2017-dən prezident seçilən Emmanuel Makron Fransanın hazırkı lideri kimi həm ölkə daxilində, həm də beynəlxalq aləmdə nüfuzlu siyasətçilərdəndir. Analitiklərin fikrincə, Makronun xarakterində həm liderlik gücü və reformist yanaşma, eyni zamanda, xalqla əlaqədə çətinliklər və mərkəzləşdirilmiş idarəetmə elementləri var.
Fransa lideri mərkəzçi siyasət yürüdərək həm sol, həm sağ qanadın ideyalarını birləşdirməyə çalışır.
E.Makron nitq qabiliyyəti və ünsiyyət bacarığı ilə də seçilir, beynəlxalq arenada Fransa adından fəal çıxış edir.
O, Fransada iqtisadi və sosial sahələrdə bir sıra islahatlar həyata keçirməyə çalışıb (pensiya islahatı, əmək bazarının liberallaşdırılması və s.). Lakin bu islahatlar zamanı müəyyən sosial narazılıqlar yaşanıb, zorakılıqla müşayiət olunan kütləvi etiraz aksiyaları keçirilib.
Makron Avropa İttifaqının gücləndirilməsinin tərəfdarıdır və beynəlxalq əməkdaşlığa üstünlük verir. Bu da onu qlobal liderlər arasında mühüm fiqura çevirir.
Bununla yanaşı, o, bəzi çıxışları və qərarlarına görə əhali tərəfindən “xalqdan uzaq siyasətçi” kimi qəbul olunur.
Bəzi tənqidçilər onun qərarvermə prosesində çox mərkəzləşdirilmiş yanaşma göstərdiyini deyirlər. Onun “yuxarıdan-aşağıya” idarəetmə tərzi Fransa kimi demokratik ölkədə bəzən sərt tənqid olunur.
Makronun Fransadakı populyarlığı tez-tez enib-qalxır. Bu, onun xalq arasında stabil dəstəyə malik olmadığını göstərir.
Fransa prezidentinin həyatına yön verən, xarakterinin formalaşmasında mühüm rol oynayan əsas simalar arasında şübhəsiz ki, onun valideynləri də var. Bəs onlar kimdirlər?
Modern.az saytı "Liderlərin valideynləri" rubrikasında bu dəfə Emmanuel Makronun ata-anasından bəhs edir.
Emmanuel Makron 21 dekabr 1977-ci ildə Fransanın şimalındakı Amyen şəhərində həkim ailəsində anadan olub. Ondan əvvəl doğulan bacısının erkən ölümü valideynləri üçün çətin bir təcrübə olmuşdu.
Bu səbəbdən də Emmanuel doğulanda valideynləri onun üstündə necə deyərlər, əsirdilər
Makronun valideynləri tibb sahəsində tələbə ikən tanış olub, sonra evləniblər.
Prezidentin atası Jan-Mişel Makron 1950-ci ildə Fransanın Amyen şəhərində dünyaya gəlib. Jan-Mişel tanınmış nevroloq həkimdir. Onun həkimlik fəaliyyəti yalnız diaqnoz və müalicə ilə məhdudlaşmayıb. Jan-Mişel pasiyentlərinə həm şəfa, həm də dinlənmək və anlamaq imkanı verib. Onun iş otağında kitablardan ibarət divarboyu rəflər olub – tibb, fəlsəfə, klassik ədəbiyyat...
Nevrologiya professoru olan Jan-Mişel Makron əyalətdə yerləşən Pikardiya Universitetində dərs də deyib.
Emmanuel Makronun anası Fransuaz Noges də həkim, tibb elmləri doktorudur. O, vaxtilə sosial sahədə çalışan psixoterapevt idi.
Ancaq Emmanuelin özünün xatırladığı kimi, onu 5 yaşından böyüdən, kitablara, klassik musiqiyə və pianoya məhəbbət aşılayan ana nənəsi Mannette olub.
Prezident öz tərcümeyi-halında yazıb: "Mən nənəmlə onun ölümünə qədər çox yaxın idim. O, kollec direktoru idi. Əgər mənim əqidəmin və siyasi baxışlarımın mənbəyi varsa, o da nənəmdir". Məhz nənəsi Emmanuelə ədəbiyyat və fəlsəfə bilikləri, solçu baxışlara qiymət verməyi aşılayıb. Qadın 2013-cü ildə vəfat edib.
Nənəsinin himayəsində olmasına baxmayaraq, gələcək prezidentin valideynləri də uşaqlarına xüsusi diqqət yetiriblər. Onların ailəsində üç uşaq vardı - iki oğlan, bir qız: Emmanuel (1977), Loran (1979), Estel (1982).
Valideynləri xatırlayırlar ki, Emmanuel həmişə problemsiz uşaq olub. Məktəbdə əla oxuyub, daim ata-anasını sevindirib.
Makron ailəsinin evi tipik burjua evi deyildi. Orada zənginlik mebellə ölçülmürdü. Ailənin evindəki ən dəyərli şeylər kitablar idi. Emmanuel bu evdə Volterlə, Russo ilə, Kamyu ilə tanış olmuşdu. Anası ona deyirdi: “Kitab oxumaq – özünü başqa bir insanın ruhuna qonaq aparmaqdır”. Bu ifadə Emmanuelin yaddaşında o qədər dərin iz buraxıb ki, prezident kimi bir neçə çıxışında onlardan istifadə edib.
Fransuaz və Jan-Mişel tez-tez evdə dostları ilə fəlsəfi söhbətlər aparar, oğulları Emmanuel isə bu müzakirələri ya qapı arxasından dinləyər, ya da bir guşədə kitab oxuyaraq, diqqətini yayındırmadan hər şeyi yaddaşına yazardı.
Emmanuel orta təhsilini əyalət xristian məktəbində alıb. Daha sonra 1999-cu ildə Paris Nanter Universitetinin Fəlsəfə fakültəsini bitirib, ardınca Fransanın siyasi elitasının məktəbi adlandırılan Siyasi Araşdırmalar İnstitutunda (2001-ci ildə məzun olub) və Strasburqdakı nüfuzlu Milli İdarəçilik Məktəbində (2004-cü ilə məzun olub) oxuyub.
Gələcək prezidentin rəsmi karyerası İqtisadiyyat Nazirliyində (2004-2008) maliyyə müfəttişi vəzifəsində başlayıb.
Emmanuel Makron siyasətə 2006-cı ildə Sosialist Partiyasına üzv olmaqla atılıb. 2011-ci ildə isə sosialistlərdən prezidentliyə namizəd Fransua Ollandın seçki qərargahına qoşulub və proqramın iqtisadi hissəsinin hazırlanmasında iştirak edib.
Dostları gələcək prezidentin atası Jan-Mişel Makronu “susqun intellektual” adlandırırdılar. O, oğlunun siyasətlə maraqlanmasına əvvəlcə skeptik yanaşsa da, sonra anlayıb ki, Emmanuelin yolu fərqlidir.
“Onda qəribə bir cazibə və inad vardı. Elə bil fikirlərini beyninin dərinliyindən yox, ruhunun içindən çıxarırdı”, - Jan-Mişel müsahibələrinin birində oğlu haqqında danışarkən deyib.
Emmanuel Makronun valideynləri oğullarının öz müəlliməsi Bricit Tronye ilə olan münasibətini öyrənəndə, bunu çox sərt qaşılayıblar. Onlar bu sevginin həm yaş fərqi, həm də ictimai normalar baxımından qeyri-adi olduğunu düşünürdülər. Hətta Emmanuelin Parisə oxumağa göndərilməsinin arxasında bu münasibəti uzaqlaşdırmaq arzusu dururdu. Lakin zaman keçdikcə, Fransuaz və Jan-Mişel başa düşdülər ki, oğullarının seçimi qarşısında dura bilməyəcəklər. Nəticədə onlar bu evliliyi qəbul etməli oldular - çünki yaxşı bilirdilər ki, Emmanuel öz qərarlarında qətiyyətlidir.
Jan-Mişel və Fransuaz heç vaxt oğullarının karyerasına açıq şəkildə müdaxilə etməyiblər.
Qeyd edək ki, Emmanuel Makronun valideynləri 1980-ci ildə boşanıblar, lakin hər ikisi oğulları ilə münasibətlərini qoruyub saxlayıblar. Onların hər biri daha sonra yenidən ailə həyatı qurub. Emmanuel Makronun həm ata, həm də ana tərəfdən ögey qardaş-bacıları da var.
Neyrologiya üzrə professor Jan-Mişel Makron hazırda aktiv tibbi fəaliyyətdə deyil, təqaüddədir. Oğlunun siyasi karyerasına qarışmasa da, nadir hallarda mediada çıxış edir. 74 yaşlı keçmiş nevroloq hələ də əyalət şəhərində - Amyendəki köhnə ailə evində yaşayır.
Prezidentin anası da həyatdadır, təqaüdə çıxan Fransuaz Noges son illərdə daha çox ailəsinə və şəxsi həyatına diqqət ayırır.
Mətbuata sonuncu açıqlamasında ata Makron Fransadakı hazırkı siyasi vəziyyətlə bağlı fikirlərini bildirib, oğlunun bütün hərəkətlərindən 80 faiz razı olduğunu deyib: “Emmanuelin heç bir böyük səhvə yol verdiyini düşünmürəm”.
Eyni zamanda, o, Fransa prezidenti olan oğlu ilə çox nadir hallarda ünsiyyət qurduğunu da etiraf edib. “Keçən bazar günü mənim ad günüm idi və o, məni heç təbrik də etmədi”.
Prezidentin anası Fransuaz Noges “Le Point” qəzetinə müsahibəsində deyib ki, oğlu 16 yaşındaykən müəlliməsinə aşiq olması ilə onu şoka salmışdı:
“O zaman oğlum müəlliməsi Bricit Tronyenin evinə tez-tez qonaq gedirdi. Onda biz elə dünürdük ki, Emmanuel Bricitin qızı Lorenslə görüşür, çünki onlar həmyaşıd idirlər. Lakin biz yanıldıq”.
Valideynləri oğullarının Bricitə ciddi şəkildə aşiq olduğunu başa düşdükdə qadınla görüşməyə qərar veriblər. Onlar Biricit Tronyedən Emmanueli rahat buraxmasını istəyib, ona bu münasibətlərin qeyri-mümkün olduğunu izah ediblər.
"Ancaq o, bizə heç nə vəd edə bilməyəcəyini söylədi",- deyə Emmanuel Makronun anası xatırlayır.
“Yekunda ondan xahiş etdiyimiz yeganə şey oğluma təhsil almaq imkanı vermək və karyerasına mane olmamaq idi”.
Bricit bu xahişlə razılaşıb və gənc sevgilisinə universitetə hazırlaşmağa icazə verib. 17 yaşlı Emmanuel isə orta məktəbi bitirib doğma Amyen şəhərini tərk edəndə müəlliminə söz verib ki, 30 yaşı tamam olanda qayıdıb onunla evlənəcək.
Emmanueli Bricitin yaşı, ərli və üç övladının olması narahat etmirdi. O, sözünün üstündə durdu - cütlük 2007-ci ildə evləndi. Onda Bricit artıq bir il idi ki, əvvəlki ərindən boşanmışdı. Evlilik Emmanuelin 30, Bricitin isə 54 yaşı olanda baş tutdu.
Prezidentin anası deyir ki, ötən illər ərzində oğlu ilə gəlininin münasibətlərini qəbul etməli olub: “İndi mən hesab edirəm ki, Bricit gəlinim deyil, daha çox dostumdur. Eyni maraqlarımız, eyni prioritetlərimiz var və hər şeyi paylaşırıq".
Madam Fransuaz deyir ki, hər bir ana kimi onun üçün də övladlarının xoşbəxt olması vacibdir:
"Bir müddət oğlumun heç vaxt öz övladları olmayacaq deyə narahat oldum. Dörd övladı olan qardaşı Lorenə baxıram və Emmanuelin atalıq sevincindən məhrum olmasına inana bilmirəm".
Bricit Makronun birinci ərindən üç övladı var: oğlu Sebastyan (1975-ci il təvəllüdlü, hazırda mühəndis), qızları Lorens (1977-ci il təvəllüdlü, kardioloq) və Tiffani (1984-cü il təvəllüdlü, hüquqşünas). 72 yaşlı Bricit artıq yeddinci dəfə nənə olub.
Xarici mətbuat yazır ki, artıq Bricit 48 yaşlı Emmanueldən uşaq doğmağı planlaşdırmır. Bunun zatən mümkün olmadığı da bildirilir. Ümumiyyətlə, xarici media Fransanın hazırkı birinci ledisinə birmənalı yanaşmır. Zaman-zaman onun haqqında xoşagəlməz yazılar dərc olunur – bəzi iddialara görə, Bricit Makron cinsini dəyişmiş transgenderdir. Fransa prezidenti və xanımı isə dəfələrlə bu iddiaları təkzib etməli olublar. İş hətta məhkəməyə də gedib çatıb.
Emmanuel Makron lider kimi bəzən tənqidlərə məruz qalsa da, onun müasir Fransanın mürəkkəb siyasi mənzərəsində tutduğu yer inkarolunmazdır. Makron siyasətçi kimi XXI əsrin Avropasında diqqət çəkən simalardan biri olaraq qalır. Onun siyasi səhnəyə gətirdiyi dəyişiklik çağırışları Fransada yeni bir dövrün başlanğıcı oldu. Zaman göstərəcək ki, bu çağırışlar necə xatırlanacaq...
Ə.Qafarlı
Həmçinin oxu:
Zelenskinin valideynləri: “Onun prezident olmağını istəmirdik”
Trampın valideynləri - ABŞ lideri: “Anam cənnətdədir, atam haqda isə buna əmin deyiləm"
Putinin valideynləri - “Atamı heç vaxt sərxoş görmədim, anam isə bircə dəfə də söyüş söymədi”
Meloninin valideynləri: “Hər şeyi anama borcluyam, atama isə nifrət etmək istərdim”
Paşinyanın valideynləri: 12 yaşından Nikolu ögey anası böyüdüb
Pezeşkianın valideynləri: 7 bacı-qardaşın 5-cisi: “Atam da türkdür, anam da!”
Ərdoğanın valideynləri: “Anamın duaları, atamın sərt intizamı ilə böyüdüm”