Bu yay keçirilmiş qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə Milli Məclisin deputatları, Elm və Təhsil Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin nümayəndələri, tanınmış elm, media və ictimaiyyət təmsilçiləri iştirak ediblər.
“Nar”ın Modern.az portalı birgə keçirdiyi bu tədbir artıq ənənə halını alıb. Hər il keçirilən tədbirdə ən yüksək bal toplayan abituriyentlər geniş ictimaiyyətə tanıdılır, uğurları təqdir olunur. Bu il də Bakıdan və Azərbaycanın müxtəlif bölgələrindən olan ən yüksək nəticə göstərən 10 gəncə “Nar” tərəfindən müasir smartfonlar, həmçinin mobil internet və zənglər üçün ödənişsiz balans təqdim olunub.
Tədbirdə çıxış edən Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov bildirib ki, özəl sektor təmsilçisi olaraq “Nar”-ın və media subyekti olan modern.az portalının təşəbbüsü təqdirəlayiqdir: “Bugünkü uğurlarımız kifayət qədərdir, amma Azərbaycanın sabahı üçün ən böyük sərvət onun təhsilli, dünyagörüşlü gəncləridir. Hər bir gəncimizə demək istərdim ki, nə qədər mümkündürsə, oxuyun, çalışın, sonda geriyə baxanda “kaş bunu da edərdim” deməyin. Əksinə, qürurla deyin: “Nə yaxşı ki, bunu da etdim”.
"Nar"ın baş icraçı direktoru Qunnar Panke yüksək nəticə göstərən tələbələri təbrik edərək, onların uğurlarının kollektiv zəhmətin nəticəsi olduğunu xüsusi qeyd edib: “Bu gün əldə etdiyiniz uğurlar təkcə sizin deyil, ailənizin, müəllimlərinizin və sizi dəstəkləyən hər kəsin birgə zəhmətinin bəhrəsidir. Bu, yalnız başlanğıcdır. Arzu edirəm ki, bu nailiyyətlər gələcək uğurlarınıza körpü olsun. Hər birinizə uğurlar!”
Modern.az-ın daxil olduğu Modern Media Qrupunun direktoru Elşad Eyvazlı bildirib ki, bu layihə gəncliyə yönəlik mesaj daşıyır: “Artıq uzun illərdir ki, bu layihə uğurla davam edir. Məqsədimiz təhsilə töhfə vermək və gənclərimizi bu istiqamətə yönəltməkdir. 700 bal toplamaq böyük uğurdur, amma bu uğur ali məktəbdə də, iş həyatında da davam etməlidir. Özünüzü daha da inkişaf etdirmək üçün daim çalışmalısınız”.
Millət vəkili Ceyhun Məmmədov qeyd edib ki, yüksək bal toplamaq təqdirəlayiq olsa da, bu, sadəcə başlanğıcdır: “Əsas məsələ budur ki, bu uğurla kifayətlənməyəsiniz. Gənclər daim öz üzərində çalışmalı, süni intellekt, dil bilikləri, kompüter texnologiyaları sahəsində inkişaf etməlidirlər. Azərbaycan gənci bacarıqlıdır, potensiallıdır. Gələcəkdə dövlətə, cəmiyyətə faydalı mütəxəssislər kimi yetişəcəyinizə əminəm”.
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov da tədbirin təşkilatçılarına təşəkkür edərək bildirib ki, yeni tədris ili öncəsi bu cür tədbirin keçirilməsi ümumilikdə təhsilə verilən töhfədir: “Bu gün burada mükafatlandırılan tələbələrin timsalında minlərlə gəncimiz həyatlarının yeni bir mərhələsinə qədəm qoyur. Onlar artıq daha müstəqildirlər, öz hədəflərinə doğru əzm və inamla irəliləyirlər. Yüksək nəticə göstərən tələbələrimizin uğurları həm ailələrinin, həm də Azərbaycan dövlətinin, xalqının uğurudur”.
Mətbuat Şurasının sədri Rəşad Məcid də gənclərin əzmini yüksək qiymətləndirib: “Bu gün burada toplaşan gənclərimiz Azərbaycanın təhsilinin fəxridirlər. Mən arzulayıram ki, əldə etdiyiniz bu zəfəri daim qoruyub saxlayasınız və gələcək uğurlarla davam etdirəsiniz”.
Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə çıxışında tələbələrin zəhmətinə, valideynlərin dəstəyinə diqqət çəkib: "Bu nailiyyətlər günlərlə, illərlə çəkilən zəhmətin nəticəsidir. Əminəm ki, bu gənclər ölkəmiz üçün dəyərli kadrlar olacaq, Azərbaycanın gələcəyinə öz töhfələrini verəcəklər. Çempionlarımız - yüksək nəticə əldə etmiş gənclərimiz, yalnız bu günü yox, sabahımızı da, gələcəyimizi də inşa edəcəklər".
Millət vəkili Mehriban Vəliyeva tədbirin Beynəlxalq Savadlılıq Gününə təsadüf etməsini vurğulayıb: “Savadlı cəmiyyət güclü dövlətin təməlidir. Gənclərimizin bu uğuru təkcə şəxsi nailiyyət deyil, həm də ölkənin gələcəyinə atılan addımdır. Amma unutmayın ki, bu, sadəcə başlanğıcdır. Sizin hələ qarşıda böyük yolunuz var. Zəhmət çəkin, istedadınızı düzgün qiymətləndirin və dövlətin sizin üçün yaratdığı imkanlardan tam şəkildə faydalanın!”
Millət vəkili Elçin Mirzəbəyli bildirib ki, təhsil sahəsində əldə edilən uğurları daha böyük nailiyyətlərə aparan yolun başlanğıcı kimi qiymətləndirmək lazımdır: "Elm və təhsilə yanaşma çox önəmlidir. Əgər elmə dəyər kimi yanaşılırsa, o zaman atom enerji mənbəyi kimi qəbul olunur. Yox, əgər elm dəyərsizləşdirilirsə, o zaman onun yaratdığı güc nüvə silahına çevrilə bilər. Mən arzulayıram ki, siz də təhsilə, elmə məhz enerji, inkişaf, tərəqqi mənbəyi kimi yanaşasınız".
Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə uğurların fərdiləşdirilməməsini, onların daha geniş miqyasda – milli dəyər kontekstində qiymətləndirilməsinin vacibliyini vurğulayıb: “Siz artıq həm də Azərbaycan gəncliyini təmsil edirsiniz. Unutmayın, hər bir uğur inamdan doğur. Özünüzə, gücünüzə, potensialınıza inanın və daim ölkəmizin mədəniyyəti, elmi və tərəqqisi naminə çalışın”.
Millət vəkili Aydın Hüseynov isə vurğulayıb ki, gənclərin bu uğuru bütövlükdə Azərbaycan xalqının uğurudur: “Bu nailiyyətlər təsadüfi deyil. Bugünkü gənclərimiz tarix yazır. Onlar sabahın qurucularıdır”.
Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdir müavini Ayla Məmmədova qeyd edib ki, təhsil yalnız fərdi deyil, eyni zamanda ictimai prosesdir: “Əldə olunan uğurlar yalnız fərdi zəhmətin yox, eyni zamanda geniş tərəfdaşlığın nəticəsidir. Biz maraqlı tərəflərin birgə səylərini təşviq etdikdə belə gözəl nəticələrə nail ola bilirik”.
Qəbul imtahanlarında 700 bal toplayan Sona Nurməmmədli öz təəssüratlarını bölüşərək bildirib ki, qazandığı bal uzunmüddətli əzmkarlığın və zəhmətin nəticəsidir: “Əldə etdiyim nəticənin arxasında plan, nizam-intizam və davamlı çalışma dayanır. Bu nəticəyə çatmaq üçün yalnız çox oxumaq kifayət etmir, eyni zamanda düzgün strategiya qurmaq və sistemli şəkildə hazırlaşmaq vacibdir. Bu gün burada olduğum üçün çox xoşbəxtəm və bu imkanı yaratdıqlarına görə təşkilatçılara – modern.az və “Nar”a təşəkkür edirəm”.
İmtahanlarda 700 bal toplayan Orxan Abdulsəmədli hazırlıq prosesi zamanı məqsədə fokuslanmağın və effektiv metodlarla işləməyin vacibliyinə diqqət çəkib: “Məqsədimə çatdığım üçün çox sevincliyəm. Bu gün burada uğurumuzu paylaşmaq imkanı qazanmaq bizim üçün böyük qürurdur. Bu şəraiti bizə yaratdıqları üçün təşkilatçılara təşəkkür edirəm”.