətləri ola bilər. Bütün bunlar müzakirə edilə bilər".
Jurnalistlər qeyd ediblər ki, "Tramp marşrutu" proqramı konsorsiuma üçüncü tərəfin də qoşulmasını nəzərdə tutur. Üçüncü tərəf haqqında artıq bir şeyin məlum olub-olmadığı soruşulduqda, Mirzoyan belə cavab verib: "Bu kontekstdə 'üçüncü tərəf' dedikdə, biz bir ölkəni və ya hökuməti nəzərdə tutmuruq. Biz Ermənistan və ABŞ-ın layihəni tikmək hüququna malik bir şirkət yaradacağını nəzərdə tuturuq".