Modern.az

Azərbaycanın Baş prokurorları: Adlar, tarixlər...

Azərbaycanın Baş prokurorları: Adlar, tarixlər...

Reportaj

1 Oktyabr 2025, 12:02

Oktyabrın 1-i Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 107 illiyi və prokurorluq işçilərinin peşə bayramı günüdür.
Ölkəmizdə prokurorluq orqanlarının tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövründən - 1918-ci ildən başlayır.

Ümummilli lider Heydər Əliyev Azərbaycan Xalq Cumhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq hər il oktyabr ayının 1-ni Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə 17 iyul 1998-ci il tarixli sərəncam imzalayıb.

Modern.az-ın məlumatına görə, Azərbaycanın proqkurorluq orqanlarının tarixi üç dövrü əhatə edir.

Azərbaycan Xalq Cumhurriyyəti dövründə Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Aslan bəy Safikürdski, Teymur bəy Makinski ədliyyə nazirləri, eyni zamanda Baş prokuror olublar.

Azərbaycan keçmiş SSRİ-nin tərkibində olarkən isə prokurorluq sisteminə aşağıdakı hüquqşünaslar rəhbərlik edib:

Əliheydər Qarayev; Sergey İvanov; Bahadır Vəlibəyov; Böyükağa Talıblı; Hüsü Hacıyev; Ayna Sultanova; Yaqub Məmmədov; Ağahüseyn Əlihüseynov; Cəbrayıl Cəbrayılzadə; Xəlil Əfəndiyev; Əliabbas Əliyev; Hacı Rəhimov; Adil Babayev; Seyfulla Əkbərov; Qambay Məmmədov; Abbas Zamanov; İlyas İsmayılov.


1991-ci ildə Azərbaycan öz müstəqilliyini yenidən bərpa edərək yeni dövrə qədəm qoydu. Müstəqil Azərbaycan Respublikasında aşağıdakı hüquqşünaslar Baş prokuror işləyiblər.

İsmət Qayıbov; Murad Babayev; İxtiyar Şirinov; Əli Ömərov; Eldar Həsənov; Zakir Qaralov, Kamran Əliyev.
 

Müstəqil Azərbaycanda Baş prokuror vəzifəsi ilk dəfə 5 fevral 1991-ci ildə təsis edilib. Bu vəzifəni tutan ilk şəxs isə İsmət Qayıbov olub. O bu vəzifəni 20 noyabr 1991-ci ilədək yerinə yetirib. 


İ.Qayıbov 1971-ci ilin mart ayında Azərbaycan SSR-in prokurorluq orqanlarına işə qəbul olunduqdan sonra 26 Bakı komissarı rayonunun prokuror köməkçisi vəzifəsinə təyin edilib. 1975-ci ilin iyun ayından isə Bakı Şəhər Prokurorluğunda Cinayət işlərinin baxılmasına nəzarət şöbəsinin prokuroru vəzifəsinə təyin olunub. 1976-cı ilin fevral ayından Bakı Şəhər Prokurorluğunun Ümumi nəzarət şöbəsinin rəisi, 1978-ci ildən İsmayıllı rayonunun prokuroru, 1982-ci ildən Əli-Bayramlı şəhərinin prokuroru, 1987–1990-cı illərdə isə Sumqayıt şəhərinin prokuroru vəzifələrində çalışıb.
İsmət Qayıbov 5 fevral 1991-ci ildə Azərbaycanın ilk Baş prokuroru təyin edilib. O, ermənilərin 20 noyabr 1991-ci ildə Xocavənd rayonunun Qarakənd yaşayış məntəqqəsində həyata keçirdiyi terror aktı zamanı - vertolyotun vurulması nəticəsində şəhid olub. 

İsmət Qayıbovun ölümündən sonra Baş prokuror vəzifəsini 1992-ci il 14 oktyabrına qədər Murad Babayev yerinə yetirib. 
M.Babayev 1968–1973-cü illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. 1973-cü ildə Binəqədi rayonunda təcrübəçi müstəntiq, 1977–1980-ci illərdə Bakı şəhərində açılmamış ölüm hadisələri üzrə müstəntiq, 1982-ci ildə Mingəçevir şəhərində prokuror vəzifəsində çalışıb.


1987-ci ildə Azərbaycan SSR Baş prokurorunun müavini, 26 noyabr 1991-ci ildə Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin edilib. 1992-ci ilin sonunda vəzifədən istefa verib. 1993-cü ilin fevralında Bakı şəhər Nəqliyyat prokuroru təyin edilib. 7 il bu vəzifədə işləyəndən sonra təqaüdə çıxıb. 
M.Babayev 2013-cü ildə vəfat edib.
 

Daha sonra Baş prokuror vəzifəsini 14 oktyabr 1992 - 30 iyun 1993-cü il tarixlərində İxtiyar Şirinov icra edib. 


İxtiyar Şirinov 1972-1977-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində ali təhsil alıb. AXC hakimiyyəti dövründə əvvəlcə dövlət müşaviri, daha sonra isə Baş prokuror vəzifəsində çalışıb. 1993-cü ilin iyun hadisələrində Gəncədə qiyamçı Surət Huseynovun komandası tərəfindən həbs olunub. 11 ay sonra məhkəmə cinayət işini xətm edib və azadlığa buraxılıb. O, 2022-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edib. 
 

İxtiyar Şirinovdan sonra Baş prokuror postuna Əli Ömərov gətirilirb. O 1993-cü ildən 8 oktyabr 1994-cü ilədək Baş prokuror işləyib.


Əli Ömərov 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən 91 nəfər ziyalının sıralarında olub. O, 1990-cı ildə Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilib, 1993-cü ildə Milli Məclisin üzvlüyünə qəbul olunub. Xocalı faciəsinə dair yaradılmış komissiyanın məsul katibi olub və faciənin törədilməsi, əmələ gəlməsi və nəticələri barədə əsas məruzəçi kimi çıxış edib. Əli Ömərov 3 iyul 1993-cü ildə Azərbaycan Respublikasının Baş Prokuroru vəzifəsinə təyin olunub. 8 oktyabr 1994-cü ildə öz ərizəsi ilə vəzifəsindən vaxtından əvvəl azad olunub.
Əli Ömərov Baş prokuror olduğu dövrdə fəaliyyətdə olan daxili işlər və müdafiə nazirlərinə qarşı cinayət işləri başladıb və onların vəzifələrindən uzaqlaşdırılmasına nail olub.


Əli Ömərovun istefasından sonra Baş prokurorluq vəzifəsi 5 ay boş qalıb, daha sonra 22 mart 1995-ci ildə bu vəzifəyə Eldar Həsənov gətirilib. O həmin vəzifədə 5 il – 21 aprel 2000-ci ilədək çalışıb. 


E.Həsənov 1983-cü ildə SSRİ DİN Akademiyasını hüquqşünas ixtisası üzrə bitirdikdən sonra uzun müddət Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarında müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini və rəisi, Bakı şəhəri Nizami rayonunun və Gəncə şəhərinin daxili işlər şöbəsinin rəisi, daxili işlər nazirinin müavini, baş prokurorun müavini vəzifələrində çalışır.
Eldar Həsənov 21 aprel 2000-ci ildə səlahiyyət müddətinin bitməsi ilə əlaqədar Prezident Heydər Əliyev tərəfindən Baş prokuror vəzifəsindən azad olunub. O, hazırda digər vəzifədə yol verdiyi qanunsuzluqlara görə cəzaçəkmə müəssisəsində həbs cəzası çəkir.


Müstəqillik tarixində ən uzun müddət Baş prokuror kimi fəaliyyət göstərən Zakir Qaralov olub. O bu vəzifəni 20 il müddətində icra edib. Z. Qaralov 20 aprel 2000-ci ildən 1 may 2020-ci ilədək Baş prokuror işləyib. 

O, 1979-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirdikdən sonra prokurorluq orqanlarına işə qəbul edilib. 1981-ci ilədək Bakı şəhərı Səbail rayon prokurorunun köməkçisi, 1981–2000-ci illərdə Baş Prokurorluğun Ümumi nəzarət şöbəsinin prokuroru, böyük prokuroru, Bakı şəhəri Nəsimi rayon prokurorunun müavini, Nəsimi rayon prokuroru, Baş Prokurorluğun Milli təhlükəsizlik orqanlarında istintaqa nəzarət şöbəsinin, Ümumi nəzarət idarəsinin prokuroru və böyük prokuroru, Bakı şəhəri Sabunçu rayon prokuroru, Gəncə şəhər prokuroru vəzifələrində işləyib. 

Daha sonra Baş prokuror postuna Kamran Əliyev gətirlib. O, ölkə Prezidentinin 1 may 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Baş prokuroru təyin edilib. Kamran Əliyevə Prezidentin 23 noyabr 2021-ci il tarixli sərəncamı ilə I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.
Ölkə başçısnın 1 may 2025-ci il tarixli sərəncamı ilə K.Əliyev ikinci müddətə Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin edilib. 


Kamran Əliyev 1965-ci ilin noyabr ayının 18-də Balakən rayonunda anadan olub.
1987-ci ildə Rusiya Federasiyasının İrkutsk Dövlət Universitetinin hüquq fakültəsini bitirdikdən sonra Rusiya Federasiyasının Zabaykalye Nəqliyyat Prokurorluğunun Çita Nəqliyyat prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajoru təyin edilib. Daha sonra K.Əliyev həmin prokurorluqda və Zabaykalye Nəqliyyat Prokurorluğunda böyük müstəntiq vəzifəsində işləyib. 1990-1993-cü illərdə keçmiş SSRİ Baş Prokurorluğunun Elmi-Tədqiqat İnstitutunda əyani şöbə üzrə aspirantura təhsili alıb, paralel olaraq həmin müəssisədə elmi işçi vəzifəsində işləyib.

1993-cü ildə həmin İnstitutda disertasiya işini müdafiə edərək hüquq elmləri namizədi elmi dərəcəsini alıb. Daha sonra K.Əliyev köçürülmə qaydasında Azərbaycan Respublikası Prokurorluğu orqanlarına işə qəbul olunmaqla Kadrlar idarəsinin prokuroru, Elm-Tədris Mərkəzinin rəisi, Baş Prokurorluğun İstintaq və ağır cinayətlərə dair işlər üzrə istintaq idarələrində müstəntiq və böyük müstəntiq, Baş prokurorun köməkçisi və böyük köməkçisi, Baş Prokurorluğun Dövlət İttihamının müdafiəsi idarəsinin rəisi vəzifələrində işləyib.

06.08.2007-ci il tarixdən isə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Azərbaycan Prezidentinin 05.08.2014-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi təyin edilib. 

A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibə anonsu - İran bu tarixdə vurulacaq!