Modern.az

Lukaşenkonun övladları - Belarusun gələcəyi: Prezident hansı oğlunu VARİS EDİR?

Lukaşenkonun övladları - Belarusun gələcəyi: Prezident hansı oğlunu VARİS EDİR?

Reportaj

18 Sentyabr 2025, 13:36

Belarus Prezidenti Aleksandr Lukaşenkonun növbəti prezident seçkilərində namizəd olmayacağı barədə açıqlaması onun varis axtarmağa başlaması barədə müzakirələrə səbəb olub. O bildirb ki, ölkə ətrafında vəziyyət gərgin olaraq qalır və belə şəraitdə Belarusa “barıt qoxusu duymuş möhkəm kişi” rəhbərlik etməlidir.

Bir çox ekspert Lukaşenkonun növbəti prezident seçkilərində hakimiyyəti övladına ötürəcəyini düşünür. Ancaq Lukaşenko bu barədə məlumatları təkzib edib. Bu yaxınlarda TIME jurnalına müsahibəsində bildirib ki, hakimiyyəti oğluna ötürməyi planlaşdırmır. “Xeyr, o, (oğlu Nikolayı nəzərdə tutur – red.) varis deyil. Nə soruşmaq istədiyinizi bildim. Yox, yox, yox”, - Aleksandr Lukaşenko jurnalistin varis barədə sualına belə cavab verib.

Modern.az saytı “Liderlərin övladları” rubrikasında müxtəlif ölkələrin dövlət başçılarının övladları, onların həyatı, ictimai fəaliyyəti, valideynlərinin yanında tutduqları mövqelər, dünya mediasında doğurduqları müzakirələr barədə məlumatlar təqdim edəcək.

Qeyd edək ki, hazırda 30 ildən çoxdur Belarusun Prezidenti olan Lukaşenkonun üç oğlu var: Viktor, Dmitri və Nikolay. Qərb mətbuatında Nikolayın adı varis kimi daha çox hallanır, Rusiya mediasında isə Viktorun daha çox bu vəzifəyə uyğun olduğu bildirilir.

Viktor Lukaşenko – dövlət başçısının “sərt oğlu”

Aleksandr Lukaşenkonun böyük oğlu Viktor (1975-ci il təvəllüdlü) onun rəsmi həyat yoldaşı Qalina Lukaşenkodan dünyaya gəlib. Belarus Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsini bitirən Viktor sonradan sərhəd qoşunlarında xidmət edib. 2005–2021-ci illərdə atasının milli təhlükəsizlik məsələləri üzrə müşaviri, həm də Təhlükəsizlik Şurasının üzvü olub.

2021-ci ilin fevralında Aleksandr Lukaşenko Belarus Milli Olimpiya Komitəsinin rəhbəri vəzifəsini oğluna həvalə edib. Beynəlxalq Olimpiya Komitəsinin Lukaşenkoları idman tədbirlərindən uzaqlaşdırmasından sonra bu addım həm daxildə, həm də xaricdə diqqət doğurdu.

Viktor illər boyu atasını müxtəlif beynəlxalq tədbirlərdə müşayiət edib, dövlət qurumlarında aparıcı vəzifələrdə çalışıb. Hazırda “general-mayor” ali rütbəsini daşıyan Viktor Lukaşenko dəfələrlə ABŞ, Aİ və digər ölkələrin sanksiyalarına məruz qalıb. O, əsasən Belarusdakı etiraz aksiyalarının yatırılmasında iştirak etməkdə ittiham olunur.

Viktorun həyat yoldaşı Liliya Somova sənət qalereyası rəhbəridir, özü də 2021-ci ildən Avropa İttifaqının sanksiyalar siyahısındadır. Cütlüyün dörd övladı var. Viktor Lukaşenko hazırda atasının ən güclü varis namizədi hesab olunur. Rusiya mediası deyir ki, onun dövlət aparatındakı təcrübəsi, təhlükəsizlik şəbəkəsinə yaxınlığı və rəsmi vəzifəsi buna imkan verir.

Dmitri Lukaşenko – Belarus liderinin “yumşaq güc” xəttinin nümayəndəsi

Dmitri (1980-ci il təvəllüdlü) də Qalina Lukaşenkodan doğulub. O da Belarus Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsini bitirib, sərhəd qoşunlarında xidmət keçib. Siyasi karyera yolunu seçməyən ortancıl oğul daha çox idman və mədəniyyət sahəsində tanınır.

O, Prezidentin İdman Klubunun rəhbəridir. Bu qurum Belarusda gənc istedadların dəstəklənməsi, beynəlxalq idman tədbirlərinin təşkili ilə məşğuldur. Dmitri dəfələrlə idman layihələri barədə ictimaiyyət qarşısında çıxış edib. 2023-cü ildə isə Efiopiyanın fəxri konsulu kimi təqdim olunması onun diplomatik əlaqələrdə də rol oynadığını göstərdi.

Dmitri də Aİ və ABŞ sanksiyalarının hədəfində olub. 2021-ci ildə ABŞ Maliyyə Nazirliyi onu “rejimin yaxın çevrəsi” siyahısına salıb. Buna baxmayaraq, Belarus daxilində əsasən idman, sosial layihələr və mədəni tədbirlərdə ön planda görünür.

Ailəsinə gəlincə, Dmitri evlidir, üç qızı var - Darya, Anastasiya və Aleksandra. Analitiklərin fikrincə, onun siyasi çəkisi qardaşı Viktor qədər güclü deyil. Daha çox “yumşaq güc” xəttini təmsil edir və ölkə rəhbərliyinə varis kimi nəzərdən keçirilmə ehtimalı aşağıdır.

Nikolay (Kolya) Lukaşenko - gənc sima və simvolik varis

Ən kiçik oğul Nikolay (2004-cü il təvəllüdlü) rəsmi nikahdan deyil, prezidentin şəxsi həkimi olmuş İrina Abelskayadan dünyaya gəlib, bu məlumatı Belarus mediası geniş yayır, amma rəsmi təsdiq olunmayıb.

Nikolay uşaqlıqdan atasının yanında görünür. O, 2009-cu ildə Vatikan səfərində Papa XVI Benediktlə görüşdə atasını müşayiət edib. 2012-ci ildə Venesuelada Uqo Çaveslə görüşdə iştirak edib, 2015-ci ildə isə atasının müşayiəti ilə BMT Baş Assambleyasında tribunada görünüb. Dünya mediası onu tez-tez “Lukaşenkonun mini versiyası” adlandırır.

Hazırda Nikolay Belarus Dövlət Universitetində biotexnologiya ixtisası üzrə təhsil alır. Təhsil proqramı çərçivəsində Çinlə əməkdaşlıq da mövcuddur. Bir çox dil bildiyi (rus, ingilis, çin, ispan) və musiqi ilə məşğul olması barədə məlumatlar var.

Aleksandr Lukaşenko dəfələrlə oğlunun “varis” olacağı barədə gəzən söz-söhbətləri rədd edib. 2025-ci ildə “O, varis deyil, belə deməklə onu incidirirsiniz” deyə açıqlama verib. Amma Nikolayın illərlə atasının yanında simvolik mövqedə olması bu spekulyasiyaları gücləndirib.

Nikolay hələ evli deyil, tələbə həyatı yaşayır. Gənc nəsli təmsil edən bir fiqur kimi Belarus mediasında zaman-zaman gündəmə gəlir, amma onun siyasi karyeraya atılıb-atılmayacağı hələlik qaranlıqdır.

1462449

1462450

1462451

 

1462455

1462456

1462453

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi